Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda abadlıq-quruculuq işləri daim diqqətdə saxlanılır

Mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən, mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

 

Bu gün dünyada hökm sürən COVID-19 pandemiyası dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir. Azərbaycanda isə vəziyyət göz önündədir: Vətən müharibəsində parlaq qələbəmiz nəticəsində işğaldan azad edilən torpaqlarımızda tikinti-quruculuq işləri aparılmaqla yanaşı, respublikamızda insan amilinə mühüm önəm verilməsi də diqqətdə saxlanılır. İnsanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq dövlət proqramları uğurla icra edilir.

 

Azərbaycanda kəndlər, qəsəbələr, şəhərlər getdikcə simasını dəyişir, gözəlləşir. Belə yeniləşmə paytaxtımızda, eləcə də, Bakıətrafı yaşayış sahələrində də özünü qabarıq büruzə verir, sosial obyektlər inşa olunur, yollar çəkilir, yeni iş yerləri yaradılır. Bütün bunlar isə, şübhəsiz ki, Prezident İlham Əliyevin yeritdiyi sosial siyasətdən, insanlara göstərdiyi diqqət və qayğıdan, gündəlik nəzarətdən xəbər verir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Pirşağı qəsəbəsində aprelin 16-da yenidənqurma tədbirlərinə start verilməsi və burada təmir-bərpa işlərinin təməlinin qoyulması da bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, dövlətimizin başçısının göstərişinə əsasən, 2019-
cu ildən etibarən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin şahidi olmuşuq. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də hazırda bu proses uğurla davam edir.
Artıq Pirşağı da mahiyyətcə qədim, formaca yeni simasını qazanacaq. Qəsəbədə həyata keçirilən tədbirlərin əsas məqsədi buradakı insanların daha yaxşı şəraitdə yaşaması, özlərini daha rahat hiss etmələridir. Pirşağı tarixən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Sonda ekoloji vəziyyətin də yaxşılaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulub.
Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi “Çar-bağ” (Cahar-bağ) prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır.
Xatırladaq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Bakının, eləcə də paytaxtətrafı yaşayış məntəqələrinin ekoloji vəziyyətinin yaxşılaşması istiqamətində bir sıra önəmli layihələr həyata keçirilib, ötən illərdə şəhərin havasını çirkləndirən mənbələr aradan qaldırılıb. Məsələn, əvvəllər şəhərimizin havasını çirkləndirən və Balaxanı zibilxanası kimi tanınan ərazidə hazırda müasir zibilyandırma zavodu, poliqon fəaliyyət göstərir. Gerçəkləşdirilən layihələr nəticəsində indi bu yer, eləcə də ora bitişik olan Böyükşor gölü ərazisi ekoloji təmiz zona kimi diqqət çəkir.
Pirşağıda abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti, məhz yerli sakinlərdən ibarətdir. Yeni siması ilə postpandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməsi qarşıya mühüm vəzifə kimi qoyulan Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.
Burada bir məsələyə də toxunmaq istərdik. Azərbaycanda son 18 il ərzində mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri olan mədəni irsin qorunması və təbliği diqqət mərkəzində saxlanıb. Ölkəmizin çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələrinə həssaslıqla yanaşılıb, onların qorunması, saxlanılması, bərpası ilə bağlı önəmli tədbirlər həyata keçirilib, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı təmin olunub, habelə hər bir vətəndaşın tarixi irsimizin qorunması üçün məsuliyyəti təşviq edilib.
Hazırda abadlaşdırma zamanı tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlər sırasındadır. Pirşağıda bu mənada bərpa-konservasiya olunacaq abidələrdən biri Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tanış olduqları Hacı Şahverdi hamamıdır. Bu hamam XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa olunub. Yerli əhali arasında o, “Qum hamamı” kimi tanınır.
Ümumiyyətlə, Azərbaycanın rayonlarında, o cümlədən, paytaxt Bakıda tarixi yadigarlara ən yüksək səviyyədə qayğı və diqqət göstərilir. Bu, təsadüfi deyil. Çünki Prezident İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlayır, bütün qədim maddi-mədəni dəyərlərə, eləcə də sovet vaxtında tikilən abidələrə xalqımızın milli sərvəti kimi yanaşır: “Bu abidələr bir daha onu göstərir ki, Azərbaycanın çox qədim tarixi, qədim mədəniyyəti var. Çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər. O cümlədən, ovdan, hamam – bu, mədəniyyət deməkdir”.
Pirşağıda yaradılacaq şərait həm də bu qədim yaşayış məskəninin yaxın gələcəkdə respublikamızın turizm mərkəzlərindən biri kimi tanınması məqsədi daşıyır. Bu, ilk növbədə, ölkəmizdə turizm sənayesinə mühüm önəm verilməsi ilə bağlıdır. Çünki müstəqil Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Dövlətimiz tərəfindən həyata keçirilən proqramlar və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına kömək edir. Qeyri-neft sektorunun əsas sahələrindən biri olaraq turizm hökumətimizin hər zaman diqqət mərkəzindədir. Ölkəmizin təbii-coğrafi şəraiti, malik olduğu maddi-mənəvi resurslar, həmçinin tarixən formalaşmış adət-ənənələri bu sahənin inkişafı üçün möhkəm zəmin yaradıb.
Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində həyata keçirilən bu layihələr həm tarixilik, həm də mövcud reallıqlar baxımından xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, yerli memarlıq məktəbinin üslubları və özünəməxsus rəng çalarları yenidən canlandırılır və gələcək nəsillərə ötürülür. Postmüharibə və mövcud pandemiya reallığından baxdıqda isə iqtisadi gücümüzün böyük dərəcədə artdığı, hətta qlobal çağırışlara rəğmən, heç bir sosial layihənin ixtisar olunmadığı aydın görünür.
Pirşağı qəsəbəsində yenidənqurma işlərinin layihəsindən danışan “Bakı Abadlıq Xidməti” MMC-nin müdiri Bünyad Qasımov bildirib: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə müsabiqə elan etdik. Bu qəsəbədə yenidənqurma tədbirlərinin konseptual layihəsini hazırlamaq üçün 20-dən artıq iş topladıq. Sözsüz ki, qəsəbənin öz xüsusiyyətlərini, buranın ab-havasını, Abşeronun mədəniyyətini və digər amilləri nəzərə alacağıq”.
Yeri gəlmişkən, turizmin inkişafı istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasəti çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edilməkdədir. Təəssüf ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətin vəziyyətdə digər sahələr kimi turizm sənayesinə də böyük ziyan dəyib ki, bu da ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Əhalisinin sağlamlığı və təhlükəsizliyi mühüm amil olduğu üçün Azərbaycan da pandemiya dövründə dünya ölkələrinin əksəriyyəti kimi öz sərhədlərini bağlayıb.
Sonda qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda reallaşdırılan abadlıq-quruculuq tədbirlərinin həcmi getdikcə artır. Bu işlər paytaxt sakinlərinin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması, şəhərin qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir sosial binaların tikilib istifadəyə verilməsi ilə müşayiət olunur. Bütün bunlar isə Azərbaycanın dünyanın ən gözəl ölkələrindən birinə çevirilməsini şərtləndirir.
 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

18 Aprel 2021 03:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə