Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan filmləri Braziliyanın ən nüfuzlu festivalında…

Azərbaycanda istehsal olunmuş filmlər Braziliyadakı festivalda nümayiş etdiriləcək. Bu barədə “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

 

O, deyib: “İlk olaraq, Braziliyada 29 ildir keçirilən “Festival Internacional de Cinema Ambiental e Direitos Humanos” festivalından “Edam günü” bədii filminə dəvət gəlib. Festivala seçilmiş filmlər arasında xüsüsi qonaq olaraq qeyd edilən “Edam günü” ölkəmizi təmsil edəcək. Filmi baxış üçün gələn il göndərməyimizi xahiş etdilər.
İkinci olaraq, Braziliyanın Rio-de-Janeyro şəhərində da 14 ildir keçirilən “FriCine” beynəlxalq festivalında “Şollerin arxivi” bədii filmi seçilmiş filmlər arasında ölkəmizi təmsil edəcək.
Üçüncü olaraq, Braziliyada keçirilən “İnternational art vizual and film festival”da “Şollerin arxivi” və “Edam günü” bədi filmləri seçilmiş filmlər siyahısında yer alıb, onlar birincilik uğrunda yarışacaq. Filmləri festivalın platformalarında -- “Viridiana TV”də dünya miqyasında paylamağı təklif ediblər”.
C.Qasımov bildirib ki, “Şollerin arxivi” bədii filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
“Edam günü” bədii filmi psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.
C.Qasımov deyib ki, ekran əsərinin çəkilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.
“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən sovet dövründə Bayıl həbsxanasında işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, -- deyə ssenari müəllifi bildirib.
 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 Aprel 2021 08:58 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə