Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir-biri ilə yola getməyənlərin həmsədrliyi…

“ATƏT-in Minsk qrupu (MQ) həmsədrlərinin fəaliyyəti həmişə tənqid olunub və zaman tənqidçilərin haqlı olduğunu sübut etdi. “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münqaşiəsi” üzrə Avropada təhlükəsizlik və əməkdaşlığa töhfə verməli olan MQ həmsədrləri son bəyanatla özlərini lap pis vəziyyətdə qoydular. Beynəlxalq hüquq normaları xatırladılmalı, həmsədrlərin mandat – missiyası yada salınmalıdır. İllərlə məhz belə yazdıq, dedik. Bəs nə oldu? Artıq dəqiq bilirik ki, məlum üçlük o hüquq normalarını da, mandat - missiyalarının vəzifələrini də bilə - bilə, məqsədyönlü pozur”. Bu fikirləri Əkbər Qoşalı Minsk qrupunun verdiyi son bəyanata münasibət bildirərkən dedi. Publisist sonra Minsk qrupunun ötən illərdəki yarıtmaz fəaliyyətindən söz açdı:

 

– Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 12-də MQ - nin Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü zamanı bildirmişdi. Dövlət başçısı demişdi ki, həmsədrlərin səfərə gəlmək istəyi barədə ona bilgi veriləndə, etiraz etməyib: “Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.
Həmin qəbulda üzlərinə sillə kimi dəyən sözlərdən sonra, nəhayət “doğrulub, özlərinə gələn” MQ həmsədrləri ən son bəyanatla nə qədər rəzil durumda olduqlarını bir daha sübut etmiş oldular. Bizə məğlubiyyət sırımaq istədilər – olmadı; bizi aldatmaq istədilər – aldanmadıq; bizə qarşı əlverişsiz vəziyyət yaratmaq istədilər – alınmadı. İndi, Vətən müharibəsində qalib gəldikdən sonramı onların bəyanatı ilə oturub - duracağıq?! Rəsmi Minskin rəsmi Bakıya səmimi dostluq münasibətləri, həmin münasibətlərin bu günlərdə bir daha yüksək səviyyəli təsdiqi fonunda, o qrupun adının dəyişdirilməsi daha düzgün olardı. Başa düşürəm, bu adlandırılmanın dost Belarusa bir siyasi aidiyyatı yoxdur, yalnız vaxtilə məhz Minskdə qərar qəbul edilməsinə görə adlandırılmadır. Yenə də olsun, artıq nə o qrupa, nə də də onun həmsədrlik konfiqurasiyasına ehtiyac qalmayıb...
Azərbaycanın “dəmir yumruğu” öz işini görüb, indi yol göstərmək, ara düzəltmək vaxtı deyil, indi yol çəkilir, kommunikasiyalar qurulur. Bunun qarşısında durmaq, Ermənistanı məğlubiyyət ağrısından xilas etmək keçmir artıq. Həmsədrlər başqa yerdə “ayrıca yemək otağı, içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrəli” beşulduz otel arasınlar artıq... MQ - nin keçmiş amerikalı həmsədri Riçard Hoqlandın son açıqlamalarından daha bir sitat: “Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox - çox az iş görürdük”...
Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur...
Ötən illər ərzində MQ həmsədrlərinin fəaliyyətinə və son bəyanatın mahiyyətinə diqqət çəkən həmsöhbətim dedi:
– Minsk qrupu uzun illər içində haqq - ədalət adına bir iş görməyib, aktiv fəaliyyət görüntüsü yaratsa da, demək olar ki, Azərbaycanın məğlubiyyətlə nə zaman barışacağını gözləyib. Gözlərinin kökü saralıb və əlbəttə, niyyətləri gözlərində qalıb! Hələ, bəyanatda mədəni abidələrlə bağlı iddialar qaldırmaq heç qəbul edilə bilməz: vaxtilə ATƏT - in özünün faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərə səfər edərək burada mədəni abidələrin dağıdıldığını təsdiqləmişdi. Amma nə ATƏT, nə onun MQ həmsədrləri bununla bağlı bir tədbir görmədi.
MQ - nin bəyanatı Ermənistanda əvəzçıxma çağrışlarına dəstək mahiyyətindədir. Daha doğrusu mahiyyətsizliyindədir. Həmin o Ermənistan nə ilə və necə əvəz çıxacaq? Şil - küt olmuş ordusu ilə? Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunan texnikası ilə? Minlərlə fərarisi ilə? “Mükəmməl” iqtisadiyyat, “qəşəng” iqtidar - müxalifət münasibətləri ilə əvəz çıxacaqlar bəlkə? Yoxsa, viran qoyduqları tarixi - mədəni abidələrin son daşlarını da dağıtmaq “əsası” ilə?!.
Çox sadə bir sual var: Azərbaycan nəyə görə yenidən gərəksiz, anlamsız danışıqlar aparmalıdır? Danışıqları kiminlə aparaq? Qarşımızda ciddi dövlətmi, sözükeçərli hakimiyyətmi, öz öhdəliklərinə sadiq hökumətmi var? Ermənistanla danışıqların predmeti münaqişədir. O da bitib! BMT - nin məlum 4 qətnaməsi yerinə yetirilib, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Belə olan halda həmsədrlər yenidən səfərlərə başlayıb nəyi həll etmək istəyirlər? Hələ bu rusiyalı həmsədrin bəyanata imza atması lap ağılasığmazdır. Həmin həmsədrin ölkəsinin iştirakı ilə bölgədə tam yeni bir reallıq yaranıb və o ölkənin sülhməramlıları Qarabağdadır.
Rusiyalı ilə bir bəyanata imza atan amerikalı həmsədrin ölkəsi həmin Rusiyaya sanksiyanı sanksiya ardınca döşəyir. Bu sətirlər yazılarkən bəlli oldu ki, Prezident Cozef Bayden ABŞ - ın milli təhlükəsizlik sahəsində Rusiyadan gələn təhdidlərə görə fövqəladə vəziyyət rejimi elan olunması haqqında sərəncam imzalayıb. Sərəncamda vurğulanıb ki, Rusiya hökumətinin ayrı - ayrı zərərli fəaliyyətləri nəticəsində ABŞ - ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı qeyri - adi və fövqəladə təhdid qarşısında qalıb. Buyurun, “fövqəladə dostlar” bizə münasibətdə fövqəladə həmrəylik nümayiş etdirə bilir.
Fransadan danışmaq da olar, danışmamaq da. Külək hayandan əssə, onlar o yana dönə bilirlər... Hər halda, fransalı həmsədr anlamalıdır ki, Azərbaycan cəmiyyətində bu ölkəyə güvən sıfırın altındadır. O, ilk növbədə öz itirilmiş nüfuzu haqqında düşünməlidir. Fransa necə MQ həmsədri olub? Obyektivlik, bitərəflik kimi meyarları kobud şəkildə pozan bir dövlətin bu prosesdə iştirakının arzuolunmazlığı gün kimi aydındır...
“Ümumiyyətlə, ATƏT - in Minsk qrupu niyə bu 3 ölkənin monopoliyasında olmalıdır?” – deyən Əkbər Qoşalı fikirlərinə bunları da əlavə etdi:
– Niyə bölgədə önəmli rola, sanballı çəkiyə malik Türkiyə həmsədr olmasın? Niyə yalnız Ermənistanın haqsız mövqeyini müdafiə üçün çalışanlar bu prosesdə iştirak etməlidir? Yaxşı, o zaman, heç olmasa, dəyişən həmsədrlik institutu olsun: Türkiyə, Belarus, İtaliya, Finlandiya, İsveç, Almaniya da həmsədr olsunlar. Minsk qrupu artıq münaqişənin tənzimlənməsində iştirak edən qurum deyil. Çünki problem ortadan qalxıb. Həmsədrlər sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə, beynəlxalq hüquq normalarına uyğun davranışa vadar edilməsi, Ermənistanla Azərbaycan arasında normal münasibətin yaradılması və bu kimi məsələlərlə məşğul ola bilər... Yaşasın “dəmir yumruq!”
 

Təqdim etdi:
Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

21 Aprel 2021 08:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə