Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qərbi və Mərkəzi Afrika ölkələrində 31 milyon insan aclıq çəkir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (WFP) nümayəndələri bəyan ediblər ki, Qərbi və Mərkəzi Afrika ölkələrinin koronavirus pandemiyası və silahlı münaqişələr səbəbindən ərzaq ehtiyatları tükənib və 31 milyon insan aclıq və səfalətin əsirinə çevrilib. Bu barədə “Reuters” informasiya agentliyi məlumat yayıb.

 

Agentlik yazır ki, təşkilat 2021-ci ilin iyul–avqust aylarında vəziyyətin daha da acınacaqlı hal alacağı barədə əvvəlcədən xəbərdarlıq edib. WFP-nin sözçüsü Tomas Firinin sözlərinə görə, bu, 2014-cü ildəki humanitar böhrandan da ağır ola bilər. O, Afrika ölkələrinin hökumətlərinə və tərəfdaşlara təcili tədbirlər görülməsi ilə bağlı çağırış edib.

Qeyd olunur ki, təşkilat bu il Afrikanın qərb və mərkəzi hissəsindəki ölkələrdə aclıq çəkən 18 milyon insana yardım etməyi nəzərdə tuturdu. Lakin vəziyyət kəskin şəkildə dəyişib və həmin rəqəm 31 milyona çatıb.

Təşkilatın sözçüsü T.Firi bildirib ki, bu sayda insana ərzaq yardımı göstərilməsi onların imkanı xaricindədir və qarşıdakı 6 ayda regionun 19 ölkəsinə kömək etmək üçün əlavə 770 milyon dollar vəsait tələb olunur. Təkcə Mərkəzi Sahil regionunun 3 ölkəsində – Burkina Faso, Mali və Nigerdə aclıq çəkənlərin sayı 6,5 milyon nəfərdir. Kəskin aclıqla qarşılaşanların 10 milyon nəfəri azyaşlılardır. Bundan başqa, Afrikada quraqlıq səbəbindən ərzağın qiymətləri də sürətlə artır.

 

Rövşən TOĞRUL, “Xalq qəzeti”

18 Aprel 2021 04:58 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə