Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu müharibə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi

Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa 10 noyabr 2020-ci il tarixli müraciətindən

 

Prezident İlham Əliyevin xalqa inamı, ölkə əhalisinin maraq və mənafelərinin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər, dəfələrlə xalqın etimadını qazanması, istənilən məsələ ilə bağlı məsləhətləşmələr aparması artıq bəzi ölkələrin dövlət başçılarına nümunə olacaq səviyyədə qiymətləndirilir. Yəni o, xalqın həqiqi lideri, ölkədə yaşayan bütün insanların Prezidenti olduğunu dəfələrlə sübut edib. Ancaq ötən ilin payızındakı 44 günlük müharibə zamanı məlum oldu ki, Azərbaycan xalqının öz liderinə olan inam, etimad və sədaqəti də elə Prezidentin xalqa olan münasibətinə bərabərdir.

 

Dövlət başçımızın fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında əcnəbi həmkarlarımızdan bir neçəsi İlham Əliyevin siyasi fəaliyyəti barədə rəqəmlərin dili ilə -- statistik məlumat verərək danışmışdı. Əgər həmin ənənəni davam etdirsək, onda deyə bilərik ki, dövlət başçımız aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı zamanı bir qrup hərbçimizlə görüşərkən ən çox işlətdiyi ifadə məhz xalq sözü idi.
Dövlət başçımız xatırlatdı: “Azərbaycan xalqının müharibə ilə bağlı geniş təsəvvürü var. Vaxt keçdikcə ayrı-ayrı əməliyyatlar haqqında da məlumat verəcəyik. Ancaq 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq… Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərmişdir, peşəkarlıq, qəhrəmanlıq öz yerində, mənəvi ruh”.
İlham Əliyev ötən il noyabrın 10-da xalqa ünvanladığı müraciətdə də Azərbaycan xalqının böyüklüyünü dəfələrlə dilə gətirmişdi: “ Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz -- bütün bunlar, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi”.
Dövlət başçımız xatırladır ki, hətta fərqli siyasi baxışlara malik olan, bizim işimizə tənqidi yanaşan insanlar və bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə yüksək şüur nümunəsi göstərdilər : “Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də, əlbəttə ki, bütün bu azadlıqlar var… Bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir”.
Qırx dörd günlük müharibə dövründə, demək olar ki, hər gün xaricdən Azərbaycan Prezidentinə zəng gəlir, hərbi əməliyyatların dayandırılması xahiş edilirdi. Ancaq İlham Əliyev ordumuza verdiyi “İrəli!” komandasını geri götürmədi. Biz hər gün, hər saat qabağa gedirdik. Dövlət başçımız bütün təzyiqlərə baxmayaraq, geri çəkilməməsinin səbəbini müharibə başa çatandan sonra bu şəkildə əsaslandırmışdı: “ Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi -- yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz!”
Təsadüfi deyil ki, dövlət başçımız Ermənistan rəhbərliyinin kapitulyasiya aktını imzalaması barədə məlumatın xalqa çatdırıldığı həmin müraciətdə bu tarixi zəfərə görə məhz iki möhtəşəm qüvvə ilə fəxr etdiyini dilə gətirmişdi: “Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm”.
Dövlət başçımızın bu qəbildən olan çıxış, nitq və müsahibələri kifayət qədərdir. Həqiqət naminə demək lazımdır ki, xalqın ona olan inamını, onun isə xalqa sədaqətini təkcə 44 günlük müharibənin nəticələri ilə bağlamaq mümkün deyil. Çünki cənab Prezident 2003-cü ilin payızından bəri daim xalqın etimadını doğruldur. Özü də yüksək səviyyədə. Azərbaycan xalqı ona ilk dəfə etimad göstərəndən sonra ölkəmiz ən mötəbər beynəlxalq təşkilat olan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, dünyanın kosmik ölkələr ailəsinə qoşulmuş, respublikamız ən islahatçı ölkə kimi tanınmış, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan biri hesab olunmuş, iqtisadiyyatımız regionun ən böyük iqtisadiyyatı adını qazanmış, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdıran mühüm addımlar atılmışdır.
Dövlət başçısı çıxış etdiyi bütün tədbirlərdə Azərbaycanın 2003-cü ildən sonrakı uğurlarından danışır və bu nailiyyətlərə məhz xalqın dəstəyi ilə nail olduğunu vurğulayır. Ancaq onun 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışı dostlarımızın daha çox fəxrinə, bədxahlarımızın isə hədsiz həsəd və qısqanclığına səbəb olmuşdu.
Prezident İlham Əliyev ölkəmizin sürətli inkişafından ciddi şəkildə narahat olanların da iştirak etdiyi həmin tədbirdə demişdi ki, Azərbaycan sabit, müasir, demokratik və multikultural dövlət yaratmağa müvəffəq olmuşdur. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Prezident əlavə etmişdi ki, bir neçə ay əvvəl biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək.
Məhz xalqın ona göstərdiyi etimadın, onun isə xalqa xidmət etmək istəyinin nəticəsi olaraq, son 18 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul 3 dəfə artmışdır. Ölkədə yoxsulluq 49 faizdən 5 faizə enmişdir. Son illər 3700-dən artıq məktəb yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir. Ölkəmizdə savadlılıq səviyyəsi 100 faizə yaxındır. BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə, Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir.
Bundan başqa, ölkəmiz Şərq–Qərb, Şimal–Cənub və Şimal–Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir, Avrasiyanın mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Biz Bakı –Tbilisi – Qars dəmir yolunu və 25 milyon ton yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanını istifadəyə vermişik. Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik İndeksi” üzrə Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 141 ölkə arasında 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanı xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyətinə görə 27-ci yerdədir.
Bütün bunları bu gün – işğalçı Ermənistan üzərindəki şanlı Qələbəmizin yaratdığı ab-hava fonunda yada salmağımız təsadüfi deyil. Sadəcə xatırlatmaq istəyirik ki, dövlətin irili-xırdalı bütün uğurlarının təməlində iki böyük amil dayanır: mükəmməl idarəetmə və xalqın dövlətə dəstəyi. Biz xoşbəxtik ki, ölkəmizdə bu amillərin hər ikisi etibarlı və möhtəşəmdir.
 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

21 Aprel 2021 07:24 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə