Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilər Qafqaz sivilizasiyasının düşmənləridir

Zaman-zaman Anadoluya və Güney Azərbaycana yayılıb oturaqlaşan erməni-hay toplumu tədricən Qafqaza da köç edib (həm də köçürülüb) möhkəmləndikdən sonra burada Qərbi Azərbaycanın Üçmüəzzin (ermənilər Eşmiadzin şəklinə salıblar) məntəqəsini mürtəce hay-qriqorian kilsəsinin mərkəzi qərargahlarından birinə çevirmişdir. Bundan sonra Qafqazda dövlətçilik yaratmaq iddiasına düşən bu xəyanətkar toplum Qərbi, eyni zamanda, Şərqi Avropdakı “xaç qardaşlarına” üz tutaraq onların fəal himayəsi ilə Osmanlı dövlətinə, Rusiyanın işğalı altına düşmüş Quzey Azərbaycan və Gürcüstan ərazilərinə qarşı iddialarını dini çağırışlar altında gerçəkləşdirməyə başlamışdır.

 

Rusiya imperiyasının dağılmasından sonra yaranan tarixi şəraitdə Üçmüəzzin erməni kilsəsinin çoxəsrlik mənəvi-birləşdirici missiyası altında qədim Azərbaycan torpağı olan İrəvan xanlığı və Qarabağ xanlığının bir hissəsində Ermənistan dövləti quran davakar daşnak-bolşevik siyasi qüvvələri bununla kifayətlənməmişlər. Onlar bunun ardınca sovet Rusiyasının xeyir-duası ilə Qarbağ xanlığının dağlıq əraziləri olan Zəngəzur qəzasını da Azərbaycandan qoparmağa, Yuxarı Qarabağda isə Azərbaycanın tərkibində erməni muxtariyyəti yaratmağa nail olmuşlar.
Beləliklə, erməni millətçiləri Üçmüəzzinin fitvası ilə bu əraziləri də daxil edərək formalaşdırdıqları xəyali “böyük Ermənistan” ideyasının bir hissəsini Qafqazda gerçəkləşdirdikdən sonra açıq-gizli şəkildə onun ikinci hissəsi uğrunda mübarizəyə rəvac vermişlər. Bu əsassız dini-siyasi hədəfə çatmaq üçün millətçi Ermənistan dövləti son bir əsrdən artıq müddətdə hərbi təcavüz, deportasiya və soyqırımı kimi antihumanist mübarizə üsullarını çəkinmədən işə salmış, sovet imperiyasının süquta uğradığı məqamda isə Azərbaycan ərazilərinin 20 faizini işğal etmişdi. 33 il davam etmiş bu təcavüz artıq Ermənistanın biabırçı məğlubiyyəti ilə başa çatmışdır.
Erməni millətçiləri ötən dövrdə qonşu Gürcüstana da ərazi iddialarını davamlı surətdə gerçəkləşdirməyə çalışmışlar. Ermənistanın, bütövlükdə, Qafqazda yerli sivilizasiya əleyhinə yönəlmiş bu amansız mübarizəsi mövzusunda ətraflı araşdırma aparmış Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu qəzetimizə açıqlamasında bildirdi:
–Təcavüzkar Ermənistan dövləti Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır məğlubiyyətini yaşasa da, revanş xülyasını da gizlədə bilmir, eyni zamanda, qonşu Gürcüstana qarşı ərazi iddialarından da geri çəkilmir. “Böyük Ermənistan” xəritəsinə daxil edilmiş ərazilərdən biri də qonşu Gürcüstan Respublikasının inzibati-ərazi vahidlərindən biri olan Cəvahirli bölgəsidir (ermənilər Cavaxk adlandırıblar). Xəyanətkar qonşular bu iddialarını onunla əsaslandırırlar ki, guya, bölgənin əhalisinin 90 faizindən çoxu haylardır. Bu coğrafi məkan həm ermənilərin ərazi iddiaları irəli sürdükləri Türkiyə Cumhuriyyəti ilə həmsərhəddir, həm də dünyaya qapı olan Qara dənizə qısa məsafədə çıxış üçün sərfəlidir.
Gürcüstan Respublikasının ayrı-ayrı bölgələrində (Kvemo-Kartli, Kaxetiya, Quriya, İmereti, Abxaziya) müxtəlif səbəblərdən ermənilərin sayının artırılması, onların məskunlaşma miqyasının düşünülmüş şəkildə genişləndirilməsi ötən əsrlərdə hay-qriqorian kilsəsinin mürtəce siyasətinin əsas tərkib hissəsi olmuşdur. Erməni kilsəsi iddia edir ki, “Cavaxk” toponimi e.ə. IX əsrdə, Van çarlığı dövründə gil kitabələrdə qeyd edilib, çar II Argiştinin (II əsrdə) Xarxar salnaməsində “Zabaxa” kimi xatırlanmış, “böyük Ermənistan”ın şimal-qərb qurtaracağında yerləşən ərazi olmuşdur.
Hay kilsəsinin sərsəmləmə-lərində daha sonra bildirilir ki, Gürcüstan Respublikası ərazisindəki 600 “erməni” kilsəsi və məbədi geri qaytarılmalıdır. Ermənilərin bu iddiası 1995-ci ildə İrəvan şəhərində çap edilmiş “Gürcüstanda erməni kilsələri” kitabında əksini tapıb. Bu iddiaya əvvəllərdə də “erməni mənbələrində” – 1968-ci ildə Ermənistan SSR EA-nın “İctimai elmlər Xəbərləri” jurnalında professor Paruyr Muradyanın “Cvari məbədlərində erməni yazısı” məqaləsində də yer ayrılmışdır.
Tarixi-coğrafi ərazilərdəki maddi-mədəni irsə qarşı özəl iddiaların dövlət siyasəti səviyyəsində irəli sürülməsinin, əslində, həmin torpaqların ələ keçirilməsi üçün atılan fəndlər olduğunu xatırladan Qismət Yunusoğlu bildirdi ki, bütün dövrlərdə hay-qriqorian kilsəsi bundan yararlanmışdır, indi də bu siyasəti davam etdirir:
– Öz növbəsində, belə saxta və həyasız hücumların qarşısını gürcü ziyalıları tutarlı cavabları ilə kəsirlər. Tarix elmləri doktoru Aleksandr Abdaladze (“Gürcüstan və Ermənistan”, “Gürcüstanın erməni problemi”, “Gürcü soyadlı çoxsaylı ermənilər Ermənistan cəsuslarıdır”), iqtisad elmləri doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, yazıçı-publisist və rəssam Vaja Kakabadze (“Məkr, yalan və əxlaq”) ermənilərin saxtakarlığına elmi dəlillərlə layiqli cavab vermişlər.
Yeri gəlmişkən deyim ki, ötən illərdə ermənişünas tarixçi-dilçi alim, Gürcüstan EA-nın müxbir üzvü, Tbilisi Ruhani Akademiyasının professoru Zaza Nikolayeviç Aleksidze isə “Qafqaz Albaniyasının yazılı mənbələri” əsərində Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisindəki XIII əsrə aid Gəncəsər məbədinin daş lövhəsini oxuyaraq, məbədin Alban mənşəli olduğunu sübut etmişdir. Professor Bondo Arveladze isə “Gürcüstanda gürcü, yoxsa erməni kilsəsi?” əsərində İrəvanda nəşr edilmiş “Gürcüstanda erməni kilsələri” kitabına elmi-tarixi dəllillərlə kəskin cavab verilmişdir. Göründüyü kimi, gürcü alimləri hay-qriqorian kilsəsi tərəfindən gözlənilən təhlükəyə qarşı elmi-tarixi faktlarla ardıcıl müqavimət göstərirlər.
V.Kakabadze yazır ki, “Hayastan” adlandırılan yerə çar Rusiyası dağıldıqdan sonra köçürülən “erməni”lərin Cənubi Qafqazın kökənli gürcü və azərbaycanlı xalqları ilə heç bir tarixi-mədəni bağlılığı olmamışdır. Ermənilər Hind-Avropa dil ailəsinin qərb qoluna aid olan etnik toplum olmaqla e.ə. I minillikdə Balkan yarımadasından Şərqi Anadoluya köçürülmüşlər. Sonrakı əsrlərdə türkdilli xalqlarla qaynayıb-qarışaraq Qafqaz regionu üzrə intensiv miqrasiya prosesinə qoşulmuşlar. Onların Gürcüstan ərazisində məskunlaşmaları isə çar IV David Qurucunun hakimiyyəti illərinə (1089–1125) təsadüf edir.
Tarixən gürcülərin və Qafqaz albanlarının yaşadıqları və idarəetmədə hakim olduğu dövrlərdə olduğu kimi, XIV əsrdə də hayların Gürcüstana axını çoxalmışdır. XIX əsrdən etibarən çar Rusiyasının himayəsi altında pravoslav təriqətli gürcü əhalisinin zorla qriqorianlaşdırılması hay kilsəsinin siyasəti olmuş, buna müqavimət göstərənlər isə tarixi məskənlərindən müxtəlif yollarla köçürülmüşlər.
Bütün bunlardan şirniklənən erməni ideoloqlarından S.Karapetyan 1990-cı illərin əvvəllərində “Gürcüstanın dövlət siyasəti və Ermənistanın mədəni abidələri” kitabında yazmışdır ki, “gürcülər və azərbaycanlılar sivilizasiya düşmənləridir.” Bu həyasıza tarixçi Bondo Arveladze “Gürcüstanda və Ermənistanda gürcü abidələri” əsərində (2016) aşağıdakı kimi kəskin cavab vermişdir:
– 1801-ci ilədək Gürcüstan ərazisində erməni kilsələrinin tikintisi qadağan edilmişdir;
– əgər Gürcüstan ərazisində 600 “erməni” kilsəsi və məbədi varsa, onda bu ölkə artıq “Ermənistan”dır;
– ağıllı insanın Haqqa söykənməsi bütün dövrlərdə ən güclü silahdır;
– gürcülər və azərbaycanlılar cəngəllik qanunları ilə yaşamırlar, amma qədim və yeni tarixdə bir çox səhvlər buraxmışlar ki, bunlar hər iki xalqı birləşdirir;
– nəhayət, sivilizasiya düşmənləri cəngəllik qanunları ilə yaşayan ermənilərin özləridir.
Müsahibimiz Qismət Yunusoğlu sonda bir məqama da toxundu:
– Bu il aprelin 16-da Moskva şəhərində RF-nın Xarici İşlər naziri Sergey Lavrov serbiyalı həmkarı Nikola Selakoviçlə görüşdən sonra keçirilən mətbuat konfransında son vaxtlar beynalxalq dövriyyəyə buraxılan “Böyük Albaniya” səslənməsindən dərin narahatçılıq keçirdiyini, bu terminin qəti qəbuledilməzliyini bəyan edib. O həyəcanla bildirib ki, bu cür ifadələr təxribat səciyyəlidir, Avropa dövlətlərinin sərhədlərinin dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına təsir edən siyasi-hərbi cəhdlər yolverilməzdir. Bu istək gələcəkdə Albaniya dövlətinin Yunanıstana, Makedoniyaya, Çernoqoriyaya qarşı ərazi iddialarının yaranmasına səbəb ola bilər.
Bildirilib ki, bu cür yanaşmalar BMT TŞ-nın 10 iyun 1999-cu il tarixli 1244 saylı qətnaməsinin Yuqoslaviya Respublikası İttifaqının ərazi bütövlüyünü və suverenliyini ehtiva edən siyasi məzmunlu ruhuna da uyğun deyil. S.Lavrov sonda qeyd edib: “Bu narahatçılığı RF-nın Prezidenti V.Putin də keçirir”.
Görəsən, Qafqazda yerli sivilizasiyalara qənim kəsilmiş “Böyük Ermənistan” xülyası niyə beynəlxalq dairələrdə belə narahatlığa səbəb olmur?!
 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

22 Aprel 2021 04:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə