Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda energetika sisteminin yenilənməsi istiqamətində mühüm işlər görülür

Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə elektroenergetika sisteminə, eləcə də paytaxtın elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərib. Ötən müddətdə bu sahədə genişmiqyaslı islahatlar gerçəkləşdirilib, yenidənqurma, tikinti işləri böyük vüsət alıb. Dövlətimizin başçısının tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində energetika sistemi əsaslı şəkildə modernləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib.

 

Yeri gəlmişkən, xatırladaq ki, son illər ərzində Reabilitasiya Proqramı çərçivəsində paytaxtımızda, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ”, “Səngəçal” və digər modul tipli elektrik stansiyalarında itirilmiş gücün bərpası istiqamətində geniş həcmdə işlər görülüb. Bir çox elektrik stansiyaları və yarımstansiyaların 500, 330, 320, 110 kilovoltluq hava xətləri, o cümlədən yarımstansiyalar yenidən qurulub.
Reabilitasiya Proqramıına əsasən, hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə davam etdirilir, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev tərəfindən energetika sahəsinin inkişafının diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, Azərbaycan Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda “əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında qərarlaşıb.
Dövlətimizin başçısının dəqiq müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə Azərbaycan bu gün elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilərək davamlı inkişafı ilə regionun lider dövləti statusunu daşıyır. Dünya birliyinin etibarlı tərəfdaşı olan respublikamızın adının inkişaf etməkdə olan dövlətlər sırasında çəkilməsi isə hər birimizdə qürur hissi doğurur. Təbii ki, bu qürur hissi, ilk növbədə, cənab İlham Əliyevin yorulmaz, səmərəli fəaliyyəti ilə bağlıdır. Prezident İlham Əliyevin gərgin səyi nəticəsində müəyyənləşən yeni inkişaf konsepsiyası da ölkəmizin enerji sektorunun bütünlüklə yenilənməsinə səbəb olub.
Azərbaycan Prezidenti çıxışlarının birində energetika sistemində görülən işləri yüksək qiymətləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib, respublikanı qonşu dövlətlərlə birləşdirən yüksək gərginlikli xətlər inşa edilib, bir çox yerlərdə yeni yarımstansiyalar tikilib, transformatorlar quraşdırılıb: “Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji təminatı necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər”.
Bir sözlə, energetika sahəsində həyata keçirilən çox böyük layihələr sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapıb, respublikamız artıq enerji təminatçısına çevrilib. Belə ki, əvvəlki dövrlərdə ölkəmiz elektrik enerjisi üzrə idxaldan asılı idi. İndi isə həm daxili tələbat ödənilir, həm də bu istiqamətdə ixrac həyata keçirilir.
Prezident İlham Əliyevin iştirakı ilə aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının müasirləşdirilərək istifadəyə verilməsi də respublikada elektrik enerjisi təsərrüfatının uğurla yenidən qurulmasının bariz ifadəsidir.
Açılış mərasimində dövlətimizin başçısına yenidən qurulan “Hövsan” yarımstansiyası barədə məlumat verilərək, bildirilib ki, 45 il əvvəl tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub.
Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala”, “Zığ” yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.
Qeyd edək ki, son 3 ilə qədər Bakı və Abşeron yarımadasında sistem əhəmiyyətli 220 kilovoltluq 5 yarımstansiya fəaliyyət göstərirdi ki, onların da 4-ü istismar müddətini başa vurub. Son iki ildə isə yeni “Böyükşor” yarımstansiya tikilib və beləliklə, 220 kilovoltluq yarımstansiyaların sayı 6-ya çatdırılıb. Eyni zamanda, istismar müddətini bitirən sistem əhəmiyyətli 220 kilovoltluq dörd yarımstansiyanın üçü – “Müşfiq”, “Xırdalan” və “Hövsan” yarımstansiyaları yenidən qurulub, “Nizami” yarımstansiyasında isə işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub.
Açılış mərasimində dövlətimizin başçısına yenidənqurulan 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyası barədə də məlumat verilərək, bildirilib ki, 1949-cu ildə tikilən yarımstansiyanın istismar müddəti bitdiyi üçün potensial qəza mənbəyinə çevrilmişdi. Qısa zamanda görülən işlər sayəsində yarımstansiyanın əvvəlki gücü geri qaytarılıb, tam yenidən qurularaq etibarlılığı və dayanıqlılığı artırılıb, istehlakçıların fasiləsiz və keyfiyyətli enerji təchizatına zəmin yaradılıb.
Yenidən qurulan “Maştağa” Yarımstansiyası Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, Savalan, “Albalılıq” yaşayış massivlərini, dənizkənarı sanatoriya, xəstəxana, otellər və digər obyektlər də daxil olmaqla Sabunçu və Xəzər rayonlarının 150 min nəfərə çatan əhalisinin elektrik enerjisi ilə etibarlı təminatına imkan verəcək.
Göründüyü kimi, energetika sektorunun müasir tələblər səviyyəsində inkişafı, vətəndaşların enerji resurslarına əlçatanlığının və məmnunluğunun təmin olunması Prezident İlham Əliyevin sosial-iqtisadi siyasət kursunun prioritet hədəfləri sırasındadır. Postkonflikt dövründə isə düşməndən təmizlənən ərazilərdə gedən bərpa-quruculuq işləri dövlətimizin başçısının xüsusi diqqətindədir.
Hazırda işğaldan azad edilən Qarabağ və ətraf bölgələrimizdə bərpa işləri sürətlə aparılır. Bu torpaqlarda infrastrukturun yenidən qurulması, energetika sisteminin yaradılması xüsusi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin açılış mərasimində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevdən “Qarabağda işlər necə gedir?” sualını verməsi də bunun bariz ifadəsidir.
Xatırladaq ki, “Azərenerji”nin rəhbəri suala cavabında dövlət başçısının tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsini, hazırda Şuşa, Şükürbəyli, Füzuli xətlərinin artıq hazır olmasını bildirib. Eyni zamanda, ermənilərin dağıtdıqları su elektrik stansiyalarının–“Suqovuşan 1” və “Suqovuşan 2”nin işə salınaraq test mərhələsi keçdiyini, Kəlbəcərdə yarımstansiyanın tikintisinin getdiyini, bu rayona Daşkəsəndən, Murovdan çəkiləcək təxminən 200 dirəkli xəttin artıq 100-nün qoyulduğunu, azad edilmiş torpaqlarda xidmət edən hərbçilərin elektrik təchizatının qaydaya salındığını, bu problemin Şuşada da həllini tapdığını diqqətə çatdırıb.
 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

21 Aprel 2021 07:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə