Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Rusiya ilə dialoqa hazırdır

ABŞ Prezidenti Co Bayden bəyan edib ki, ölkəsi Rusiya ilə konstruktiv şəkildə işləməyə hazırdır, xüsusən Vaşinqton üçün faydalı olan sahələrdə. Bu bəyanatı Bayden Ağ evdə çıxışı zamanı səsləndirib. Məlumatı “İnterfaks.ru” verib. 

 

ABŞ Prezidenti deyib: “Hansı sahələrdə ki, Rusiya ilə işləmək ölkəmiz üçün maraq kəsb edir, biz bu sahələrdə əməkdaşlıq edəcəyik”.

O, ümid etdiyini bildirib ki, Rusiya ilə qarşılıqlı əlaqələr üçün uyğun variant tapmaq mümkün olacaq: “İndi deeskalasiya dövrüdür. Bundan sonrakı hərəkətlərimiz düşünülmüş dialoq və diplomatik proses olacaq.

ABŞ bu istiqamətdə konstruktiv şəkildə irəliləməyə hazırdır”. Bayden bildirib ki, bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti “səmimi” olub. Onun sözlərinə görə, hər iki tərəf “qlobal təhlükəsizlik üçün əhəmiyyətli dərəcədə cavabdehlik” daşıyır.

Qeyd edək ki, aprelin 15-də ABŞ “zərərli fəaliyyətinə”, xüsusən kiberhücumlarına, seçkilərə müdaxiləsinə və Krımdakı vəziyyətə görə Rusiyanın 25 şirkətinə və 15 vətəndaşına sanksiya tətbiq edib.

Yeni sanksiyalar çərçivəsində Rusiyanın ABŞ-dakı səfirliyinin on əməkdaşı da ölkədən çıxarılıb. ABŞ-ın Maliyyə Nazirliyi də Rusiyanın dövlət borcuna qarşı yeni sanksiyalar tətbiq edib. Bunlar barədə həmin gün Ağ evin yaydığı bəyanatda bildirilib. Sanksiyalar NATO tərəfindən də dəstəklənib. Rusiya XİN isə bunu “XXI əsrin vassallığı” adlandırıb. RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, NATO-nun bu qərarı real faktlar əsasında deyil, “psevdohəmrəyliyin nümayişi olaraq” əmr əsasında qəbul olunub.

Bayden Ağ evdəki çıxışında bəyan edib ki, daha sərt sanksiyalar tətbiq edə bilərmiş, ancaq bunu etməyib: “Mən Putinlə danışanda birmənalı şəkildə dedim ki, biz daha uzağa gedə bilərdik, ancaq etmədik. Mən proporsionallığı gözlədim”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti

17 Aprel 2021 08:29 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə