Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TAP-ın Avropanın enerji bazarında əhəmiyyəti artır

Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın transregional qaz layihələrinin rolu çox böyükdür. Azərbaycanın Aİ üçün necə etibarlı və əhəmiyyətli tərəfdaş olduğunu neft və təbii qaz boru kəmərlərinin fəaliyyəti bu reallığı təsdiqləyir. Xüsusilə də Trans Adriatik Boru Kəmərinin (TAP) fəaliyyətə başlaması Avropanın enerji ilə artan təchizatının artan şaxələndirilməsində yeni mərhələnin başlanğıcı hesab olunur. Boru kəməri Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazı Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçən tranzit yolla İtaliyaya daşıyır.

 

TAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Mütəxəssislər hesab edirlər ki, boru kəməri Avropanın enerji təhlükəsizliyini artıracaq. Hesablamalara görə, başlanğıc həcmi 10 milyon kubmetr olan TAP boru kəməri Avropada təxminən 7 milyon ailəni enerji ilə təmin edəcək. Xatırladaq ki, ötən il 31 dekabr tarixində TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılmışdı. Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail olmuşdu. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra, dekabrın 31-də kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılmışdı. Bununla da dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmişdir. Əlbəttə, Azərbaycanı uzun müddət Avropa ilə birləşdirən daha bir enerji layihəsi olan TAP enerji təhlükəsizliyində, əməkdaşlıqda və davamlı inkişafda Azərbaycanın strateji tərəfdaş kimi rolunu daha da gücləndirir. Layihə, həmçinin Avropa üçün strateji və iqtisadi əhəmiyyətə malikdir, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, təchizatın şaxələndirilməsində, həmçinin karbon tullantılarının azaldılmasında mühüm rol oynayır.
TAP Türkiyə–Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcək. “Mavi yanacağ”ın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa İttifaqının enerji təhlükəsizliyində və enerji mənbələrinin şaxələndirilməsi yönündə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Mütəxəssislərin sözlərinə görə, TAP layihəsi Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına töhfə verəcək. Sıx¬laşan iqtisadi əməkdaşlıq da öz növbəsində siyasi dialoqu dərinləşdirəcək, müttəfiqlik əlaqələrini möhkəmləndirəcək. Bu günlərdə Avropa Komissiyası məlumat yayaraq bildirdi ki, Cənub-Şərqi Avropa üçün Trans-Adriatik boru kəmərinin (TAP) əhəmiyyəti 2021-ci ildə Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun (IGB) tikintisinin başa çatmasından sonra daha da artacaq. Bu, hələ də bir tədarükçüdən asılı olan regiona alternativ qaz mənbələrindən istifadə etməyə imkan verəcək. Məlumatda, həmçinin bildirilir ki, 2021-ci ilin yanvar-fevral aylarında TAP vasitəsilə İtaliyaya orta sutkalıq qaz tədarükü təxminən 9-10 milyon kubmetr təşkil etmişdir. Azərbaycandan tədarük qaz qiymətlərinin ucuzlaşmasına gətirib çıxarır və bu da İtaliyaya mavi yanacağı Avropanın şimal-qərbinə ixrac etməyə imkan verir.
Xatırladaq ki, 2019-cu il mayın 22-də Bolqarıstanın Kirkovo kəndi yaxınlığında Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan qaz interkonnektorun (İGB) tikintisinə start verilmişdi. Bu münasibətlə təşkil olunmuş və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov və Yunanıstanın sabiq Baş naziri Aleksis Tsiprasın da iştirak etdikləri təməlqoyma mərasimində ölkəmiz Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdu. Bolqarıstan bu kəmər vasitəsilə ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. IGB qaz boru kəmərinin Şimal-Şərqi Yunanıstanın Komotini bölgəsində və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsində çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. Xüsusilə qeyd etmək vacibdir ki, İGB Avropa İttifaqında enerji bazarının təhlükəsizliyi və rəqabət qabiliyyətinin təminatı üzrə 7 prioritet layihələrdən biridir. Avropa Komissiyasının interkonnektorun tikintisinə 33 milyon avro ayırması da bunu isbatlayır. Layihə Bolqarıstan və Cənub-Şərqi Avropa regionu üçün mənbələrin şaxələndirilməsi və qaz tədarükü baxımından vacibdir.
Ümumiyyətlə, İGB vasitəsilə Bolqarıstan Trans-Adriatik qaz kəmərindən təbii qaz isə Aleksandrupolisdə terminal vasitəsilə ABŞ, Qətər, Əlcəzair, İsrail, Misir və digər ölkələrdən isə maye qazı ala biləcək. 185 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var. Qeyd edək ki, hələ 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalanmışdı. Hesablamalara görə, Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək. Bundan başqa, IGB Bolqarıstan, Cənub-Şərqi və Mərkəzi Avropa üçün tədarükün şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Koronavirus pandemiyası ilə əlaqədar Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) böyük ehtimalla 2021-ci il oktyabrın əvvəlində işə düşəcək. Layihənin bu ilin iyulunda işə salınması planlaşdırılsa da, podratçı şirkət işlərin başa çatması üçün müddətin oktyabr ayınadək uzadılması üçün müraciət etmişdi. Hazırda layihə üzrə işlər davam etdirilir.
Bir sözlə, TAP layihəsinin reallaşdırılması, eləcə də Yunanıstan-Bolqarıstan qaz interkonnektorun tikintisinin yekun mərhələyə qədəm qoyması Azərbaycanın strateji çəkisini əhəmiyyətli dərəcədə artırır. Belə şaxələndirilmiş enerji dəhlizləri Şərq və Qərbi birləşdirmək baxımından da xüsusi əhəmiyyət kəsb edir və mühüm iqtisadi nəticələri olacaqdır. Bundan başqa, transregional qaz layihələrinin reallaşdırılması ölkənin qlobal iqtisadiyyatda mövqeyinin daha da gücləndirilməsinə müsbət təsir göstərəcək və Azərbaycanın təkcə enerji ixracatçı ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyətini artıracaq.
 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

21 Aprel 2021 08:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə