Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni vandallar Ağdamı qara günə qoyublar...

Jurnalistlərin Qarabağ səfəri

 

İşğal zamanı şəhər və kəndlər beşqat talan və dağıntıya məruz qalıb

 

Bir ay əvvəl, Novruz bayramı qabağı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkil etdiyi ölkənin media və vətəndaş cəmiyyəti qurumları rəhbərlərinin işğaldan azad edilmiş Ağdama səfəri o qədər böyük maraqla qarşılandı ki, bir çox jurnalist belə turların davamlı olması təşəbbüsü ilə çıxış etdi. 33 ildən bəri jurnalistikamızın davamlı və baş mövzusuna çevrilmiş başıbəlalı Qarabağın azad edilmiş ərazilərinə getmək, bu uzun müddətdə üzünə həsrət qaldığımız yerləri yenidən görməkdən üstün nə arzu ola bilər?!

 

Bu təşəbbüsü həssaslıqla qarşılayıb, lazımi səviyyədə cavablandıran Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MİA) bir ay sonra, aprelin 15-də ölkənin aparıcı media qurumlarını əhatə edən qəzet-jurnal, xəbər agentliyi və saytların 28, teleradio şirkətlərinin isə 8 əməkdaşından ibarət jurnalist qrupunun işğaldan azad edilmiş Ağdama birgünlük səfərini təşkil etdi. Bakıdan yola düşərkən MİA-nın şöbə müdiri Rüstəm Əhmədov söylədi ki, hər bir jurnalistin düşməndən azad edilmiş ərazilərə səfər etmək arzusunu agentlik təbii hal sayır. Lakin həmin yerlərin başdan-başa minalanması ora çox adamın aparılmasına mane olur.
Bildirildi ki, agentlik belə turları davamlı təşkil etməklə Qarabağa getmək istəyən jurnalistlərimizə yardımçı olacaq. İndiki səfərin əsas tələbi xüsusi işarələnmiş marşrutdan bir addım da kənara çıxmamaqdır. İşğaldan azad edilmiş ərazilərdə indiyədək 80-dən artıq hərbçi və dinc sakin minaya düşüb. Onlardan 20-si həyatını itirib, əksəriyyəti müxtəlif dərəcələrdə yaralanıb və çoxu əlillik qazanıb. Ona görə də Qarabağın azad edilmiş bölgələrinə gediş-gəliş sərt məhdudlaşdırılıb, yalnız əvvəlcədən razılaşdırılmış siyahılar əsasında və ciddi yoxlanışdan sonra mümkündür.
Yolboyu həmkarlarımızın söhbətinin əsas mövzusu Vətən müharibəsində xalqımızın müstəsna birliyi, hədsiz qeyrəti və misilsiz qəhrəmanlığı ilə qazanılmış tarixi Qələbə, dünya miqyasında imza atılan Zəfər oldu. O birlik ki, işğalçı düşmənin yurdumuzun ortasında bu başdan o başa yaratdığı qara yaranı–30 illik hərbi təmas xəttini süpürüb atdı. O qeyrət ki, təcavüzkar Ermənistanla və qonşu İranla sərhədlərimizi tam bərpa etdi. O qəhrəmanlıq ki, Qarabağdakı separatçı rejimin tör-töküntüsünü üzük halqası kimi əhatəyə alıb. Nəhayət, o Zəfər ki, 30 ildən bəri beynəlxalq qurumları belə saya salmayan işğalçı Ermənistanı artıq 5 aydan artıqdır ki, rinqdə nokauta düşmüş məğlub boksçu kimi Azərbaycanın ayaqları altına sərib. Nə qalxmağa taqəti var, nə yenidən üstümüzə gəlməyə hünəri. Sayıqlama və hədyanları isə, görünür, aldıqları zərbənin ağırlığını çəkə və həzm edə bilməməklərindəndir.
Təxminən, 340 kilometrlik yolu bu öyünclü duyğu-düşüncələrlə 3 saat yarıma ötüb Qarabağın baş qapısı sayılan Ağdam ərazisinə – 27 il ağrı ilə yazıb-dilə gətirməyə məcbur olduğumuz keçmiş təmas xəttinə çatdıq. Ağdamda doğulub-böyümüş, 34 yaşınadək vaxtaşırı ötüb keçdiyim bu yerdə tanış bir nişanə axtarsam da, heç nə tapa bilmədim. İlk gözə dəyən buraxılış məntəqəsi və minaaxtaranların səyyar vaqonları, yolkənarı təhlükəli zonanı göstərən xəbərdarlıq lentləri, uzanıb gedən səngərlər və istehkamlar oldu. Bu bomboz, ürəksıxan mənzərənin yerində bir vaxtlar yolkənarı enli yaşıllıq zolağı uzanıb gedirdi. Yaxın-uzaq obaların göylərə boylanan çinar qatarları adama əl eləyirmiş kimi, xəyalları qanadlandırırdı. Bütün bunları yada salıb özümü cəhənnəmin qapısındakı kimi hiss edirəm...
Yox, nə qədər ağır olsa da, bura artıq cəhənnəm deyil, cənnət qapısıdır. Bu keçid məntəqəsi cənnət Qarabağın 27 illik işğaldan azad edilmiş mərkəzi bölgəsi Ağdam şəhərinə gedən, 27 il qədəm basmağa həsrət qaldığımız Ağdam–Bərdə yolunun 15–20 kilometrliyidir. Burada bizi qarşılayan Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının aparat rəhbəri Zülfü Qasımov qrup üzvlərini səfərin marşrutu və gündəliyi ilə tanış edir:
– bu yerdə minaaxtaranların işi ilə tanışlıq və tapılmış hərbi sursatın partladılmasına baxış;
– Ağdam şəhərinin girəcəyindəki “Uzundərə” deyilən ərazidəki III şəhidlər, Böyük Vətən müharibəsi kompleksindəki II şəhidlər və Əsgəranının yaxınlığında yerləşən qədim “Qarağacı” qəbirstanlığındakı I şəhidlər məzarlıqlarının qalıqlarını ziyarət;
– başdan-başa qarət edilib, dağıdılıb xarabalığa çevrilmiş Ağdam şəhərinin mərkəzi küçələrindən keçməklə Qarabağ xanları ailəsinə məxsus tarixi “İmarət” kompleksinin qalıqları, mərkəzi meydan və cümə məscidi ilə tanışlıq;
– Ağdərə istiqamətindəki “Şahbulaq” deyilən ərazidə işğaldan əvvəl bərpa edilmiş, sonradan düşmənin “qədim erməni qalası” adı ilə turizm obyektinə, əslində isə, kefxanaya çevirdiyi Pənahəli xan sarayını ziyarət.
Yeri gəlmişkən, bildirim ki, 40 ildən bəri tanıdığım Zülfü Qasımov işğalaqədərki Ağdam şəhərinin, indiki dillə desək, sonuncu meri olub. Doğma yurda həddindən artıq bağlı olan bu insan sonrakı dövrdə 25 ildən artıq Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini kimi hər cəfanı hamıdan artıq çəkib. Rayonun əvvəlki və sonrakı dövrü barədə onun qədər məlumatlı adamtapmaq çətindir. 35 il qəzetimizin Qarabağ üzrə bölgə müxbiri olmuş, Ağdamın ən ağır günlərini Zülfü müəllimlə bir yerdə keçirmiş, çox təəssüf ki, rayonun işğaldan azad olunmasından 3 ay əvvəl dünyasını dəyişmiş “Qarabağın baş yazarı” adlandırdığımız Əməkdar jurnalist Ziyəddin Sultanov öz dostunu nəvazişlə “hər şeyi bilən və hər işi bacaran insan” adlandırmışdı.
Zülfü Qasımovun əraziyə və baş verənlərə dərin bələdliyi ilə saat 12-dən 19-dək göstərilən marşrutdan keçdik. Ağdamlı həmkarlarım Salman Alıoğlu və Elşən Əliyev bir çox yerlərdə Zülfü müəllimə bələdçilikdə böyük həvəslə kömək etdilər. Bir çox yerlərdə dayandıq. Qarabağ şəhidlərini və tarixi ünvanları ziyarət etdik. Nə gördük, hansı hisslər keçirdik, səfərin ümumi təəssüratı nədən ibarətdir?
Əvvəla, bildirim ki, keçdiyimiz marşrutun əksər mənzərələrini ötən aylarda telejurnalist həmkarlarımız çəkib hamıya göstəriblər. Biz, videokameranın bir obyektivinə düşənləri iki gözün yaratdığı canlı təsvirdə daha yaxından və ən kiçik təfərrüatları ilə görüb dəyərləndirdik. Həmkarlarımın əksəriyyəti dərin ağrı keçirirdilər. Bəlkə də, Ağdamın itkisi ağrısını 27 il hamıdan artıq yaşadığımızdan biz ağdamlı jurnalistlər nisbətən toxtaq idik. Amma məni də sarsıdan görüntülər az olmadı:
– Xan qızı Natəvanın betonla örtülmüş qəbrinin və əksər şəhid məzarlarının dağıdılması, “İmarət”dəki məscid və türbələrdə heyvan saxlanması;
– “Qarağacı” qəbristanlığının yer üzündən silinib əkinə çevrilməsi;
– şəhərin hətta su və kanalizasiya borularının sökülüb qarət edilməsi;
– tövləyə çevrilmiş tarixi Ağdam məscidinin minarəsindən görünən “ruhlar şəhəri”nin indiki ümumi mənzərəsi;
– mənim yaşıdlarımın uşaqlıq və gənclik illərinin böyük dünyaya açılan qapısı, özü boyda ağ göyərçinə bənzəyən Ağdamımızın amansızlıqla xarabalığa döndərilməsi;
– unudulmaz iş yoldaşım, əziz qardaşım Ziyəddin Sultanov başda olmaqla bir çox dostlarımın Ağdama bir də qədəm basa bilməyəcəyini düşünməkdən doğan çəkilməz bir ağrı və qəlbimə axan göz yaşları;
– ulu Tanrıya yerdəkindən 50 metr yaxın olan məscidin minarə eyvanından Ağdam uğrunda döyüşlərdə həlak olmuş və Qarabağ torpaqlarında Vətənə qurban getmiş bütün şəhidlərimizin ruhuna səsləndirdiyim Fatihə surəsi! Tanrının qüdrəti və lütfü ilə Qarabağımıza qovuşmağın şükranlığı!
Ardını tarix və erməni vandallarını haqq məhkəməsində ittiham üçün gərəkli olacaq ümumi və yığcam təəssüratla davam etdirirəm. Düşmən Qarabağın digər bölgələri ilə müqayisədə Ağdama xüsusi amansızlıqla divan tutub. Bu, onunla bağlıdır ki, bu şəhər həmişə erməni hiyləsinin və xəyanətinin daha çox cavablandırıldığı bir mərkəz olub. Bundan əlavə, Ağdam quldur, yağmaçı erməni mərkəzləri olan Əsgəran, Ağdərə və Xankəndiyə daha yaxındır.
Ağdam Ermənistan rəhbərliyi səviyyəsində beşqat talan, istismar və dağıntıya məruz qalıb:
– işğaldan sonrakı dövrdə Ermənistan rəhbərliyinə keçmiş Koçaryan–Sarkisyan hərbi-siyasi mafiyası Ağdamı qarət etdirib öz sərvətlərini artırmışlar;
– bundan sonra qarət və talanı digər yüksək çinli hərbçilər davam etdirmişlər;
– sonrakı illərdə şəhərin başdan-başa sökülən ev, çoxmərtəbəli bina və inzibati obyektlərinin tikinti və kommunikasiya materialları– mişar daşı, taxta, dəmir və s. davamlı olaraq hətta qonşu dövlətdən gələn işbazlara satılıb, yanacaq və zəruri mallara dəyişdirilib;
– dördüncü mərhələdə iri dəmir-beton konstruksiyalar sökülərək səngər və istehkamlar qurmağa sərf olunub;
– nəhayət, Arsax üçün göz yaşı tökən və qanı axıdılan sıravi ermənilər şəhərə və digər kəndlərə buraxılıb, söküntülər, qalaqlanmış həyət və məhəllələr “qalib ermənilərə” mülk kimi paylanıb. Onların isə bu hədiyyədən gələcəkdə faydalanmaq üçün yalnız onu dəmir qırıntıları ilə hasarlamağa gücləri çatıb.
Ermənistanın hərbi-siyasi rəhbərliyi səviyyəsində həyata keçirilmiş bu planlı, mütəşşəkkil, davamlı talançılıq və vandallıq aksiyalarından əlavə, işğal edilmiş bütün Qarabağ torpaqları kimi, Ağdamın yuxarı əraziləri, bağlar, otlaqlar, su mənbələri, elektrik avadanlığı, Şahbulaq daş karxanası istismara məruz qalıb.
Təmas xəttindən Ağdam şəhərinədək olan ən münbit torpaqlar, min hektarlarla üzümlüklər, bağlar məhv edilərək, bir neçə sıra səngər və istehkamlarla tanınmaz hala salınıb. Bu ərazidən keçən-- üzümlük dirəkləri ilə işarələnmiş 10–15 metr enində bədnam “Ohanyan səddi” tank və ağır texnika əleyhinə minalarla örtülüb. Bu səddin arxasında Bərdə–Ağdam yolunun hər iki tərəfi hündür istehkama çevrilib. Şose və dəmiryol xəttinin kənarları boyunca istehkamların qarşısı da başdan-başa minalanıb. Düşmən rayon ərazisini tərk etdiyi günlərdə isə hər yeri minalayıb.
Sonda bir məqama da qısaca toxunum. Ötən 28 il müddətində işğalçı dövlət təkcə Ağdam rayonunda talançılığa, dağıntılara və müdafiə işlərinə sərf etdiyi qüvvə və vəsaitlə öz ölkəsini xeyli inkişaf etdirə, abadlaşdıra bilərdi. Düşmən bu nəhəng vandallıq aksiyalarına illər boyu vaxt və güc sərf etməklə, Ağdamda və digər bölgələrdə həyat üçün zəruri hər şeyi məhv etməklə ona çalışıb ki, bütün bunlardan sonra biz bir də bu yerlərə qayıtmaq fikrinə düşməyək.
Biz isə qayıtdıq! Qayıtdıq ki, xaraba qoyulmuş Qarabağı yenidən cənnətə çevirək. Qayıtdıq ki, qara günə qoyulmuş Ağdamı yenidən ağ günlərə qovuşduraq!
 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

18 Aprel 2021 04:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə