Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk Şurası dünya nizamının yeni güc mərkəzlərindən birinə çevrilir

Çağdaş dünyanın böhran içində olan beynəlxalq münasibətlər sistemi yeni nizam və güc əsasında qərarlaşmanın astanasındadır. İkinci dünya müharibəsindən sonra hakim mərkəzlər arasında təsir dairələri, işləmə mexanizmi və qırmızı xətləri qətiləşmiş qlobal nizam Sovet İttifaqının dağılması və Çinin super oyunçu kimi meydana çıxması ilə yanaşı, yeni güc yüksəlişini və geriqalmaların geopolitik reallıqlarını cavablandırmaqda getdikcə çətinlik çəkməyə başladı.

 

Suriya böhranı və Böyük Yaxın Şərq layihəsi çərçivəsində Türk- İslam dünyasının lokomotivi olan Türkiyənin milli təhlükəsizliyinin birbaşa öz müttəfiqləri tərəfindən hədəfə alınması isə dost və rəqib ölkələri də dəyişdi. Bununla da rəqəmsal çağın bütün mənalarda yeni qlobal formatlanmasının qaçılmazlığı ortaya çıxdı. İmperialist güclərin Aralıq və Qara dəniz hövzəsinin gələcəyi ilə bağlı niyyətləri, Balkanlardan Türküstana uzanan geniş coğrafiyada möhkəmlənmək baxımından təhlükəli gördükləri “Türkiyə gəmisi”nin öz limanlarından uzaqlaşmaması üçün baş vurduqları bütün daxili və xarici hücumlar dəf edilmişdir. Ankara mədəni coğrafiyada irəliləməklə bərabər, siyasi-iqtisadi meydanda da potensial gücünü aktiv gücə çevirə bilmək üçün yeni həmlələrə başlamışdır.
Aparılan müstəqil xarici siyasət Türk-İslam coğrafiyalarında yeni oyanış və yüksəliş ümidlərini gücləndirmişdir. Bu proses qlobal və regional tarazlıqlara, Türkiyə–Rusiya, Türkiyə–Amerika–Avropa Birliyi, Türkiyə–Çin münasibətlərinin xarakterinə də dərin təsir etmişdir. Əsrlər boyu Avrasiyada qurduqları böyük dövlətlərlə dünya tarixinin gedişinə yön verən, Anadolu, Qafqaz və Orta Asiyadakı ticarət yollarına, dəhliz və strateji qovşaqlara hakim olaraq geniş coğrafiyaların təhlükəsizliyinə məsul olan Türk dünyasının önündə yeni fürsətlər meydana gəlmişdir.
Böyük dövlətlərin rəqabət sahəsi olan bu çətin coğrafiyada Türkiyə qüdrətli ordusu, yüksələn hərbi sənayesi ilə gücünə yeni güc qatır. Belə bir dönəmdə 30 illik müstəqillik dövrünün qazanclarını daha da qüvvətləndirən Türk cümhuriyyətləri də aralarındakı inteqrasiyanı dərinləşdirərək çoxqütblü yeni qlobal sistemin güc mərkəzlərindən biri halına gəlməkdədir.
Orta Asiyanın cazibə mərkəzi Özbəkistanın da Türk Şurasına üzv olması, sovet dövründə yaradılan özbək–qırğız ərazi problemlərinin əsasən həll edilməsi, uzun illər Xəzər dənizində Türkmənistanla Azərbaycan arasında mübahisəyə səbəb olan neft-qaz yatağının birgə işlənilməsi ilə bağlı qərarın verilməsi, Türkiyə–Azərbaycan ittifaqının Qarabağ zəfərinə imza ataraq Cənubi Qafqaz və Türk dünyasında yeni siyasi-hərbi reallıqlar yaratması, Türkiyə–Özbəkistan və Türkiyə–Qazaxıstan arasındakı hərbi əməkdaşlığın dərinləşməsi diqqəti ümumtürk birliyinin təməli olan Türk Şurasının daha da güclənməsinə və fəallaşmasına yönəltmişdir. Bu mənada 31 mart tarixli Türküstan toplantısının gündəmi və orada dövlət başçılarının verdikləri mesajlar oduqca önəmlidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi, Şura toplantısında iştirak edən Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammədovun ölkəsinin quruma üzvlüyə qərar verərək, müstəqil Türk dövlətlərinin toplandığı bu birliyi tamamlaması, nüvə gücü Pakistanın müşahidəçi statusu ilə bu ittifaqa qoşulması Türk Şurası ilə bağlı önümüzdəki dövrün əsas gözləntiləridir. Bunlardan əlavə, Türk Şurasının regional və qlobal tarazlıqlar baxımından artıq yeni bir cazibə mərkəzi kimi qəbul edilməsinin sübutu olaraq, bir neçə ölkənin müşahidəçi üzv olmaq üçün müraciət etməsi də məlumdur.
Türk Şurasının 31 mart qeyri-rəsmi zirvə görüşündə verilən ən önəmli qərarlardan biri Türk dünyasının 2025 və 2040-cı illəri əhatə edən strateji baxışları və əməkdaşlığın perspektivlərini ehtiva edən sənədin hazırlanmasına başlanması, tarixi-mədəni aspektdə bütün Türk xalqları üçün birləşdirici dəyər olan Türküstan şəhərinin Türk dünyasının mənəvi paytaxtlarından biri elan edilməsidir.
Rusiya və Ermənistanla birlikdə, MDB Kollektiv Təhlükəsizlik Təşkilatına daxil olan Qazaxıstan və Qırğızıstanın 44 günlük müharibədə olduğu kimi, zirvə bəyannaməsi ilə də Qarabağ zəfəri münasibəti ilə Azərbaycanı təbrik edərək ona dəstək verməsi, işğaldan azad edilən ərazilərin yenidən bərpa edilməsində Bakıya kömək edəcəklərini bəyan etməsi, ölkələrin ərazi bütövlüyü çərçivəsində Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinin önəmini qeyd etməsi də əhəmmiyətli olmuşdur. Prosesin başlanğıcından etibarən Qarabağ probleminin, eyni zamanda, Türkiyənin də milli məsələsi olduğunu söyləyərək Azərbaycanın haqlı mübarizəsinə qətiyyətli dəstək verən, zəfər üçün mümkün olan bütün addımları atan Türkiyə Prezidenti Ərdoğanın da Ramazan bayramından sonra Şuşanı ziyarət edəcəyini bəyan etməsi Azərbaycan xalqının qəlbində hədsiz sevinc yaratmışdır.
Ermənipərəst dairələrin işğalçı ölkənin ordusunu yenidən qurmaqa bağlı çağırışları, Xankəndidəki separatçı rejimi cəsarətləndirmək cəhdləri fonunda cənab Ərdoğanın Qarabağ səfəri xüsusi əhəmiyyət kəsb edəcək. Bu, Azərbaycanın zəfərini həzm edə bilməyən düşmən çevrələrə də güclü mesaj olacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasının Türk dünyasının coğrafi bütünlüyünün təmin edilməsindəki rolu ilə bağlı söylədikləri də Böyük Türk coğrafiyasının bütövləşəcəyində inamdan xəbər verir: “Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Xəritəyə baxsaq, görərik ki, sanki, bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək”.
Azərbaycan rəhbərinin Türk Şurasının mötəbər tribunasından yuxarıdakı tarixi mesajın ardınca Qarabağ zəfərinin əldə edilməsi ilə 33 illik münaqişənin də kökdən həll edildiyini söyləməsi, sovet dövründə süni şəkildə formalaşdırılan siyasi-inzibati vahid kimi Dağlıq Qarabağ vilayətinin artıq mövcud olmadığını – Qarabağın bütöv bir ərazi olduğunu vurğulaması, münaqişənin həlli üçün indiyə qədər heç bir iş görməyən Minsk qrupunun isə bundan sonra mövcudluğunun mənasız olduğunu bəyan etməsi də postmüharibə dövrünün reallıqlarını bir daha beynəlxalq aləmə ünvanlandı. Türkiyə liderinin Şimali Kiprin də Türk dövlətləri ilə inteqrasiyasının dərinləşdirilməsinin vacibliyinə diqqət çəkməsi, Özbəkistan dövlət başçısının Türk Dünyası İnkişaf Bankının qurulmasını təklif etməsi, nəqliyyat, gömrük, enerji kimi sahələrdə daha önəmli və real layihələri həyata keçirmək üçün fəaliyyətlərin sürətləndirilməsinin qərara alınması da Türk dövlətlərinin Avropa Birliyinə bənzər bir ittifaqa doğru getdiyini göstərməktədir.
Zirvə toplantısında Türk xalqlarının ortaq dəyərləri olan Əli şir Nəvai, Yunus Əmrə, Nizami kimi ədəbiyyat və sənət adamlarının müştərək təbliğ və anılmasının vacibliyinin, Türk- İslam anlayışının hikmət və əxlaq yönünü əks etdirən yəsəviliyin, Türküstanın Türk tarixindəki yerinin vurğulanması da məfkurəvi-ideoloji planda Türk dünyasının ortaq gələcəyə yürüməsi baxımından önəmli çağırışlardır.
 

Telman NÜSRƏTOĞLU,
Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri,
Xəzər Universitetinin müəllimi, fəlsəfə doktoru

21 Aprel 2021 08:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə