Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda vergi ödəyicilərinin sayı iki dəfədən çox artıb

Bu ilin aprel ayının 1-nə Azərbaycan üzrə uçotda olan 1 240 652 vergi ödəyicisinin 87,7%-i fiziki şəxs, 12,3%-i hüquqi şəxs və digər təşkilatlar olub.

 

Dövlət Vergi Xidmətindən “Xalq qəzeti”nə verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 167 992 vahid və ya 115,7% artıb ki, bunun da 94,6%-i fiziki şəxslərin, 5,4%-i hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib.

 

2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş ardıcıl 12 aylıq azalma dövründən sonra, ilk dəfə olaraq cari ilin mart ayında qeydiyyatın sayında artım müşahidə edilib.

 

Cari ilin I rübündə 2 714 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Kommersiya qurumlarının 2253-ü (83%) elektron qaydada, 461-i isə (17%) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. İlkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 460 hüquqi şəxsin (ümumi qeydiyyatın 17%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

 

Cari ilin I rübündə 2 494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25%-lik artım deməkdir.

 

2021-ci ilin I rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2 840 vahid təşkil edib. Bu zaman fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artıb. 2021-ci ilin I rübündə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayı  3.682 vahid təşkil edərək 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% azalıb. Fəaliyyətini passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 18,8% azalıb.

 

2021-ci ilin I rübündə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1 788 vahid çox olub.

 

Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4%-i kommersiya qurumlarıdır. Ümumiyyətlə, 136 997 kommersiya qurumundan 58,5%-nin vəziyyəti aktiv olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9% artıb. Bu zaman kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 16% artıb.

 

2021-ci ilin I rübündə kommersiya qurumlarının 83%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91%-ə yaxın olub.

 

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 438 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydə alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,2% çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7% təşkil edib.

 

2021-ci ilin 1 aprel tarixinə 272 publik hüquqi şəxs, 16 066 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

20 Aprel 2021 10:39 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə