Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyan: pomidor yetişdirməklə güclü iqtisadiyyat qurmaq olmaz

Ermənistanda seçki öncəsi siyasi, sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq qələbə bu ölkənin bütün sahələrinə, eləcə də iqtisadiyyata öz təsirini göstərib. Ermənistan iqtisadiyyatı defolt həddinə çatıb. Bunu işğalçı ölkənin Statistika Komitəsinin göstəricilərindən də aydın görmək olar. Belə ki, Ermənistanın xarici borcu 9 milyard ABŞ dollarına yaxınlaşıb. Ümumi daxili məhsulun adambaşına düşən həcmi 11 min 871 ABŞ dollarından 3 min 407 ABŞ dollarına enib. Yanvar–fevral ayları ərzində Ermənistanın xarici ticarət dövriyyəsi
2020-ci ilin son iki ayı ilə müqayisədə 12,2 faiz, vergi daxilolmaları isə yenə də eyni zaman kəsiyi ilə müqayisədə 4,7 faiz azalıb. İqtisadi fəallıqla bağlı vəziyyət də acınacaqlı hala düşüb: ötən ilin noyabr–dekabr ayları ilə müqayisədə 6,7 faiz eniş qeydə alınıb.

 

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində çıxışı zamanı İkinci Qarabağ müharibəsi və sentyabrın 27-dən noyabrın 10-dək davam edən hərbi əməliyyatların gedişi haqqında verdiyi bəyanat işğalçı ölkədəki acınacaqlı vəziyyəti daha da ağırlaşdırıb. Hazırda istər Nikol Paşinyan, istərsə də müxalif qüvvələr respublikada yaranan böhranın günahkarını axtarır, müharibədəki məğlubiyyətin məsuliyyətini bir-birinin üzərinə atır, satqının kim olmasını araşdırmağa cəhd göstərirlər. Bu məsələdə hətta ideoloji baxımdan bir-birinə yaxın olan Ter-Petrosyanla Paşinyan belə qarşılıqlı ittihamlar səsləndirməkdən çəkinmirlər. Bütün bu xaos və qarışıqlıq Ermənistanın məğlubiyyətinin miqyasını göstərir. Həmçinin Ermənistanda Azərbaycan tərəfindən səsləndirilən bəzi təklif və tələblərə etikadan kənar münasibət bildirilməsi də bu ölkədə Azərbaycana və Türkiyəyə qarşı fobiyanın, aşağılayıcı münasibətin hökm sürməsindən xəbər verir.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında Qarabağ savaşındakı uğursuzluğu özündən əvvəlki bütün siyasi rəhbərlərin–sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın yarıtmaz idarəetməsi ilə əlaqələndirib.
Nikol Paşinyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana hələ 2018-ci ilin iyulundakı görüşləri zamanı “torpaqları qaytarmağın vaxtıdır” dediyini xatırladaraq, müharibədəki məğlubiyyətin əsasının o zamandan qoyulduğunu diqqətə yönəldib. Bundan sonra Levon Ter-Petrosyan sözçüsü Arman Musinyanın dili ilə baş naziri “ruhi xəstə” adlandırıb.
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi isə Nikol Paşinyanın parlamentdə etdiyi açıqlamalarla əlaqədar belə şərh verib: “Onun parlamentdə səsləndirdiyi bütün fikirlər həqiqətdən uzaqdır, uydurmadır. Biz onun boş və mənasız, eləcə də əsassız iddialarına cavab verməməyi qərarlaşdırmışıq. Kapitulyant çirkli manipulyasiyalarını davam etdirməklə heç nəyə nail ola bilməyəcək... Diplomsuz və saxtakar birinə eyni suallara eyni mövzuda cavab verməyin mənasız olduğu qənaətindəyik”.
Ermənistanın keçmiş Baş qərargah rəisi Onik Qasparyan da Nikol Paşinyanı yalan danışmaqda ittiham edib, onu əxlaqsız, yalançı adlandıraraq, ondan başqa heç nə gözləmədiyini bildirib: “Baş nazir və onun Təhlükəsizlik Şurasının katibi vicdansızcasına reallığı təhrif edirlər və hakimiyyət rıçaqlarından yararlanaraq, cəmiyyəti azdırmağa çalışırlar”.
Respublika Partiyasının sözçüsü, keçmiş vitse-spiker Eduard Şarmazanov isə baş naziri kəskin tənqid atəşinə tutub: “Bu təslimçi nəinki danışıqları iflasa uğradıb, o, həm danışıqları pozub, həm də müharibəni qızışdırıb”. Şarmazanovun sözlərinə görə, Paşinyan Qarabağ tənzimlənməsinə dair danışıqları iflasa uğradıb: “Müharibədən sonrakı vəziyyət də bundan xəbər verir. Nə 44 günlük müharibə dövründə, nə də ondan sonra bir beynəlxalq təşkilat, bir həmsədr ölkə Paşinyanı dəstəkləmədi. Bu, onun axmaq, absurd, antierməni və antidanışıq siyasətinin nəticəsində baş verib. Beş min əsgərin həlak olduğu, on minlərlə əsgərin yaralandığı, itkin və əsir düşdüyü müharibədə ali baş komandan olmuş bu şəxs özündən başqa hamını ittiham edir”.
Yeri gəlmişkən, baş nazir Nikol Paşinyanın parlamentdəki çıxışından bir neçə gün əvvəl Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla qapalı görüşündən yayılan səs yazısı da Ermənistandakı siyasi ab-havanı daha da kəskinləşdirib.
Xatırladaq ki, Paşinyanın çıxışının bir hissə “Armvoice” Teleqram kanalı tərəfindən yayılıb. Orada deyilir: “Ermənistan Azərbaycanla müharibədə uduzub, məğlub olub. İndi biz müflis duruma düşmüşük. Sizə dövlət başçısından belə sözlər eşitmək yersiz, mənasız görünə bilər. Amma bu, həqiqətdir, bunu deməyə məcburam, reallığı etiraf etməliyəm... Mən qəti əminəm ki, kommunikasiyaların açılması, əlbəttə, əgər biz buna nail ola bilsək, yəni, müxalifət səddini keçib Azərbaycanın Naxçıvana yolunu açmaqla, Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxara bilərik. Təsəvvür edin, belə halda bizim Rusiya və İranla dəmir yol əlaqələrimiz olacaq... Biz şirkətlərdən investisiya yatırmağı xahiş edirik, amma pomidor yetişdirməklə güclü iqtisadiyyat qurmaq olmaz, sənaye, metallurgiya, İT sahəsi yaradılmalıdır”.
Onu da qeyd edək ki, Ermənistanın baş nazirinin parlamentdə çıxışı işğalçı ölkənin generallarında böyük qorxu yaradıb. Belə ki, Paşinyanın parlamentdə səsləndiridiyi fikirlərdən belə aydın olur ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistanın böyük itkilər verməsinin, o cümlədən erməni qoşunlarının Lələtəpəyə uğursuz hücumunun əsas səbəbkarları erməni generalları, xüsusən də həmin vaxt baş qərargah rəisi olan Onik Qasparyan olub. Baş nazir 44 günlük döyüşlərdə Ermənistan ordusunun əməliyyatlarının yetərsiz və səmərəsiz olduğunu bildirib, amma hadisələrlə bağlı araşdırma qrupu yaradılmayacağını da deyib: “Hər kəs öz vəzifəsini arxayın icra edə bilər. Ancaq buraxılan səhvləri öz aralarında müzakirə edib, nəticə çıxarmaq tapşırılıb”.
Paşinyan hansısa tədbir görülməyəcəyini bildirsə də, generallar qapalı formada toplantı keçiriblər və müharibədən sonrakı vəziyyəti müzakirə ediblər. Erməni mediasının məlumatına görə, yüksək rütbəli hərbçilər onlar barədə cinayət işinin açılacağından narahatdırlar. Başqa sözlə, erməni generallar Paşinyanın dediklərinə o qədər də etibar etmirlər. Çünki baş nazir faktiki olaraq məğlubiyyəti generalların üzərinə atıb. Ona görə də məğlub ordunun yüksək rütbəli zabitləri yaxın zamanlarda vəziyyətin dəyişəcəyindən və məsuliyyətə cəlb olunacaqlarından qorxuya düşüblər.
Bundan başqa, baş nazir müharibənin 4-cü günündə Qasparyanın savaşın dayandırılmasının vacibliyi haqda müvafiq təkliflər irəli sürməsinin yalan olduğunu bildirib. Ermənistan Təhlükəsizlik Şurası Qasparyanın məruzəsini ictimaiyyət üçün açıqlayıb və Paşinyanın haqlı olduğu bildirilib. Açıqlanan sənədlərdən bəlli olur ki, Qasparyan müharibənin dayandırılması ilə bağlı hansısa təklif irəli sürməyib.
Bu hal indiki vəziyyətdə Paşinyan hakimiyyəti üçün vacib əhəmiyyət kəsb edir və növbədənkənar parlament seçkiləri ərəfəsində hazırkı iqtidarın mövqeyini gücləndirir. Cəmiyyət erməni generalitetinin yalan danışdığına şahidlik edir və bu, Paşinyan və komandasının mövqeyinin güclənməsi baxımından mühüm önəm daşıyır.
 

V.BAYRAMOV,
“Xalq qəzeti”

18 Aprel 2021 04:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə