Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hərbi Qənimətlər Parkı – milli qürurumuzun ünvanı

Bu yaxınlarda Bakının Dənizkənarı bulvarında Hərbi Qənimətlər Parkının açılış mərasimi keçirildi. Park İkinci Qarabağ müharibəsində ordumuzun gücünü, işğalçı Ermənistanın isə sarsıdıcı məğlubiyyətini özündə əks etdirir.

 

Ordumuz 44 günlük müharibədə parlaq qələbə qazandı. Azərbaycanın Vətən müharibəsində tətbiq etdiyi yeni müharibə nümunəsi dünyada böyük əks-səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. ABŞ, Almaniya, Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənməklə öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmaq istəyirlər.
Azərbaycan Prezidentinin polad iradəsi, ordumuzun yenilməz gücü və əlbəttə ki, xalqımızın sarsılmaz birliyi və qardaş Türkiyənin mənəvi dəstəyi düşmənin belini qırdı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.
Mən Birinci Qarabağ müharibəsinin qazisiyəm. O vaxt Şuşada polis rəisinin müavini işləyirdim. Amma doğma Qarabağ uğrunda döyüşlər başlayanda cəbhəyə yollandım. İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, rəhbər səriştəli, cəsarətli, məğrur və uzaqgörən olanda, xalqı öz ardınca aparmağı bacaranda qələbə qazanmaq olar. Biz qələbə çaldıq, düşmənin başını əzdik. Ordumuz əsl tarix yazdı. Cənab Prezident parkın açılış mərasimindəki çıxışında dedi ki, ikinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, boynunu bükmüş ölkədir və həmişə belə olacaq.
İşğaldan sonra mən doğma Ağdam şəhərində törədilmiş vəhşiliklərin şahidi oldum. Hər tərəf düşmən tərəfindən minalanmışdır. Qansız düşmən bu günə kimi minalanmış torpaqların xəritəsini də vermir. Onların törətdikləri vəhşilikləri görəndə insan dəhşətə gəlir. Bütün şəhər və kəndlərimizi dağıdıblar. Mədəniyyət abidələri, məscidlər dağıdılıb. Məscidlərdə donuz saxlamaqla, bütün İslam aləmini təhqir ediblər. Qəbirləri dağıdıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bunu görmək bu torpağın övladı kimi mənim üçün çox ağır idi.
Cənab Prezident bu günlərdə Azərbaycan Televiziyasına verdiyi müsahibədə demişdir: “Mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Bu, misli görünməmiş vəhşilikdir. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Bütün bunları biz yaxşı bilirik. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır – təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur”.
Biz qalib xalqıq. Hərbi Qənimətlər Parkı ilə tanış olduqca adam, həqiqətən, qürur hissi keçiirir. Bu park həm də bizim milli qürurumuzun mənəvi qida aldığı bir məkandır. Belə bir kompleksin yaradılması, sözsüz ki, gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq.
 

Sadir MƏMMƏDOV,

ehtiyatda olan polis polkovniki,
BSU-nun dosenti

22 Aprel 2021 04:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə