Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan və erməni lobbisi təkzibolunmaz fakt və dəlillərlə tərksilah edilir

Prezident İlham Əliyev müxtəlif vaxtlardakı çıxışlarında işğalçı Ermənistana qarşı informasiya mübarizəsinin önəmini diqqətə çatdırıb, düşmənin haqqımızda daim yalan məlumatlar, uydurma faktlar yaydığını vurğulayaraq, buna adekvat cavab verilməsinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının zəruriliyini xatırladıb.

 

Vətən müharibəsi günlərində də dövlətimizin başçısı bu məsələni diqqətdə saxlayaraq, dünyanın aparıcı informasiya agentliklərinə, televiziya kanallarına verdiyi çoxsaylı müsahibələrində suallara dəqiq, məntiqli, faktlara söykənən cavabları ilə Qarabağ münaqişəsi haqqında həqiqətləri beynəlxalq aləmə çatdırdı. Bununla da düşmənin saxta xəbərlərinin (fake news), necə deyərlər, ayaq açıb yeriməsinə imkan vermədi, işğalçının bütün avantüra, qarayaxma kampaniyalarının qarşısını qətiyyətlə aldı, xalqımızın beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında haqq savaşı apardığını bildirdi.
Azərbaycan Ermənistana qarşı informasiya mübarizəsini Vətən müharibəsindən ötən müddətdə də uğurla aparır. Çünki Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda vurğuladığı kimi, işğalçının ölkəmizə qarşı uzun illərdən bəri həyata keçirdiyi demonizasiya siyasəti, uydurmaları, azərbaycanlıları düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal altında saxlayan formada təqdimatı bu məsələni zəruri edir. Buna görə də dövlətimizin başçısı həmin konfransdakı çıxışında Ermənistanın 30 ilə yaxın bir dövrdə işğal siyasəti aparmasını, soydaşlarımızı doğma yurdlarında yaşamaları ilə bağlı fundamental hüquqlardan məhrum etməsini xatırladaraq deyib: “Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq...”.
Bu yaddaş–erməni vəhşiliyi barədə beynəlxalq aləmim məlumatlandırılması, təsdiqlənməsi mühüm önəm daşıyır. Ona görə də Prezident İlham Əliyev bu amili nəzərə alaraq, yuxarıda qeyd etdiyimiz kimi, Qarabağ münaqişəsi başlayandan indiyədək bütün hadisələri təfərrüatı ilə dünya ictimaiyyətinə çatdırır. Məsələn, dövlətimizin başçısı istər Vətən müharibəsi dövründə, istərsə də haqq savaşı parlaq qələbəmizlə yekunlaşandan sonra Azərbaycan həqiqətləri haqqında beynəlxalq aləmdə aydın təsəvvür yaratmağa çalışır və buna uğurla nail olur.
Ölkə rəhbərinin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”adlı beynəlxalq konfransda bununla bağlı səsləndirdiyi fikirlərə diqqət yetirək. Belə ki, dövlətimizin başçısı çıxışında xatırladıb ki, hələ Vətən müharibəsindən əvvəl erməni tərəf o vaxtkı Dağlıq Qarabağa qanunsuz səfərlər edən əcnəbiləri belə Ağdam, Füzuli və digər rayonlara törədilən dağıntıların dəhşətlərini görməmələri üçün buraxmırdı: “Səbəb ondan ibarət idi ki, Ermənistan hökuməti onların həmin ərazilərdə olan dağıntıların, işğalın, azərbaycanlılara qarşı olan nifrətin nəticəsinin şahidi olmasını istəmirdi. Aydındır ki, həmin ərazilər Birinci Qarabağ müharibəsi dayandıqdan sonra viran qoyulmuşdur, çünki müharibə gedə-gedə şəhər və kəndləri dağıtmaq mümkün olmazdı. Onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər...”.
Göründüyü kimi, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın informasiya cəbhəsində düşünülmüş sistemli, eyni zamanda, fakt və dəlillərə əsaslanan səmərəli fəaliyyəti Ermənistan hakimiyyətinin uzun illər bu istiqamətdə apardığı qismən uğurlu mübarizənin hazırda tam fiaskoya uğramasını şərtləndirir. Bu məsələdə diqqət çəkən məqam həm də odur ki, Prezident İlham Əliyev müsahibələrində, eləcə də xarici KİV nümayəndələri ilə görüşlərində, habelə beynəlxalq konfranslarda respublikamızın haqlı mövqeyi ilə bağlı sualları təmkinlə, uzaqgörənliklə, siyasi peşəkarlıqla əsaslandırır, məsələnin mahiyyətini səbrlə izah edir, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini, habelə dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirir.
Bu fikrin təsdiqi olaraq diqqəti bir məqama yönəltmək istərdik. Əvvəla onu qeyd edək ki, Azərbaycan hər zaman tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verib. Ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Tarixi-mədəni, dini abidələrimiz necə qorunubsa, digər millətlərə və dinlərə xas olan dəyərlər də eləcə mühafizə olunub. Lakin Azərbaycanın işğal altındakı torpaqları azad edildikcə həmin yerlərdə Ermənistanın həyata keçirdiyi vandalizm və barbarlıq hərəkətləri bütün çılpaqlığı ilə nəzərə çarpıb: qəsbkar ordu respublikamızın əzəli ərazilərindəki tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan edib.
Azərbaycanda tolerant, multikultural dəyərlərə önəm verilməsinin nəticəsidir ki, Vətən müharibəsində bütün millətlərə mənsub gənclər işğalçıya qarşı qəhrəmanlıqla döyüşdülər, parlaq qələbəmizin əldə edilməsində möhtəşəm uğurlara imza atdılar. Dövlətimizin başçısı bununla bağlı sözügedən beynəlxalq konfransda deyib: “Bir çox hallarda multikulturalizm və mədəni müxtəliflik mövzusunda beynəlxalq tədbirlər zamanı mən həmişə qeyd edirdim ki, Azərbaycanın ən böyük sərvətlərindən biri multikultural və multikonfessiyalı cəmiyyətin olmasıdır. Bu müharibə zamanı bütün millətlərin, etnik qrupların nümayəndələri son damla qanlarına qədər döyüşürdülər. Onlar Vətənləri uğrunda döyüşürdülər. Azərbaycanda müxtəlif etnik qruplardan ibarət xalqımızın Vətən sevgisi, vahid dil və dövlətçilik naminə güclü konsolidasiyası baş verdi. Mən bundan fərəhləndim və bu gün də fəxr edirəm ki, biz belə vətəndaşlar tərbiyə etmişik”.
Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə 30-a yaxın dünyanın aparıcı mediasına müsahibələri və çıxışları, bəyanatları, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, ölkə rəhbəri təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.
Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub.
Ekspertlər dövlətimizin başçısının müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığını və onları peşəkar formada cavablandırmaq bacarığını, yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda, həmçinin ölkəmizdə baş verən hadisələr, habelə cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirir və onun dünya səviyyəli siyasətçi olduğunu bildirirlər.
Birmənalı şəkildə demək olar ki, müharibə dövründə olduğu kimi, postkonflikt mərhələdə də Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır.
 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

17 Aprel 2021 08:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə