Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peyvənd olunmuşlar xəstələndikdə onların virus yükü aşağı düşür

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələbi belədir ki, epidemioloji vəziyyət pisləşdikcə, yoluxma sürəti artdıqca və stasionarda yer olmadıqca, karantin qaydaları sərtləşdirilməlidir. Çünki epidemioloji vəziyyət nə qədər pis olsa, karantin qaydaları o qədər sərt olmalıdır. Təəssüflə qeyd edək ki, ölkədə koronavirusa yoluxmuş aktiv xəstələrin sayı rəsmi göstəriləndən çoxdur. Məlumatlara görə, bizim respublikada koronavirus xəstələri üçün 40 min çarpayı yeri var. Bəzi xəstəxanalarda tədris getdiyinə görə, bir müddət bu statusdan ayrıldı. Aktiv xəstələrin sayının 33 mindən çox olmasını nəzərə alsaq, bu, artıq dirənmiş rəqəmdir. Digər tərəfdən onu da deməliyik ki, xəstəxanalara çox ağır xəstələr müraciət edir. Bunların əksəriyyəti xüsusi qulluq və intensiv terapiya tələb edir. Çətinlik bundan ibarətdir.

 

Onu da vurğulamalıyıq ki, məsələ təkcə xəstə sayının çoxluğu ilə yekunlaşmır. Koronavirusla mübarizə müddətində xeyli həkim də həyatını itirib və xəstələrin müalicəsi ilə məşğul olanların sayı azalıb. Buna görə vəziyyət pisləşərsə, karantin sərtləşdirilə, müvafiq qadağalar qəbul edilə bilər. Bunu da qeyd etmək lazımdır ki, hazırda 33 min rəqəmi xəstəxanaya rəsmi müraciət edənlərin sayıdır. Bu rəqəmdən bir neçə dəfə çox xəstə də heç yerə müraciət etmədən evdə müalicə alır. Ambulator müalicə alanların sayı stasionarda yatanlardan çoxdur. Hamı bilir ki, xəstəxanaya düşmək çətindir və xəstəliyi yüngül simptomla keçirənlər məcbur şəkildə evdə müalicə alırlar. Aktiv xəstə sayı çoxdur. Bu gün koronaviruslu xəstələr küçədə gəzirlər. Rastımıza çıxan hər 10 nəfər yoxlansa, ən azı birində, ya da ikisində nəticə pozitiv olacaq.
Bir sıra ölkələr üçün əhalinin koronavirusa qarşı peyvəndlənməsində istifadə olunan vaksinlərin tədarükü hələ də əlçatmaz olaraq qalır. Bu həm dövlətin maliyyə baxımından vətəndaşlarını vaksinasiya etməyə qadir olması, həm də dövlət başçısının nüfuzundan asılıdır. Məlumdur ki, vaksinlərin dövlətlər arasında paylanması heç də bərabərlik prinsipi ilə aparılmır. Bu çətin dönəmdə COVID – 19 əleyhinə görülən işlər, vətəndaşların müalicəsi və ən əsası vaksinasiya sahəsində Azərbaycan ən öndə olan ölkələrin siyahısındadır. Buna səbəb Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələni diqqət mərkəzində saxlaması və aidiyyəti dövlət səhiyyə qurumlarının öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsidir.
Son məlumata görə, Azərbaycanda artıq 1 milyon 300 mindən çox vaksin vurulub və bu proses uğurla davam edir. Məqsəd tez bir zamanda əhalinin böyük bir hissəsini peyvənd edərək virusun yayılma dinamikasını və yoluxan şəxslərin ağırlaşmalarını minimuma endirməkdir. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, virusa yoluxub sağalan, amma aylarla onları incidən, yüngül və qalıcı simptomlardan əziyyət çəkən insanlara da bu peyvəndlər çox müsbət təsir göstərir. Belə ki, onlar elmi ədəbiyyata “Long – COVID” simptomları kimi düşən bu qalıcı simptomlardan da azad olurlar. Bundan əlavə, digər elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, hətta birinci doza ilə peyvəndləndikdən sonra insanlar virusdan qorunmadıqlarına görə virusa yoluxarlarsa, bu zaman orqanizmdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olur. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla xəstəliyi keçirir və ya yoluxduqlarından xəbərsiz olurlar. Bu qədər aşağı olan virus yükü ilə virusun virulentliyi, yəni, yoluxduruculuğu çox aşağı olur və nəticədə, ətrafdakı insanları yoluxdurması da azalır. Bu da o deməkdir ki, peyvəndin tam tətbiqi virusa yoluxmanın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır. Deməli, vaksin tətbiq etməklə pandemiya ilə çox uğurlu mübarizə aparmaq və tez bir zamanda normal həyata qayıtmaq mümkün ola bilər.
Bəziləri elə düşünür ki, peyvənd vurdurdunsa, virusa yoluxmayacaqsan. Uzun illərdir ki, yoluxucu xəstəliklərə qarşı həm uşaqlara, həm də böyüklərə peyvənd edilir və insan yoluxanda xəstəliyi yüngül keçirir. Eyni hal COVID – 19 virusuna qarşı vurulan peyvəndə də aiddir. Vaksin almaq xəstəliyə yoluxmamaq demək deyil. Hətta tanıdığımız insanlar var ki, peyvəndin hər iki dozasını vurdurmalarına baxmayaraq, virusa yoluxublar. Sadəcə, həmin insanlar xəstəliyi yüngül simptomlarla keçirib və heç bir ağırlaşdırıcı hal müşahidə edilməyib. Ona görə də insanlarımız mütləq şəkildə dövlətimizin bu gün yaratdığı şəraitdən istifadə edib həm özlərini qorumalıdırlar, həm də pandemiya ilə mübarizəyə öz töhfələrini verməlidirlər.
Onu da deyək ki, son günlər sosial şəbəkələrdə bəzi insanlar tərəfindən “Açıq havada maska taxma, nəfəs al!” kampaniyası başlanıb. Peyvəndin xeyrindən çox fəsadlarının olması barədə yanlış fikirləri səsləndirən də elə həmin insanlardır. Bu kampaniyanı aparanlar anlamalıdırlar ki, açıq havada, insanların az olduğu yerlərdə koronavirusa yoluxma riski bir qədər azdır və insanların təmiz havada rahat nəfəs almaq istəyi başa düşüləndir. Amma gəlin, reallığa baxaq və hər birimizin müşahidəsini bölüşək. Gün ərzində açıq havada, hətta qapalı məkanda, ya maskası çənəsində, ya da yalnız ağız nahiyəsində olan nə qədər insanlar görürük? Belə halları müşahidə etmək üçün cəmi 5 dəqiqə ərzində küçədə, yaxud 1 dəqiqə müddətində qapalı məkanda olmaq yetərlidir. Kim zəmanət verə bilər ki, gördüyümüz insanlar yoxlansa, onlarda nəticə neqativ çıxacaq? Bu, mümkün deyil. Bəziləri, hətta yoluxduğunu bilə - bilə insanlar arasına çıxır, digərlərini də yoluxdururlar. Unutmamalıyıq ki, biz özümüzü və ətrafdakı tanımadığımız vətəndaşları qorumayınca, virus bizi tərk etməyəcək. Bu məsələdə birlik və hər bir Azərbaycan vətəndaşının digər vətəndaşa sosial məsafənin saxlanılması, maskanın düzgün şəkildə taxılması ilə qayğı göstərməsi vacib amillərdən biridir.
 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

20 Aprel 2021 05:19 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə