Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriyanın sabiq vitsekansleri həbs oluna bilər

“Euronews” agentliyinin yaydığı məlumata görə, Avstriyanın sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) keçmiş rəhbəri, sabiq vitse-kansler Haynts-Xristian Ştraxe beş ilədək müddətə həbs oluna bilər.

Bildirilir ki, 2019-cu ildə məşhur “Ibiza” qalmaqalına görə bütün siyasi vəzifələrindən istefa verən Ştraxeyə qarşı korrupsiya ittihamı ilə cinayət işi açılıb. Prokurorluğun ittihamnaməsində qeyd edilir ki, hakimiyyətdə təmsil olunduğu dövrdə Ştraxe onun dostlarından birinə məxsus özəl klinikanın fəaliyyətini yaxşılaşdırmaq üçün qanunvericilikdə dəyişiklik edilməsinə nail olub. Həm keçmiş vitse-kansler, həm də klinika sahibi qanun dəyişikliyi ilə bağlı rüşvət ödənişinə dair ittihamı rədd edirlər.

Məlumata görə, bir neçə aydan sonra Vyana Əyalət Məhkəməsində başlayacaq məhkəmə prosesində Özəl Xəstəxanaların Maliyyələşdirilməsi Fondu haqqında qanuna müdaxilə ön planda dayanacaq. İddia olunur ki, Ştraxe həmin qanuna dəyişiklik olunması sayəsində onun partiyasını maliyyələşdirən şəxsin özəl klinikasının göstərilən xidmətlərə görə sığorta fondlarından daha yüksək ödənişlər ala bilməsini təmin edib.

Qeyd olunur ki, klinika rəhbəri mətbuata açıqlamasında Avstriya Azadlıq Partiyasını siyasi görüşlərinə görə dəstəklədiyini və partiyanın hesabına pul vəsaitləri köçürdüyünü etiraf edib, lakin bu dəstəyi konkret xidmətlər gözləmədən etdiyini bildirib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

17 Aprel 2021 08:32 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə