Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən müharibəsində qələbəmiz ulu öndərin ideyalarının təntənəsidir

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə düşmənin uzun bir dövr ərzində işğal olunan torpaqlarda möhkəmlənməsinə baxmayaraq, şanlı ordumuzun İkinci Qarabağ müharibəsində qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək parlaq qələbə əldə etdiyini bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, otuz il müddətində Dağlıq Qarabağ münaqişəsinin həllini tapmadığını, Azərbaycanın problemlərinin isə bundan daha əvvəl, 1987-ci ildə başladığını diqqətə çatdırdi: “Çünki 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Heydər Əliyevin istefasından iki həftə keçməmiş erməni millətçisi – Qorbaçovun müşaviri, onun “sağ əli” Aqanbekyan hələ 1987-ci ildə Fransada olarkən bu ölkənin qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər...”.

Dövlətimizin başçısının vurğuladığı kimi, Heydər Əliyevin Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan ermənilərin, onların havadarlarının qarşısında ən böyük sipər idi. Ona görə də 1987-ci ilin oktyabr ayında ulu öndər keçmiş Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra həmin qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandılar.
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması təşəbbüsünə qoşulanlardan biri, bu il martın 5-də isə partiyanın 7-ci qurultayının nümayəndəsi olan, Birinci Qarabağ müharibəsi veteranı Arif Rüstəmov dövlətimizin başçısı İlham Əliyevin Hərbi Qənimətlər Parkında hərbi qulluqçularla görüşündə diqqətə çatdırdığı yuxarıdakı fikirlərlə bağlı dedi:
– Ümummilli liderimiz keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılandan sonra İrəvanda “Qarabağ komitəsi” adlanan təşkilatın ilk mitinqləri ilə yanaşı, Dağlıq Qarabağda yaşayan ermənilər arasında Ermənistana birləşmək uğrunda “miatsum” (birləşmə) hərəkatı getdikcə genişləndi. Bundan sonra istər Ermənistanda, istərsə də Qarabağda azərbaycanlıların yaşadıqları kəndlər sovet qoşun hissələrinin dəstəyi ilə erməni quldur dəstələri tərəfindən hücumlara məruz qaldı, 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, 1992-ci il fevralın 26-na keçən gecə isə Xocalı qətliamı törədildi.
1992-ci ilin iyununda iqtidara gələn AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə, əsasən, təcrübəsiz və qeyri-peşəkar kadrların önə çəkilməsi nəticəsində ölkədə siyasi-iqtisadi böhran daha da dərinləşdi. Qarabağda erməni işğalının genişlənməsi isə xalqımızı ümidsizliklə üz-üzə qoydu. Buna görə də Azərbaycan cəmiyyəti ölkəni böhrandan qurtaracaq yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu düşünürdü.
Belə bir ağır şəraitdə biz ulu öndəri yeni siyasi partiya yaradıb xalqı bu təşkilatın bayrağı altında birləşdirməyə çağırdıq. Bununla bağlı ölkə ziyalıları Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da ümummilli liderə ünvanlanan ziyalıların müraciətinə Heydər Əliyev oktyabrın 24-də “Səs” qəzetində “Müstəqil Yeni Azərbaycan uğrunda” başlıqlı yazı ilə cavab verdi.
Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında YAP-ın yaranması xalqın və zamanın tələbi, sosial sifariş olaraq təsdiqini tapdı.
Onu da xatırladım ki, YAP-ın yaradılmasından ciddi təşviş keçirən AXC–Müsavat iqtidarı Naxçıvanda dövlət çevrilişinə cəhd etdi. Bu, Heydər Əliyevin ətrafındakı insanları qorxutmaq, mübarizədən çəkindirmək məqsədi daşıyırdı. Ancaq istəkləri reallaşmadı, insanlar bir yumruq kimi ulu öndərin ətrafında daha da sıx birləşərək, təhdid və təzyiqlərin qarşısını aldı.
YAP-ın yaranması ilə əhalinin kütləvi şəkildə partiyanın sıralarına qoşulması, Heydər Əliyevin hakimiyyətə gəlməsinə qarşı qoyulan süni qadağanın aradan qaldırılması, ümummilli liderin müdafiəsi məqsədi ilə keçirilən mitinqlərdə iştirakı o zamankı iqtidarı repressiya aparmağa sövq edirdi. Murtuz Ələsgərov, Səfyar Musayev, Həsən Mirzəyev, Misirxan Vəliyev, Rasim Musayev, Xeyrulla Hümbətov, Ramiz Abbasov, o cümlədən, mənim dəfələrlə AXC- Müsavat cütlüyünün qəzəbinə tuş gəlməyimiz bunun bariz ifadəsi idi.
YAP veteranı söhbətində o zaman bir neçə dəfə uşaq övladları ilə polis bölməsinə aparıldığını, özünün bir müddət həbsdə saxlanıldığını, bu kimi təzyiqlərin isə onu haqq və ədalət uğrunda mübarizədən çəkindirmədiyini, əksinə, daha böyük fəallıqla ümummilli liderin Naxçıvandan Bakıya gələrək Azərbaycanı xaos və anarxiyadan xilas etmək işində dəstəyini davam etdirdiyini bildirdi. Arif Rüstəmov daha sonra “Xoşbəxtəm ki, ulu öndərimiz Heydər Əliyevə teleqram vuraraq ondan Bakıya gəlməyi, xalqı üzləşdiyi bəlalardan qurtarmağı xahiş edən insanlardan biri də mən olmuşam”,– dedi.
Veteran söhbət zamanı Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi ilə bağlı fikirlərini də bölüşdü: “Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən döyüş taktikasının və uğurlu hərbi əməliyyatların aparılmasında lider amili çox vacib şərtlərdən biri idi. Bax, elə buna görə də İkinci Qarabağ savaşında əldə olunan parlaq qələbə ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin təkcə Azərbaycan cəmiyyətində deyil, beynəlxalq ictimai rəydə də nüfuzu daha da gücləndi, öz dəsti-xətti ilə şərəfli bir tarix yazdı”.
 

Söhbəti qələmə aldı: V.BAYRAMOV,
“Xalq qəzeti”

 

21 Aprel 2021 07:32 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə