Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallı melioratorları məhsul bolluğuna töhfələrini artırırlar

Hazırda dünya üzrə su təchizatı ilə bağlı statistika elə də ürəkaçan deyil. Mütəxəssislərin bildirdiyinə görə, neftin ötən əsrdəki yerini yaxın gələcəkdə suyun tutacağı ehtimalı var. Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Su qıtlığı problemi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı da həyəcan təbili çalıb.

 

Azərbaycan öz potensialından bəhrələnərək dünyada su təminatı ilə bağlı meydana çıxan aktual çağırışları önləməyə çalışır. Hələ ötən il iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilmiş müşavirədə dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, bundan sonra da içməli su, meliorasiya layihələri gündəlikdə ən vacib məsələlər kimi duracaq. Bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar aradan qaldırılmalı, vahid idarəetmə mexanizmi işlənib təqdim edilməli və ardıcıl olaraq qısa, orta və uzunmüddətli fəaliyyət planı icra edilməlidir ki, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olsun.
Bu günlərdə dövlətimizin başçısı İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən daha konkret tapşırıq və tövsiyələr verib. Prezident aqrar sektorun davamlı inkişafı üçün meliorativ tədbirlərin düzgün və səmərəli həyata keçirilməsinin olduqca vacib olduğunu bildirib: “Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə, su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər, biz, əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda, çətinliklər var, çatışmamazlıqlar var. Bunlar aradan qaldırılmalıdır”.
Kənd təsərrüfatında əkin sahələrinin vaxtında və səmərəli suvarılması məhsuldarlığın artmasını şərtləndirir. Bölgələrimizdə buna nail olmaq üçün konkret işlər görülür. Məsələn, Masallıda suvarmanı təmin edən “Viləşçay” su anbarının imkanları genişləndirilir.
Hələ 1963-cü ildə cənub subtropik bölgəsində erkən tərəvəz və çay plantasiyalarının genişləndirilməsinə dair qərar qəbul olunmuş, Masallıda tikiləcək su anbarının layihəsi işlənib hazırlanmışdı. Layihəyə əsasən, ümumi su tutumunun 130 milyon kubmetr, bəndin hündürlüyünün 54,3 metr olacağı nəzərdə tutulur, 31 min hektardan artıq torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi hədəflənirdi. Amma Moskvadakı mərkəzi orqanlar bu işə laqeyd yanaşırdılar. Nəhayət, ulu öndər Heydər Əliyevin qətiyyətli mövqeyi ilə inşası reallaşan su anbarının birinci növbəsi 1986-cı ildə işə salındı. Təəssüf ki, sonralar burada görülən işlərin ardı gəlmədi. Yalnız müstəqillik illərində ənənəvi əkin sahələrinin genişləndirilməsi ilə əlaqədar suvarma suyuna tələbatın artması su anbarının faydalı iş əmsalını yüksəltməyi gündəmə gətirdi və bu sahədə mühüm tədbirlər həyata keçirildi. Torpaqları cana gətirən, əkin sahələrinin bərəkətini artıran “Viləşçay” su anbarının 10 yaşı tamam olanda mən də televiziya çəkiliş qrupunun rəhbəri kimi oraya ezam olunmuşdum. Qədirbilən zəhmət adamlarının qeyri-rəsmi olsa da, minnətdarlıq rəmzi kimi ona ulu öndərin adını verdiklərini yaxşı xatırlayıram.
Yardımlı dağlarından baş alıb gələrək bu rayondakı Qızılağac körfəzinə tökülən Viləşçayın üzərində tikilmiş su anbarının həcmi hazırda 46 milyon kubmetr, ərazisi 456 hektar, torpaq bəndinin hündürlüyü 37 metr və üstdən uzunluğu 3,2 kilometrdir. Bu isə hazırda azlıq edir.
Suvarmaya tələbatı tam ödəmək üçün Masallıda kiçik sututarlarla bağlı araşdırma aparılıb və məlum olub ki, rayon ərazisində əvvəllər istifadə edilmiş 70-ə yaxın belə sututar var və onların 37-nin bərpası nəticəsində 3230 hektar əkin sahəsinin suvarılması mümkündür. Prezident İlham Əliyevin 18 sentyabr 2018-ci il tarixli sərəncamı ilə həmin sututarlarda zəruri təmir-bərpa işlərinə start verilib.
“Viləşçay” Su Anbarı İstismarı İdarəsinin rəisi, təcrübəli mütəxəssis Mahir Əliyevin dedikləri:
– Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur və həyata keçirilir. Bu isə ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərinin sel və daşqınların zərərli təsirlərindən mühafizəsi, çayların su ehtiyatlarından daha səmərəli istifadə edilməsi imkanlarını artırır. “Viləşçay”ın su tutumu rayonumuzun ərazisində cəmi 10 min hektara qədər əkin sahəsinə çatır. Yaxın gələcəkdə anbarın ikinci növbəsinin tikilməsi sayəsində bu rəqəm iki dəfədən də çox artacaq.
“Viləşçay” Su Anbarı İstismarı İdarəsi tərəfindən ötən il bir sıra mühüm təmir işləri görülüb. Rayonun Şərəfə, Köçəkli, Hacıtəpə, Xıl, Mahmudavar, Xırmandalı, Qədirli, Alışanlı, Ərəb, Qızılağac, Sərçuvar, Çaxırlı, Boraqdigah, Gəyəçöl, Eminli, Ağakişibəyli və digər kəndlərinin ərazilərindəki suvarma kanallarına suyun verilməsi üçün ümumilikdə 250 min kubmetr həcmində 105,6 kilometr uzunluğunda kanallarda lildən təmizləmə işləri aparılıb. Sel və daşqın sularının maneəsiz ötürülməsindən ötrü “Viləşçay”da, “Boradigahçay”da, “Tatyançay”da, və “Göytəpəçay”ın Təklə və Xırmandalı kəndləri ərazisindən keçən hissələri, o cümlədən əsas selötürücü kanallar da lildən təmizlənib, dambalar möhkəmləndirilib. Ümumilikdə, yüz minlərlə kubmetr sahədə torpaq qazma işləri görülüb. Suvarma kanallarının və magistral boru kəmərlərinin üzərindəki bütün növ qurğularda tələb olunan təmir-bərpa və sazlama işləri aparılıb. Bütün bunların sayəsində ötən suvarma mövsümü normal keçib və hazırkı suvarma mövsümü ərəfəsində problemlər minimuma enib.
Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq, rayon ərazisində sututarların bərpası sürətlə aparılır. 2019-cu ildə 37 sututardan13-ü lazımi qaydaya salınaraq istismara verilib. Ötən il qalan 24 kiçik sututarın 14-də təmir uğurla davam etdirilib. Daha 10 sututarda isə təmir-tikinti işləri aparılıb. Anbarın ikinci növbəsinin tikilməsi reallaşdırılır. Burada həyata keçiriləcək layihə sayəsində su tutumu 130 milyon kubmetr, rayon ərazisində suvarılan sahələr 20 min hektara yaxın olacaq, rayonda inkişaf etdirilən çəltik və tütün sahələri də qədərincə suvarılacaq.
Eyni zamanda, yeni layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalanacaq. Belə ki, həmin rayonların içməli və kənd təsərrüfatı suları ilə daimi təminatı mümkün olacaq. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 metr qaldırılması nəzərdə tutulur. Beləliklə, su anbarının ikinci növbəsinin tikintisi, demək olar ki, bütün regionun iqtisadiyyatına, o cümlədən kənd təsərrüfatının inkişafına böyük təkan olacaq.
Daha sonra Mahir Əliyev dövlət başçısının ölkə melioratorlarının qarşısına qoyduğu vəzifələrdən danışdı.
– Qəbulda qeyd edildiyi kimi, çatışmazlıqlar, həlllini gözləyən problemlər də az deyil və bunlar tezliklə öz müsbət həllini tapacaq. Artıq işğaldan azad edilmiş ərazilərdə meliorativ tədbirlərin görülməsi ilə bağlı məsələlər gündəmdədir. Həmin torpaqlarda böyük su mənbələrimiz mövcuddur və bir çox su mənbələrimiz məhz orada formalaşır. Biz 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edirdi. İndi artıq bütün bunlar arxada qalıb. Bərəkətli Qarabağ torpağı da tezliklə ölkəmizin ərzaq təhlükəsizliyinə böyük töhfə verəcək.
 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

18 Aprel 2021 04:30 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə