Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya”

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Kitabi – Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyası bu günlərdə “Elm” nəşriyyatında çap olunub.
Kitabın üz qabığında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyevin ağac üzərində ərəb əlifbası ilə “Dədə Qorqud” sözləri yazılmış xəttatlıq sənəti nümunəsinin fotosürəti əks olunub. Giriş, dörd fəsil və nəticədən ibarət olan 280 səhifəlik monoqrafiyada rus dilində irihəcmli xülasə verilmişdir. Monoqrafiyanın məsul redaktorları dosent İsmixan Osmanlı və dosent Aygün Bağırlıdır.
Akademik İsa Həbibbəyli bu nəşrdə şifahi söz sənətindən yazılı ədəbiyyata vəsilə olmuş bu məşhur Azərbaycan Oğuznaməsindən ilk dəfə olaraq ədəbiyyatımızın ortaq başlanğıc dövründə canlı ifadə və şifahi yaddaş əsasında yaradılmış yazılı ədəbiyyat abidəsi kimi bəhs etmişdir. Monoqrafiya müəllifi “Kitabi-Dədə Qorqud”la bağlı indiyədək həmin istiqamətdə irəli sürülmüş tezislər də nəzərə alınmaqla bu möhtəşəm ədəbi abidənin Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı faktı olması fikrini tutarlı faktlarla isbat etmişdir. Bu məqsədlə dastanın adındakı “kitab” sözünün mahiyyəti aydınlaşdırılmış, eposun şifahi xalq ədəbiyyatı ənənəsindəki kimi, çoxvariantlı deyil, təkvariantlı olması nəzərə çatdırılmış, Dədə Qorqudun tarixdə yaşamış şəxsiyyət olması müəyyən edilmişdir.
Bununla yanaşı, müəllif “Kitabi-Dədə Qorqud”da Azərbaycan və türk folklorunda sələfi olmayan və ilk dəfə bu eposda təqdim edilən obrazların olmasını da bu oğuznamənin yazılı ədəbiyyatın yaranma prinsiplərinə uyğun gələn xüsusiyyəti kimi diqqətə çatdırmışdır. Görkəmli ədəbiyyatşünas İsa Həbibbəyli Dədə Qorqudu Azərbaycan ədəbiyyatının Homeri adlandırmış, Azərbaycan oğuznaməsini “İlliada” və “Odisseya” ilə müqayisə etmişdir. Beləliklə, ilk dəfə "Dədə Qorqud" eposundan epopeya kimi bəhs edilmişdir.
Monoqrafiyada “Kitabi-Dədə Qorqud”un əlyazma nüsxələri haqqında geniş məlumat verilmiş, boyların ideya-sənətkarlıq xüsusiyyətləri müasir təfəkkür işığında yenidən şərh olunmuşdur. Yeni nəşrdə ulu dastanın poetikası sistemli şəkildə təhlil edilmiş, boylardakı boylama (təhkiyə) və soylamaların (tərənnüm üsullarının) xüsusiyyətləri izah olunmuşdur. Tədqiqat əsərində Dədə Qorqud şeirinin janrları və bənzərsiz məcazlar sistemi də müəyyənləşdirilmişdir. Müəllif “Kitabi-Dədə Qorqud”u Azərbaycan xalqının Ata kitabı adlandırmışdır.
Xalq yazıçısı Anarın kitaba yazdığı “Ədəbiyyat tariximizin Dədəsi” adlı ön sözdə akademik İsa Həbibbəylinin irəli sürdüyü müddəalar və gəldiyi nəticələr aşağıdakı kimi dəyərləndirilmişdir: “Tapılmış dəlil-sübutlar “Kitabi-Dədə Qorqud”un homersayağı şifahi şəkildə yazılmış ilk yazılı abidəmiz olmasına haqq qazandırır. Bütün bunlardan sonra İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”un janrını təyin etməsi, bu abidəni roman-epopeya adlandırması da əsaslı görünür”.
 

Hazırladı:
R.TAHİR, “Xalq qəzeti”

18 Aprel 2021 04:33 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə