Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mədəniyyət naminə sülh” kampaniyasına start verilir

Mədəniyyət Nazirliyindən bildiriblər ki, bu kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımının dünyaya çatdırılmasıdır. Eyni zamanda, dünyanın siyasi, mədəni elitası tərəfindən vəziyyətin tanınması, müxtəlif beynəlxalq münaqişə regionlarında mədəni irsin qorunmasında, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad edilmiş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəldilməsinin vacibliyinin diqqətə çatdırılması əsas məqsədlərdəndir.

 

Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlarından Azərbaycana dəvət ediləcək rəsmilər, diplomatlar, ictimai-siyasi xadimlər, görkəmli mədəniyyət və incəsənət adamlarının, media nümayəndələri və elm xadimlərinin işğaldan azad edilmiş şəhərlərə dəvət edilməsi və sülh çağırışlarının bu ərazilərin fonunda səsləndirilməsi nəzərdə tutulur.
Dünyəvi və multikultural ölkə kimi Azərbaycanın mövqeyinin və sadiq olduğu dəyərlərin dünyaya düzgün çatdırılması olduqca vacibdir. Bu kampaniya, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüslərinin qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyini nümayiş etdirir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı prosesi”nin əhəmiyyətini xüsusi vurğulayaraq, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından biri elan etmişdir. Bununla əlaqədar “Mədəniyyət naminə sülh” kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa və onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır.
“Mədəniyyət naminə sülh” kampaniyası beynəlxalq qurumların və xarici ölkələrin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının, biznes qurumlarının qoşulması üçün açıqdır. Bu layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial media, foto və video, film, musiqi və digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, kampaniya çərçivəsində ilk ictimai aksiya kimi Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan Platforması (www.creative.az) “Sülh üçün yarat” (#create4peace) beynəlxalq aksiyasına başlayır.
 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

18 Aprel 2021 04:37 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə