Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xain xoflu olar

“Ermənistan bütün tribunalarda diqqəti Azərbaycanda “müharibə qurbanlarına həsr olunmuş muzeyin açılmasına çəkməlidir” – deyən baş nazir Nikol Paşinyan üç yüz ildir qurulan “böyük Ermənistan” xülyaları ilə alışıb-yanan bir millətin güzgüdəki əksidir. Bakıda Hərbi Qənimətlər Parkının açılması isə bu güzgüdə özlərini görmələri üçün erməni xalqına imkan yaradıb. Doğrudur, ermənilər bu vaxta qədər Azərbaycanın onlara verdiyi fürsətləri düzgün dəyərləndirə bilməyiblər. Amma hər halda, Nikol Paşinyanın parlamentdəki çıxışı vəziyyətin Ermənistan üçün nə qədər acınacaqlı olduğunu məğlub xalqın gözləri önündə sərgiləyib. 

 

Müəllim qarşısında günahını boynuna almayan, öz əməllərini başqalarının üstünə atmağa çalışan ibtidai sinif şagirdlərini andıran Paşinyan lövhə önündə xatırlaya bildiyi hər kəsi günahlandırdı. Təkcə özündən başqa.

Paşinyan əvvəlcə keçmiş baş qərargah rəisi Onik Qasparyanı hədəf seçdi. Ortaya çıxdı ki, Qasparyanın, guya, müharibənin 4-cü günü hərbi əməliyyatlar dayandırılmalıdır - fikri, tamamilə cəfəngiyyat imiş. Hansı ki, Onik Qasparyan 17 noyabr 2020-ci il tarixində bəyan etmişdi ki, o, müharibənin başlamasından qısa müddət sonra Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Ermənistan ordusu ağır itkilər verir və müharibə dayandırılmalıdır. Özünü təmizə çıxarmaq istəyən Qasparyanın bu bəyanatı Ermənistan baş nazirinin “baş qərargah rəisi belə söz deməyib” ifadəsi ilə kəllə-kəlləyə gəldi. Məlum oldu ki, Onik Qasparyan, nəinki müharibənin dayandırılmasını istəməyib, hətta bildirib ki, Ermənistan ordusu verilən bütün tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəlir və gəlməyə davam edəcək.

Çıxışında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı, daha sonra yüksək rütbəli erməni zabitlərini məğlubiyyətdən məsul tutan Paşinyan qeyd etdi ki, Ermənistanın siyasi rəhbərliyi müharibə zamanı sülh üçün bir neçə addım atıbmış. Hətta bunun sayəsində onlar üç dəfə hərbi əməliyyatların dayandırılmasına nail olublar. Halbuki onlar vəziyyətin çıxılmaz olduğunu anlayıb digər dövlətlərdən imdad diləyir, hərbi əməliyyatlar dayanan kimi, yenidən müvəqqəti atəşkəs rejimini pozurdular. Bu uyğunsuzluqlar Ermənistan ordusunda və bütövlükdə, ölkədə yaranan xaosun miqyasının göstəricisidir. Ermənilər, həqiqətən də, başlarını itirmişdilər.

Ümumilikdə, parlamentdəki çıxışı zamanı məğlubiyyəti özündən əvvəlki sabiq hökumət başçılarının yanlış idarəetməsi ilə əlaqələndirən Paşinyan Serj Sarkisyan və Robert Koçaryanı da yaranmış vəziyyətdən təqsirli bildi.

Bircə o qaldı ki desin: hər şeyin baiskarı erməni xalqıdır. Əlbəttə, bu şəxslər də öz növbələrində baş verənlərin baiskarı kimi Paşinyanı göstəriblər. Erməni xalqı isə, heç özü də kimə inanmalı olduğunu bilmir. Daha sonra, Paşinyan Bakıda yaradılan Hərbi Qənimətlər Parkını “ermənilərə qarşı nifrət və ksenofobiya zirvəsi” adlandırıb.

Bu açıqlamadan belə nəticəyə gəlmək olur ki, əslində, Ermənistanın baş naziri ksenofobiyanın nə olduğunu dərk etmir.

Xocalı soyqırımını törədənlərin Azərbaycanı ksenofobiya ilə mühakimə etməsi gülüncdür. Nəinki xalqımıza qarşı, hətta yaşadığımız yerlərin daşına, torpağına düşmən kəsilən ermənilər, yəqin elə zənn edirlər ki, müharibə bitib və bununla da hər şey unudulub.

Lakin həqiqətlər onların çatdırmaq istədiklərindən tamamilə fərqlidir. Prezident İlham Əliyev müharibədən əvvəlki, eləcə də, daha sonrakı dövrlərdə Azərbaycanın qazandığı iqtisadi müstəqillikdən bəhs edərkən xüsusi vurğulayırdı ki, bizim məqsədimiz Ermənistanı iqtisadi cəhətdən tənəzzülə uğratmaqdır. Və hazırda Ermənistanda yaşananlar bizim buna nail olduğumuzu göstərir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Ermənistanı dalana çevirməli idik və buna nail olduq. Məsələni daha dərindən başa düşmək üçün əvvəlcə bu prosesin necə başladığını bilmək vacibdir.

Dövlət başçısı bu məqama toxunaraq qeyd etmişdir ki, müharibəni aparmaq üçün bizə iqtisadi müstəqillik lazım idi. Əks halda, torpaqlarımız əbədi olaraq erməni tapdağı altında qala bilərdi. Ona görə biz bu sahədə də hazırlaşdıq.

Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi. Buna görə bizə nə qədər təzyiqlər oldu. Bizə deyirdilər ki, yox, bu xətlər, dəmir yolları mütləq Ermənistanın ərazisindən keçməlidir. Hətta, Bakı–Tbilisi–Qars dəmir yolu inşa edilməməlidir. Hətta deyirdilər ki, bizə bunun üçün kredit verməyəcəklər.

Azərbaycan isə sübut etdi ki, bizə heç kimin krediti lazım deyil. Biz buna nail olduq və Bakı–Tbilisi–Qars çəkildi. Bununla da, Ermənistan dalana çevrildi. Bütün bunların nəticəsində Ermənistandan kütləvi köç başlandı və belə olan halda bazar daraldı. Bazarın daraldığı bir ölkəyə isə heç kim investisiya qoymaz.

Prezident İlham Əliyevin dediyi kimi, adam gərək dəli olsun ki, Ermənistana investisiya qoysun. Beləliklə, Ermənistanı iqtisadi cəhətdən çökdürmək əsas vəzifələrdən biri idi ki, hazırkı vəziyyət Azərbaycanın buna nail olduğunun sübutudur.

Əlbəttə, bütün bunlar təsadüfi reallaşan hadisələr deyil. Bu, müharibənin başqa bir üzüdür. Əminliklə söyləmək olar ki, Azərbaycanda müharibənin bütün istiqamətlərində olduğu kimi, iqtisadi savaş prosesi də uğurla idarə olunub. Elə Ermənistan baş nazirinin “pomidor yetişdirməklə güclü iqtisadiyyat qurmaq olmaz” sözü də bu uğurun təzahürüdür.

Bundan sonra olacaqlara gəldikdə isə buna Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı rumıniyalı doktor Yulian Çifunun səsləndirdiyi suala verdiyi cavabla aydınlıq gətirmək olar.

Sual belə idi ki, beş il sonra, xüsusən də, sülhməramlıların missiyasının bitməsi ilə Dağlıq Qarabağda vəziyyət necə olacaq?

Prezident İlham Əliyevin cavabı isə belə oldu: “Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nə olacaq sualına gəldikdə, bu gün Tovuz, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan və Ermənistan arasında dövlət sərhədi mövcuddur. Orada sülhməramlılar yoxdur və heç nə baş vermir. Sizə deyim ki, Azərbaycan Sərhəd Xidmətinin əsgərləri bu gün Ermənistan kəndlərinin 5 metrliyində, Qubadlının məşhur Şurnuxu kəndində dayanır. Ermənilər kəndin onlara məxsus olduğunu iddia edirdilər, lakin xəritəyə baxdıqda onun Azərbaycan ərazisində yerləşdiyi müəyyən olundu. Biz oraya Sərhəd Xidmətinin nümayəndələrini göndərdik və mən onlara göstəriş verdim ki, orada xətt boyu yerləşsinlər, xətti keçməsinlər və həmin kənddə yaşayan ermənilərlə işləri olmasın. Hətta həmin Şurnuxu kəndinin bir hissəsini tərk etməli olan ermənilərə biz vaxt verdik. Bu gün deyə bilərəm ki, Ermənistan ordusu məhv edilib. O, mövcud deyil. O cümlədən Ermənistanın sərhəd xidməti. Yəni, həmin bu kəndin tam nəzarətə götürülməsində bizə heç kəs mane ola bilməz. Biz bunu edirikmi? Xeyr. Belə bir planımız varmı? Xeyr. Bu, gələcəkdə nəyin baş verə biləcəyinə cavabdır. Bu məsələ bizim iradəmizi nümayiş etdirir.”

Ölkə başçısı, həmçinin əlavə etdi ki, eyni vəziyyət Ermənistanın Qafan şəhərini İrəvanla birləşdirən 21 kilometrlik yolda da mövcuddur. Yol Azərbaycan ərazisindən keçir. Orada sərhəd xidmətimiz yerləşdirilib. Hətta orada “Azərbaycana xoş gəlmisiniz” lövhəsi quraşdırılıb. Nədənsə, bu lövhə erməniləri qıcıqlandırdı. Əlbəttə, bu, normal haldır, ora bizim ərazimizdir.

Prezident İlham Əliyev qeyd etdi ki, ermənilər bu yoldan istifadə edirlər və burada onları sülhməramlılar qorumur. Lakin buna baxmayaraq, heç bir hadisə baş vermir.

Bütün bu faktlara rəğmən, hələ də Ermənistanın baş naziri çıxışlarında Azərbaycanı erməni əhaliyə, Ermənistana qarşı qətliam törətməkdə ittiham edir. Əslində, ermənilər Azərbaycan ərazilərində törətdikləri vəhşilikləri, cinayətləri düşünəndə Azərbaycan Ordusunun onlara belə, bu qədər ədalətli davranmasını anlamaqda çətinlik çəkirlər. Qorxurlar, çünki, daşına-kəsəyinə türk qanı axıtdıqları Azərbaycan torpaqlarında şanlı Azərbaycan əsgərinin onlara eyni tövrdə cavab verəcəyini zənn edirlər. Çünki onlar “buyur!” eşitdikləri torpaqlarda həmişə xainlik ediblər.

Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan xalqı cani deyil. Biz öz torpaqlarımızda savaşmışıq. Öz torpaqlarımızı düşməndən azad etmişik. Heç bir halda mülki əhaliyə qarşı cinayət və işgəncə aktları törədilməmişdir.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın heç bir dövlətin torpaqlarına ərazi iddiası yoxdur və biz mülki əhaliyə qarşı savaşmırıq.

İmran ƏLİYEV,

“Xalq qəzeti”

21 Aprel 2021 08:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə