Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Prezidenti Rusiya liderinə Donbasda görüş təklif edib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinə Donbasın istənilən nöqtəsində görüşməyi təklif edib. Bu barədə Ukraynanın dövlət başçısı videomüraciətində deyib. Məlumatı “İzvestiya.ru” verib. 

Onun sözlərinə görə, bu yaxınlarda “Normand dördlüyü”nün (Rusiya, Almaniya, Ukrayna və Fransa) iclasında Donbasda atəşkəs rejiminin tamamilə bərpası müzakirə olunub, “vəziyyəti başa düşmək, maksimum dəqiqliklə görmək üçün” təmas xəttində görüşmək təklifi səslənib. Zelenski Putinə müraciətində deyib: “Mən nəyi başa düşməliyəm? Axı, hər ay orada oluram. Cənab Putin! Mən daha uzağa gedə və Ukrayna Donbasının istənilən nöqtəsində görüşməyi təklif edə bilərəm”.

Ukrayna lideri qeyd edib ki, Kiyev və Moskvanın keçmişə və gələcəyə fərqli baxışları, əslində, problem deyil, imkan kimi qəbul olunmalıdır. Ona görə də bu imkandan istifadə edərək, “gələcək hərbi itkilərin dəhşətli sayını dayandırmaq” lazımdır. Rusiyalı senator, Federasiya Şurası beynəlxalq əlaqələr komitəsinin üzvü Sergey Sekov isə Zelenskinin Donbasda görüşlə bağlı təklifini “aktyor manerası” adlandırıb. Onun fikrincə, Zelenskinin fikrizikri Donbasdakı münaqişə ilə bağlıdır və insanların kim tərəfindən öldürüldüyü barədə ya doğrudan da təsəvvürü yoxdur, ya da yalan danışır. Rusiyalı senator hesab edir ki, Ukrayna Prezidenti Donbasda müharibəni dayandırmağı bacarmayıb, yaxud bunu istəməyib. Rusiya və Ukrayna liderlərinin görüşü barədəki təklif isə məsuliyyəti Rusiya Prezidentinin üzərinə qoymaq cəhdidir.

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın Xarici İşlər naziri Hayko Maas Avropa İttifaqı ölkələri XİN başçılarının videokonfransının yekunları haqqında danışarkən bildirmişdi ki, “Normand formatı” Ukraynanın şərqində münaqişəni dayandırmaq üçün əsas meydan olaraq qalır. O, eyni zamanda, Rusiya və Ukraynanı əməkdaşlığa dəvət etmişdi.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

22 Aprel 2021 04:52 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə