Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar QHT sektorunun fəallaşmasına şərait yaradacaq

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında uğurla aparılan hərtərəfli islahatlar qeyri-hökumət sektorunu (QHT) da əhatə edir. Bu günlərdə dövlət başçısının müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılmışdır. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovla söhbətimiz məhz yeni yaradılmış qurum qarşısında duran vəzifələr və onların icra mexanizmləri barədədir.

– İlqar müəllim, QHT sektorunda islahatların aparılmasına zərurət nədən yaranmışdır?
– Əvvəla qeyd etmək istəyirəm ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, bu sektora dövlət qayğısının göstərilməsi hər zaman ölkə başçımızın diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin 2007-ci il 27 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin əsas prinsip və formaları, prioritet istiqamətləri, icra mexanizmləri və digər konseptual məsələləri özündə ehtiva edir.
Qeyd etmək lazımdır ki, ötən dövr ərzində dövlətimizin yaratdığı geniş imkanlardan bəhrələnərək bir çox qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəallıq nümayiş etdirmiş, ölkəmizin milli maraqlarının qorunmasında aktivliyi ilə fərqlənə bilmişlər. Lakin dünyada və ölkəmizdə formalaşan yeni reallıqlar bu istiqamətdə islahatların aparılmasını və mövcud mexanizmlərin təkmilləşdirilməsini zəruri edir.
Təhlillər göstərir ki, 2008-ci il aprel ayının 16-dan fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının səlahiyyətləri, funksionallığı və hüquqi statusu cəmiyyətin və zamanın mövcud çağırışlarına və gözləntilərinə tam cavab verə bilmir.
Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması zərurətə çevrilmişdi.
– Yeni yaradılan qurumun qarşısında hansı əsas vəzifələr qoyulmuşdur?
– Yeni qurum, ilk növbədə ölkəmizdə QHT sektorunun inkişafı üçün institusional və hüquqi cəhətdən daha əlverişli şərait yaradılmasına yardım edəcək. Birmənalı olaraq demək olar ki, cənab Prezidentin fərmanı dövlətin bu istiqamətdə yeni çağırışlara adekvat olaraq qarşıya qoyduğu siyasi mövqeyi ifadə edir.
Xüsusilə, 44 günlük Vətən müharibəsində qazandığımız böyük və parlaq qələbədən sonra artıq dövlətçilik tariximizdə yeni bir mərhələ başlamışdır. İctimai sektorla bağlı dövlət siyasətinin zamanın çağırışlarına və müasir dövrün tələblərinə uyğun şəkildə qurulması, müvafiq institusional qərarların qəbulu və islahatların həyata keçirilməsi də dövlətin inkişafının yeni mərhələsində yaranmış tələblərdən irəli gəlir.
– Yeni qurum hansı üstün səlahiyyətlərə və səmərəli, işlək icra mexanizmlərinə malik olacaq?
– Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi daha üstün səlahiyyətlərə, eyni zamanda, qərarların qəbulu prosesində müstəqilliyə, sərbəstliyə malik olacaq. Agentliyin konkret və aydın hüquqi statusa malik olması onun dövlətin və cəmiyyətin həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasına, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkilinə, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edəcək.
– Agentliyin fəaliyyətinə ictimai nəzarətin təşkili barədə nə deyə bilərsiniz?
– Hesab edirəm ki, agentliyə ictimai nəzarətin təşviqində və ictimai şuraların fəaliyyətinin dəstəklənməsində verilmiş səlahiyyət cənab Prezidentin idarəetmədə şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi istiqamətində gördüyü işlərə real dəstəyi ortaya qoya biləcək və bununla da idarəetmədə şəffaflıq və hesabatlılıq əmsalının artmasına ciddi töfhə vermiş olacaq.
Agentlikdə idarəetməni həyata keçirəcək Müşahidə Şurasının üzvlərinin hüquqları da xeyli geniş və miqyaslıdır. Üzvlərə verilmiş geniş səlahiyyət, həm də qurumun çevik və effektiv idarəetmə mexanizmi ilə fəaliyyətini təmin edəcəkdir. Nəzərə alsaq ki, qurumun idarəetmə orqanı olan Müşahidə Şurasının üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin edir və bu da agentliyin mötəbərliyini bir daha artırmış olur.
Yeniliklərdən biri də qəbul olunan qərarda şura üzvlərinin birbaşa iştirakının təmin olunmasını nəzərdə tutur. Belə ki, qəbul olunan bütün qərarlar şura üzvləri tərəfindən imzalanır. Bu da idarəetmədə kollegiallığın məhz nizamnamə çərçivəsində təmin edilməsini şərtləndirir.
– Agentliyin fəaliyyətində hesabatlılıq prinsipinə necə əməl olunacaq?
– Agentlik, qrant verən qurumların QHT-lərə ayırdığı layihələrin səmərəliliyini və nəticəsini təhlil etmək, ildə bir dəfə bu haqda hesabat hazırlayaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və həmin qurumların özlərinə təqdim etmək səlahiyyətinə malikdir.
Agentliyin digər bir fəaliyyəti dövlət – QHT və biznes strukturu münasibətlərində əməkdaşlıq mühitini formalaşdırmaq istiqamətində olacaqdır ki, bu da ictimai əhəmiyyət kəsb edən məsələlərdə korporativ sosial məsuliyyət mexanizminin səmərəli tətbiqinə yardım edəcək.
Nizamnaməyə müvafiq olaraq, agentliyin filial, nümayəndəlik və digər struktur vahidlərini yaratmaq səlahiyyəti də var və zərurət yaranacağı təqdirdə bu agentliyə əlavə struktur bölmələrini təşkil etmək imkanı verir.
Əvvəlki qurumdan fərqli olaraq publik hüquqi şəxs statusu dövlət vəsaitindən əlavə, digər maliyyə mənbələri əldə etmək, bununla da, milli donor institutu kimi QHT-lərə maliyyə dəstəyini daha da genişləndirmək də əlavə imkanlara malikdir.
– Yeni yaradılmış qurumdan konkret gözləntiləriniz nədir?
– Agentliyin uğurlu fəaliyyət göstərəcəyinə həm dövlətimizin, həm də vətəndaş cəmiyyətinin ümidləri böyükdür. Milli maraqların qorunması, dövlətçiliyin daha da möhkəmləndirilməsi naminə vətəndaş cəmiyyətinin səfərbər edilməsi, milli həmrəyliyin gücləndirilməsi istiqamətində QHT-lərin imkanlarından geniş istifadə olunması çox vacibdir.
Məncə, Vətən savaşında xalqımızın əldə etdiyi böyük qələbəni həzm edə bilməyən güclərə qarşı ictimai sektor öz sözünü deməlidir, çünki milli dövlətçiliyimizə yönəlmiş təhdidlərə qarşı ayıq-sayıq və mübariz mövqedə dayanmaq, informasiya savaşında öndə olmaq daha çox ictimai fəal kəsimin üzərinə düşür.
Müsahibəni qələmə aldı:
 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

21 Aprel 2021 08:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə