Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaksinlər üzərində tədqiqat davam edir

Ötən ildən başlayan yeni növ koronavirus pandemiyası peyvəndlərin yaradılmasında yeni bir dövrün əsasını qoydu. Əvvəllər peyvəndin istehsalı üçün 10 – 15 il vaxt lazım gəlirdisə, indi həmin müddət bir ilə qədər azalıb. Peyvəndlənmənin əsas məqsədi orqanizmdə güclü immunitet yaratmaq, yoluxucu xəstəliklərin yayılma təhlükəsinin qarşısını almaqdır. Ötən il iyunun əvvəllərində Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini qeydə alındı. Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, hazırda dünya ölkələri COVID-19-a qarşı 180-ə yaxın peyvənd hazırlayıb. Onlardan 35 -i insanlar üzərində sınaqdan keçirilib.

 

Ölkəmizdə hazırda “CoronaVac” vaksinindən istifadə olunur. Bu peyvənd immun sistemini hərəkətə gətirməklə yanaşı, xəstəliyə qarşı güclü mübarizə aparır. Hazırda 40 yaşdan yuxarı insanlara peyvənd vurulur. Peyvəndin kimlərə vurulub-vurulmaması, xeyrindən çox fəsadlarının olması ilə bağlı fikirlər sosial şəbəkələrdə, hətta, təhsilli insanlar tərəfindən də paylaşılır. Təəssüf ki, müxtəlif ağlagəlməz zərərli təsirlərin olması barədə məlumatlar yayanlar fikirlərini kimlərinsə vaksindən sonra xəstələndiyini, hətta həyatını itirdiyini sübut kimi ortaya qoyurlar. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova peyvəndin kimlərə vurulub-vurulmaması barədə məlumat verərkən deyib:
“Peyvənd olunan gizli COVID xəstəsi olduqda və özü də bu barədə xəbərsizdirsə, yaxud, bir müddət əvvəl özü də hiss etmədən xəstəliyə yoluxub sağalıbsa, bunun heç bir zərəri və təhlükəsi gözlənilmir, çünki onun orqanizmində anticisimlər formalaşmış olur. Lakin hansısa xəstəliyin klinik olaraq təzahürü varsa - fərqi yoxdur, istər infeksion, istər cərrahi xəstəliklər, istərsə də kəskin insult olsun, peyvənd olunmaq əks göstərişdir. Ümumiyyətlə, hər hansı dərman preparatına qarşı həmişə əks - təsir ola bilər . Lakin bunu da nəzərə almaq lazımdır ki, insan orqanizmi fərdi xüsusiyyətlərə malikdir və ona görə bu barədə qabaqcadan hansısa proqnoz vermək olmaz. Lakin müəyyən xəstəlik qrupları, məsələn, kəskin allergik reaksiyalar varsa, həmin dövrdə peyvənd vurulmur”.
Onu da qeyd etməliyik ki, hamilələrin vaksin edilməsi ilə əlaqədar tədqiqat aparılmayıb. Ona görə də onlara peyvənd vurulması hələlik əks göstərişdir. Bununla əlaqədar kifayət qədər məlumat yoxdur. Mütəxəssislər bildirirlər ki, əgər hamiləlik planlaşdırılırsa, bu, peyvənddən iki ay sonra ola bilər. İmmunoloqlar peyvəndin gələcəkdə insan səhhətində hansısa fəsadlar yaradacağı barədə iddiaların tamamilə əsassız olduğunu, yalnız peyvənd vurulan gün yüngül reaksiyaların müşahidə edildiyini bildiriblər. Onlar vurğulayıblar ki, peyvənd olunan şəxslər koronavirusa yoluxsa da, çox yüngül keçirirlər. Hətta ola bilər ki, onlar heç bir əlamət hiss etməsinlər. Peyvənd olunan gün isə hərarətin qalxması, əzələ ağrıları, ümumi zəiflik və iynənin vurulduğu nahiyədə ağrıların olması mümkündür.
Bir məsələyə də diqqət edilməlidir ki, indi xəstəliyin növbəti dalğası yaşanır və təbii ki, peyvənd olunmaq istəyənlərin də sayı artıb. Pandemiyanın ilk dövrlərində koronavirus, peyvəndlər haqqında müəyyən şayiə yayılmışdısa, indi xəstəliyin olmamasına və peyvəndin qoruyucu gücünə şübhə edənlərə çox az rast gəlinir. Peyvənd olunmağa gedən şəxs xəstəlikləri barədə, nə vaxtsa anafilaktik şok keçiribsə, bu barədə mütləq həkimə məlumat verməlidir. Peyvənd ediləndən sonra heç bir allergik reaksiya müşahidə olunmursa, rahatlıqla evə getmək olar. İnyeksiya yerinə toxunmaq və su vurmaq olmaz. Ona görə də peyvənddən sonra üç-beş gün ərzində sauna və hovuzdan istifadə etməmək tövsiyə olunur. Həmçinin bir müddət özünü soyuqdan qorumaq, iynə vurulan qolu yükləməmək və bədəni yormamaq məsləhət görülür.
Uşaqlara peyvənd vurulanda da həmişə həmin tövsiyələr verilib. Amma hər uşağın fərdi xüsusiyyətindən asılı olaraq, bəzilərində temperatur, iynə yerində qızartı, şişkinlik kimi hallar müşahidə edilib. Koronavirusa qarşı vurulan peyvəndlərdə də orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq müxtəlif reaksiyaların olması mümkündür. Baş verə biləcək mümkün təsirlər barədə həkimlər vətəndaşı öncədən məlumatlandırırlar.
Tibb elmləri doktoru, professor Nəsib Quliyev son həftələrdə uşaqların kütləvi surətdə koronavirusa yoluxması, xəstəxanalara yerləşdirilənlərin əksəriyyətinin vəfatı ilə bağlı yayılan şayiələrə münasibət bildirərək deyib ki, bir ildən artıq müddətdə davam edən COVID–19 pandemiyası zamanı aparılan müşahidələr göstərir ki, böyüklərlə müqayisədə uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Müqayisə üçün qeyd etmək olar ki, uşaqlarda bu infeksiyadan baş verən fəsadlar və ölüm hadisələrinə böyüklərdən yüz dəfəyə qədər az rast gəlinir. Lakin onu da qeyd etmək lazımdır ki, bu vəziyyət uşaqlara göstərilən diqqət və qayğının azalmasına heç bir əsas vermir. Nadir hallarda da olsa uşaqlarda çox ağır fəsadlar və ölüm hadisələri müşahidə edilir. Uşaqlarda koronavirusun əlamətlərindən söz açan professor bildirib ki, xəstəlik bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayiət olunur. Uşaqlarda böyüklərdə göründüyü kimi atipik pnevmoniyanın inkişafı nadir hallarda baş verir. Tibb işçiləri ilə bərabər valideynlər də diqqət etməlidirlər ki, belə hallar müşahidə olunan uşaqlar vaxt itirmədən pediatra və ya uşaq infeksionistinə göstərilməlidir.
Onu da yadda saxlamaq lazımdır ki, yüngül əlamətlərin görülməsinə baxmayaraq, uşaqlar ətrafdakılar üçün həmişə yoluxma təhlükəsi yaradırlar. Ona görə də uşaqlara qarşı daha həssas olmaq lazımdır. COVID–19 xəstəliyi immun çatışmazlığı, xronik xəstəliyi, şiş xəstəliyi olan, inkişafdan geri qalmış uşaqlar üçün daha təhlükəlidir. Valideynlər və pediatrlar uşaqların düzgün və keyfiyyətli qidalandırılması (vitaminlərlə zəngin meyvə-tərəvəzlər daxil olmaqla), mövsümə uyğun geyindirilməsi, mümkün olan bütün hallarda açıq havada gəzdirilməsi və xəstəlik şübhəsi olanlarla təmasdan uzaq olmasına diqqət yetirməlidirlər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, COVID–19-a qarşı peyvəndlərin faydası onların mümkün yan təsirləri ilə bağlı risklərdən dəfələrlə üstündür. O, 14 ölkənin hələ ki, bu prosesə başlamadığını bildirərək, dünyanın hər yerində vaksinasiyanı sürətləndirməyə çağırıb. ÜST-ün rəhbəri son altı həftə ərzində COVAX təşəbbüsü çərçivəsində 38 milyondan çox vaksin dozasının dünyanın 100 - dən artıq ölkəsinə çatdırıldığını xatırladıb. O əlavə edib ki, hətta vaksinasiyanın başlandığı ölkələrdə belə, əhalinin qalan hissəsi bir tərəfə, bütün səhiyyə işçiləri üçün hələ kifayət qədər dozalar yoxdur.
ÜST rəhbəri vaksinlərin bölüşdürülməsində disbalansı “şok” adlandırıb. Deyib ki, bütün dünyada 700 milyondan artıq dozada vaksin istehsal olunub, lakin onların 87 faizindən çoxu orta səviyyədən yüksək və ya yüksək gəlirləri olan ölkələrin sərəncamındadır, halbuki aşağı gəlirli ölkələr yalnız 0,2 faiz vaksin alıblar. Orta hesabla, yüksək gəlir səviyyəsinə malik ölkələrdə vaksini demək olar ki, hər dördüncü şəxs, aşağı gəliri olan ölkələrdə isə 500 nəfərdən biri alıb. Vaksinasiya ilə bağlı mümkün risklər barədə danışarkən, ÜST rəhbəri qeyd edib ki, COVID–19 xəstəliyinin ağır keçməsi və ölümün ehtimalı peyvəndlərlə bağlı bəzi yan təsirlərin yaranması riskindən dəfələrlə yüksəkdir. O, bir daha vurğulayıb ki, peyvəndləmə yoluxmanın qarşısının alınması və həyatın xilas edilməsi vasitələrindən yalnız biridir. Virusa qarşı digər müdafiə tədbirləri zəifləməməlidir. Tedros Qebreyesusun həmkarı Marqaret Harris də dünyanın bir çox yerində koronavirus səbəbindən yeni xəstəlik və ölüm hallarının artdığını bildirib. Buna görə o da vaksinasiyanı sürətləndirməyə çağırıb. M.Harris hazırda ÜST-ün Çinin peyvəndləri haqqında məlumatları öyrəndiyini təsdiqləyib. Rusiyanın “Sputnik V” vaksininə gəlincə, Harrisin sözlərinə görə, onun qiymətləndirilməsi prosesi hələ “başa çatmayıb” və ÜST-də bu vaksinin nə vaxt təsdiqlənəcəyini bilmir.
Qeyd olunmalıdır ki, pandemiya təkcə sağlamlıq məsələsi deyil. O, həmçinin sosial həyat, iqtisadiyyat, psixologiya və digər müxtəlif sahələrə ciddi təsir göstərir. Azərbaycanda COVID–19-la mübarizə müxtəlif formalarda və müxtəlif metodlarla aparılır. İstənilən halda vəziyyəti tənzimləməyə çalışmaq lazımdır. Ölkəmizdə hazırda vaksinasiya prosesi gedir və koronavirusa qarşı 1 milyon 250 minə yaxın peyvənd vurulub. Bu, kollektiv immunitetə gedən yolu xeyli qısaldır.
Əminliklə demək olar ki, vaksinasiya prosesi intensiv və fəal şəkildə aparılsa, vətəndaşları narahat edən ciddi sərtləşdirmələr və qadağalara ehtiyac qalmayacaq.
 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Aprel 2021 04:34 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə