Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hərbi Qənimətlər Parkı radikal və terrorçu erməni qruplaşmalarına göz dağıdır

Bu fikirləri Azərbaycan Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü bildirib. O deyib:
– Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında çıxışı zamanı da bildirdi ki, II Qarabağ müharibəsində ordumuz böyük qəhrəmanlıq göstərdi. 44 günlük Vətən müharibəsi, bizim gücümüzü, birliyimizi, iradəmizi ortaya qoydu. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. 44 gün ərzində bir dəfə də Azərbaycan Ordusu geriyə addım atmadı. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilmədi. 10 min fərari olub Ermənistan ordusunda.
Bəli, tətbiq olunan hərbi taktika, göstərilən qəhrəmanlıqlar illər uzunu təhlil olunacaq, araşdırılacaq, müzakirə ediləcək, danışılacaq. Ermənistan tərəfi bunu kiçiltmək üçün texniki üstünlüyü, PUA-ların mövcudluğunu qabartmağa çalışsa da, Şuşanın azadlığı onların bu təbliğatını da darmadağın etdi. Şuşa qəhrəmanlığı bıçaqla, tapançayla, avtomatla və böyük mənəvi-psixoloji ruhla, Vətən sevgisi ilə reallaşdırıldı. Biz şanlı qələbəimizi dünyaya və vətəndaşlarımıza daha dolğun çatdırmaq üçün, gələcək nəsillərə təbliğ etmək üçün zəruri işlər görməliyik. Filmlər, kitablar, məqalələr, araşdırmalar, tədbirlər və s. hazırlanmalı, keçirilməli, çoxsaylı işlər görülməlidir.
Artıq ilk və möhtəşəm addımlar atılmaqda, əməli işlər görülməkdədir. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və Bakıda 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkını buna nümunə göstərə bilərik. Parkdakı eksponatlar Azərbaycanın zorla cəlb olunduğu müharibənin dəhşətlərini, dövlətimizin və ordumuzun düşməni necə darmadağın etməsini, rəzil və zəlil gününə salınmış erməni ordusunu, onların qoyub qaçdıqları və məhv edilmiş hərbi texnikalarını əhatə edir. Bütün bunlarla müharibə haqqında, ordumuzun qəhrəmanlığı barəsində zəngin təəssürat formalaşdırılır. Hər kəs şahidi olacaq ki, bu qələbə asanlıqla qazanılmadı, ermənilər o torpaqları xoşluqla deyil, başlarına “dəmir yumruq” dəyəndən sonra tərk etdilər.
M. Göyüşlü daha sonra qeyd edib ki, Vətən müharibəsi ordumuzun hərbi hazırlıq və diplomatiya siyasətinin düzgün qurulduğunu göstərdi. Hərbi Qənimətlər Parkı isə həm bunu, həm də hərbiçilərimizin, vətəndaşlarımızın ruh yüksəkliyi ilə düşmənə qarşı “dəmir yumruq” kimi birləşdiyini və qəhrəmanlıq göstərdiyini ifadə edir. Bu, eyni zamanda, Ermənistana, onu dəstəkləyənlərə, radikal və terrorçu erməni qruplaşmalara da mesajdır. Azərbaycan ərazilərinə göz dikənin, hərbi avantüraya meyil edənlərin aqibəti, onları silahlandıranların sonu, məhz bu cür olacaq.
Minlərlə erməni meyiti, zəlil günə qoyulmuş düşmən hərbiçisi, məhv edilmiş texnika onları gözlərini açmağa, həqiqətləri qəbul etməyə, başqasının torpaqlarına göz dikməkdən əl çəkməyə məcbur edəcək.
 

Anar ƏLIYEV,
“Xalq qəzeti”

18 Aprel 2021 03:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə