Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Xocalı media aksiyasına start verildi

Bu günlərdə Azərbaycan Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə keçirilən xaricdə yaşayan və çalışan azərbaycanlı jurnalistlərın onlayın konfransında gələn il tamam olacaq Xocalı soyqırımının 30-cu ildönümü qarşısında təcavüzkar Ermənistanın Azərbaycanın bu qədim yaşayış məntəqəsində törətdiyi misilsiz soyqırımının bir daha dünyaya çatdırılması media aksiyasına start verildi. Videotoplantıda kampaniyanı yüksək səviyyədə təşkil etmək və keçirmək üçün jurnalist soydaşlarımızın belə görüşlərinin davamlı olması qərara alındı.

 

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı onlayn formatda aparılan müzakirədə qeyd edildi ki, XX əsrin ən dəhşətli faciəsinə ötən 3 onilliyin zirvəsindən baxışın aktuallığı ona qabaqcadan ciddi hazırlaşmağı və bu qanlı aktın dünyaya tanıdılması istiqamətində indiyədək görülmüş işlərin miqyasını daha da genişləndirməyi tələb edir. İlk videokonfransın da əsas məqsədi 2022-ci il fevralın 26-dək xarici ölkələrin ictimaiyyətinə Xocalı soyqırımı haqqında həqiqətləri olduğu kimi çatdırmaq işinə start vermək idi.

Onlayn görüşdə BDU jurnalistika fakültəsinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmlinin Xocalı həqiqətlərinin media məkanında tanıdılmasının aktual aspektləri mövzusunda məruzəsi dinlənildi. Həmkarımız mediaaksiyanın önəmi barədə qəzetimizə açıqlamasında qeyd etdi ki, Xocalı soyqırımının 30-cu ili yaxınlaşır və bu gündən onu gündəmdə saxlamaq, dünya ictimaiyyətinin diqqətini bu mövzuya cəlb etmək, faciənin təfərrrüatlarını xarici medianın həssas mövzularından birinə çevirmək üçün addımlar atılmalıdır:

– Bu baxımdan hesab edirəm ki, beynəlxalq aksiya çox aktualdır və müəyyən strateji məqsədlərə xidmət edir. Müzakirədə xaricdəki azərbaycanlı jurnalistlərin iştirakı çox önəmli idi. Onların bir çoxunu qiyabi tanısaq da, videokonfransda birbaşa əlaqədə olduq və maraqlı fikirlərini eşitdik. Bundan sonra keçiriləcək tədbirlər zamanı konkret təkliflər irəli sürüləcək, önəmli mülahizələr bəlli bir səviyyədə ümumiləşdirilib fəaliyyət üçün proqrama çevriləcək. İnformasiyatəbliğat aksiyasının özəlliyi ilə bağlı əsas tələb ondan ibarətdir ki, Xocalı soyqırımından danışarkən və bunu xarici ölkə ictimaiyyətinə təqdim edərkən həmin coğrafiyanın etnik xüsusiyyətləri nəzərə alınmalı, o xalqın tarixi ilə müəyyən mənada əlaqələndirilməlidir. Hər bir xalqın demokratiyaya, siyasi proseslərə yanaşma tərzi və s. kimi müəyyən ayrıntılar var ki, bunları unutmaq olmaz.

Əsas məsələ bu işə başlamaq idi. Uğur qazanmaq üçün aksiyanı ardıcıl və sistemli şəkildə davam etdirmək lazımdır. Toplantıda iştirak edən xaricdə yaşayan jurnalist soydaşlarımız maraqlı təkliflər irəli sürdülər. Onlar öz ölkəsinə və xalqına qeyrətlə və təmənnasız xidmət göstərməyə hazırdırlar. Bu, çox sevindiricidir. Mən hər bir həmkarımızı bu önəmli media aksiyasında bacardığı qədər fəal olmağa, doğru istiqamətdə və təsirli işlər görməyə çağırıram. Hazırladı:

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

21 Aprel 2021 08:51 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə