Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Virusa harada yaxalanırıq?

Mutasiyaya uğrayaraq dünyanı hələ də çəngində saxlayan yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artaraq 142 milyon 714 min nəfər olub. Həmçinin pandemiya qurbanlarının sayı da çoxalaraq 3 milyon 44 minə, xəstəlikdən sağalanların sayı isə 121 milyon 230 minə çatıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (32 475 043 nəfər), Hindistan (15 321 089 nəfər), Braziliya (13 977 713 nəfər), Fransa (5 296 222 nəfər) və Rusiyadır (4 710 690 nəfər). Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru T.A.Qebreyesus bu barədə deyib ki, dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır. Son iki ay ərzində yoluxanların sayında hər həftə təxminən ikiqat artım qeydə alınıb.

 

O vurğulayıb ki, əvvəllər COVID – 19 virusunun geniş yayılmasından yaxa qurtaran bəzi ölkələrdə hazırda yoluxmaların sayı kəskin artır. ÜST rəhbəri Papua – Yeni Qvineyadakı mürəkkəb vəziyyətə diqqət çəkərək deyib ki, 2021-ci ilə qədər bu ölkədə 900-dən az yoluxma və 9 ölüm halı qeydə alınıb. Hazırda isə 10 minə yaxın yoluxma və 90-dan çox ölüm halı hesablanıb.

ÜST-ün regional bürosunun direktoru Hans Klyuge Avropada COVID–19-la bağlı vəziyyətin çox ciddi olduğunu deyib. Bildirib ki, COVID–19 səbəbi ilə ÜST-ün Avropa regionunun vəfat edən sakinlərinin sayı bir milyon nəfəri ötüb. Koronavirusa hər dəqiqədə 160-dan çox insan yoluxur. Onun sözlərinə görə, yeni yoluxma hallarının sayı yalnız yaşlı əhali arasında, xüsusilə də 80 yaşdan yuxarı insanlar arasında azalır. Fevral ayından bu qrupda ölüm halları təxminən 30 faiz azalıb. ÜST bu tendensiyanı yaşlı nəslin peyvəndlənmə səviyyəsinin yüksək olması ilə izah edib. Lakin o da qeyd edilib ki, xəstələrin xəstəxanaya yerləşdirilməsi miqyası əhəmiyyətli dərəcədə artıb.

Hans Klyugenin sözlərinə görə, regionda ümumilikdə yeddi vaksin ilə 171 milyon peyvənd vurulub. O, fiziki məsafəni qorumağın mümkün olmadığı şəraitdə yaşayan yoxsul miqrantların vəziyyətindən danışıb. Yüz mindən çox qaçqın və miqrantların olduğu və onların ölkə vətəndaşları ilə yanaşı peyvənd strategiyasına daxil edildiyi Yunanıstanı misal çəkib. Gələn ay qaçqın düşərgələrində kütləvi peyvənd kampaniyası başlayacağını deyib və bildirib ki, yalnız seçilən insanlar peyvənd olunarsa, digərləri bu aksiyadan kənarda qalarsa, virusla mübarizədə göstərdiyimiz ümumi səylərimiz hədər olacaq.

Sabunçu rayonundakı 22 saylı şəhər poliklinikasının baş həkimi Aydın Əhmədov virusun yayılma səbəbi və yoluxma məkanlarından söz açıb:

– Yeni ştammlarla dünyanı sanki yenidən bürüyən və qarşısı alınmayan COVID – 19 virusundan nə qədər qorunsaq da, virus bir yol tapıb orqanizmə daxil olur. Türk mütəxəssisləri virusu daha çox simptomsuz xəstələrin və uşaqların yaydığını bildirirlər. Öskürək, qızdırma, təəssüf ki, bütün xəstələrdə olmur və inkubasiya dövründə özünü biruzə vermir. İnsanlar xəstə ilə rastlaşmadan da virusa yoluxa bilirlər. Çünki onları yoluxduran tamam sağlam görünən iş yoldaşı, rəfiqəsi, ailə üzvü, dostu, tanışı, qonşusu olur. Virusa yoluxan insan azı 5 – 7 gün bunu hiss etmir və adi həyat tərzinə davam edir. Bu adamın qapalı məkanda – ofis, ev, otaq, restoran, maşında maskasız olması və əlini sağlam adama toxundurması kifayətdir ki, virus zərrəciyini ötürsün. Məhz buna görə də mütəxəssislər maskasız gəzməməyi tövsiyə edirlər. İnsanlar virusa ən çox qapalı məkanlarda – qatar, avtobus, taksi, təyyarə, restoran, iş yerində yoluxurlar.

Yoluxmalar üzrə ikinci yerdə və ən təhlükəli məkan liftlər hesab olunur. Liftdə virus zərrəcikləri hər yerdədir. Orada 5 dəqiqədən artıq, xüsusilə maskasız qalmaq kifayətdir ki, virus buruna keçsin. Liftə hər an insanlar daxil olur və orda tənəffüs qapalı şəraitdə baş verir, insanlar əllərini qapıya, duymələrə vururlar. Ona görə də pandemiya vaxtı özünü düşünən insan liftdən uzaq olmalıdır.

Xarici ölkələrə səfərlərdən qayıdan insan 14 gün evdən çıxmamalı, işə getməməli, təcrid olunub bu müddəti gözləməlidir. Pandemiyanın əvvəlində sərhədi keçən hər kəs karantinə alınırdı, lakin indi bu qayda unudulub. Ciddi təhlükə də elə burdan başlayır. Test olunması belə riski azaltmır. Çünki virus özünü sonradan göstərir və ya testlər bəzən yanlış olaraq neqativ göstərə bilər. Bir yerə toxunduqdan sonrakı 10 dəqiqə ərzində əlləri yumamaq virusa yoluxma riskini artırır. Çünki virus zərrəciklərinin kimdə olduğunu və hansı səthdə nə qədər qaldığını bilmirik. Əlini ağız, burun, gözlərinə toxundurmağı vərdiş edənlər, xəstə insanla 15 dəqiqədən artıq, 1,5 metr ara məsafəsi olmadan bir yerdə qalmamalıdır. Müxtəlif xəstələrin üz tutduğu poliklinika, təcili yardım şöbələri, xəstəxanalara və müxtəlif tibbi prosedurlara getmək yoluxmanı artırır. Belə yerlərə ciddi səbəb olmayana qədər getməyin.

Hazırda Bakıda ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, bu rayonda koronavirusa yoluxma 14,8 faizdir. Ən az yoluxma isə (0,5 faiz) Pirallahıda müəyyən edilib. Bir daha vətəndaşlarımıza müraciət edirəm ki, karantində olan insanların evinə daxil olmayın. Onlara qapı arxasından ərzaq vermək olar. Sıxlıq olan marketlərdən, ticarət mərkəzlərindən, tədbirlərdən uzaq olun.

Çiy, yarı bişmiş, yaxud, küçədə bişmiş qidaları yemək risklidir. Başqasının mobil telefon, noutbukuna toxunmaq, istifadə etmək olmaz. Bunlar mütləq dezinfeksiya edilməlidir. İş yerində havalandırma aparılmalı, dezinfeksiyaya ciddi əməl olunmalı, heç olmazsa, pəncərə açıq saxlanmalıdır. Gün ərzində tibbi maska hər 2 saatdan bir yenilənməlidir. Maskanın xarici səthinə əl vurub sonra o əllə qida qəbul etmək olmaz. Yoluxmaların 20 faiz baş verdiyi nişan, ad günü, yas məclisi kimi yerlərə getməmək məsləhətdir. Virusu yayan bir səbəb də yoluxan insanın bunu gizlətməsidir. Çünki virus aşkarlanan hər bir insan bunu dərhal son 5 gün ərzində ünsiyyətdə olduğu adamlara deməlidir ki, onlar da müayinə olunaraq virusa yoluxub-yoluxmadıqlarını öyrənsinlər.

 

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

21 Aprel 2021 09:00 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə