Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Entoni Blinkenin Əfqanıstana gözlənilməz səfəri

ABŞ dövlət katibi Entoni Blinken bu il aprelin 15-də Kabilə gözlənilməz səfər edərək, Əfqanıstan liderlərinə ABŞ-ın bu yaxınlarda ölkədə qalan qoşunlarını çıxarmağa başlamasına baxmayaraq, Əfqanıstana sadiq qaldığını deyib. Bu barədə “Amerikanın səsi” məlumat yayıb.

 

"Əməkdaşlıq dəyişsə də, davamlıdır", - deyə E.Blinken Prezident Əşrəf Qani və digər rəsmilərlə görüşü zamanı bildirib.

Qeyd edək ki, səfər ABŞ Prezidenti Cozef Baydenin bu il sentyabr ayının 11-dək ABŞ əsgərlərinin Əfqanıstandan çıxacağını elan etməsindən bir gün sonra baş tutub.

Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi jurnalistlərə açıqlamasında deyib ki, ABŞ bundan sonra Əfqanıstandakı hərbi əməliyyatlarda birbaşa iştirak etməsə də, istənilən hər hansı təhlükənin qarşısı alınacaq.

Yeri gəlmişkən, E.Blinken cümə axşamı Amerika səfirliyində əsasən ABŞ hərbçilərindən ibarət bir qrupla görüşüb və 2001-ci ildə – yəni ilk hərbi qüvvələr bu ölkəyə yerləşdirildiyi gündən ötən dövrdə ordunun səylərini yüksək qiymətləndirib. “Sizin və sələflərinizin son 20 ildə etdikləri həqiqətən fövqəladə haldır”, - deyə E.Blinken bildirib.

Blinken Əfqanıstanın vətəndaş cəmiyyəti üzvləri ilə də görüşüb. Lakin jurnalistlərə bu barədə heç bir açıqlama verməyib. Görüşdə iştirak edən Əfqanıstan parlamentinin üzvü Nahid Fərid bir müxbirin Əfqanıstanın gələcəyi ilə bağlı sualına “Mənin buna baxışım bədbindir” - deyə, cavab verib.

Xatırladaq ki, Prezident C.Bayden iki gün əvvəl televiziya ilə çıxışında “Əfqanıstandakı müharibənin nəsildən nəslə keçməsi heç bir zaman nəzərdə tutulmayıb”, – deyib.

Onun sözlərinə görə, Dünya Ticarət Mərkəzi və Pentaqona edilən terror hücumlarından iyirmi il sonra Birləşmiş Ştatların orada qalmağına zərurət yoxdur. O, ABŞ-ın Əfqanıstanda diplomatik və humanitar fəaliyyətini davam etdirəcəyini və Kabil hökumətinə dəstək verəcəyini əlavə edib.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti” 

17 Aprel 2021 08:30 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə