Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Torpaqlarımıza göz dikənlərin niyyəti gözündə qalacaq

Hərbi Qənimətlər Parkı erməni xislətinin növbəti canlı nümunəsi oldu. Bu, bir daha sübut edir ki, Azərbaycan öz ordusuna, əsgərinə güvənərək, silahına sarılıb və doğma torpaqlarımızı işğaldan azad edib. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi dövründə bir addım da geri çəkilmədi. Hərbi Qənimətlər Parkının açılışında təltif olunan hərbi qulluqçularla görüşündə müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, mənəvi ruh, Vətən sevgisi göstərərək, bütün maneələri dəf edərək düşmənə qalib gəldilər. Hərbçilərimiz ləyaqətlə davrandılar və mülki əhalinin zərər görməməsi üçün əllərindən gələni etdilər. Azərbaycan ordusu ermənilər kimi mülki əhalini qırıb, müxtəlif infrastruktur obyektlərinə ziyan vurmadı.

 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov aprelin 12-də açılışı olan və erməni cəmiyyətini silkələyən Hərbi Qənimətlər Parkının əhəmiyyəti barədə fikirlərini “Xalq qəzeti” ilə bölüşdü:
– Azərbaycanda Hərbi Qənimətlər Parkının yaradılması olduqca əlamətdar hadisədir. Park 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinin qəhrəmanlığının, döyüşkənliyinin, xalqın ordu ətrafında birliyinin təcəssümüdür. Burada qənimət kimi əldə olunan texnikanın sərgilənməsi Azrəbaycanın gücünü, böyük qələbəsini əyani olaraq nümayiş etdirir. Əslində, muzeydə məhv edilmiş artilleriya qurğularının kiçik bir hissəsi öz əksini tapıb. 44 günlük Vətən müharibəsi ərzində əlimizə keçən qənimətlərlə bağlı məlumatlar mütəmadi olaraq xalqımıza çatdırılırdı. 30 il ərzində işğala məruz qalmış torpaqlarda düşmənin qurduğu istehkamlar, səngərlər, sığınacaqlar vizual olaraq parkda göstərilir. Tarixi torpaqlarımızda düşmənin mənfur siyasət apardığının şahidi oluruq. Orada qurulan sədd, mif 44 gün ərzində ordumuz tərəfindən dağıdıldı. Bura baş çəkən insanlar Azərbaycan Ordusunun qəhrəmanlıq nümunələrini görəcəklər. Hərbi Qənimətlər Parkının yaradılması Azərbaycan xalqının şərəfli tarixinin göstəricisi olmaqla yanaşı, övladlarımızın vətənpərvər ruhda tərbiyə olunması istiqamətində də böyük əhəmiyyətə malikdir. Düşünürəm ki, qurulan mərkəz uşaqdan-böyüyə hər kəsin baş çəkəcəyi məkanlardan biri olacaq.
Ölkəmizə turistlər gəlir və Azərbaycanda beynəlxalq səviyyəli mötəbər tədbirlər keçirilir. Park xarici vətəndaşlar üçün də maraqlı məkan olacaq. Eyni zamanda, beynəlxalq tədbirlər zamanı dəvət olunan qonaqlar Azərbaycan xalqının qəhrəmanlıq nümunələrinin əks olunduğu bu parka getməyə can atacaqlar. Bu, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlının görmək istədiyi bir məkandır.
– Ermənilər Hərbi Qənimətlər Parkının açılmasından təşvişə düşüblər...
– Onlar təşvişə düşməzdən əvvəl 30 il ərzindəki fəaliyyətlərinə nəzər salsınlar. O zaman görəcəklər ki, bu park onların etdiyi vandallıqlara Azərbaycan Ordusunun döyüş meydanında verdiyi cavabdır. Biz erməni kilsələrini, evlərini dağıtmadıq. Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun məhv etdiyi düşmənin zirehli texnikaları, yük avtomobilləri, reaktiv yaylım atəş sistemləri, artilleriya vasitələri, operativ-taktiki raket kompleksləri kimi çoxsaylı texnikaların nümayiş etdirilməsi bir daha ordumuzun gücünü göstərir. Bu, doğru addım idi.
Biz bir daha Ermənistana nümayiş etdiririk ki, torpaqlarımıza göz dikənlərin niyyəti gözündə qalacaq.
 

Şahxanım ƏLİZADƏ,
“Xalq qəzeti”

18 Aprel 2021 04:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə