Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daldan atılmış daş...

Minsk qrupunun gecikmiş fəaliyyətinə ötəri nəzər

 

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Əsgərlərimizin yüksək iradəsi, əzmi, canı, qanı bahasına torpaqlarımız işğaldan azad olundu. Müharibə bitdi və faktiki olaraq postkonflikt dövrü başlandı. Lakin qələbədən əvvəlki dövrə nəzər saldıqda görə bilərik ki, Azərbaycan bu münaqişənin həlli üçün heç vaxt müharibə tərəfdarı olmayıb. Bunun üçün keçərli səbəblərimiz də var idi. Azərbaycana sözlər verilirdi. Biz də hər kəsi özümüz kimi hesab edərək verilən vədlərə inanırdıq. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan xalqı dürüst xalqdır. Ancaq bəzən bu amil hadisələrin bizim əleyhimizə inkişaf etməsinə səbəb olub.

 

Götürək elə Minsk qrupunu. Minsk qrupu ötən əsrin 90-cı illərində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmışdı. Minsk qrupunun fəaliyyətə başlamasından qısa bir müddət sonra həmsədrlik institutu yaradıldı ki, hazırki həmsədrlərdən əlavə müxtəlif illərdə Finlandiya və İsveç bu qrupa başçılıq edib. 1997-ci ildən etibarən Rusiya, Amerika və Fransa ATƏT-in Minsk qrupuna həmsədrlik edir.
Prezident İlham Əliyev bir neçə gün əvvəlki çıxışı zamanı Fransanın Minsk qrupuna necə həmsədr təyin edilməsi ilə bağlı məlumat verdi. Qeyd etdi ki, bir çoxları, o cümlədən bəzi fransız jurnalistlər bu məsələdən xəbərdar deyil. Belə ki, o dövrdə Fransa Prezidenti olan Jak Şirak bu məsələ ilə bağlı dəfələrlə ulu öndərdən xahiş etmişdir. Heydər Əliyev Fransadaki güclü erməni lobbisini əsas tutaraq, bu məsələyə razılıq verməmişdir. Hətta, mərhum Prezident Şirak İlham Əliyevlə olan görüşü zamanı, özü bu hadisəni xatırlatmış və ulu öndəri Fransanın tərəfsiz olacağına necə inandırdığından danışmışdır. Yalnız Heydər Əliyevin razılığından sonra Fransa Minsk qrupuna həmsədr qəbul edilmişdir.
Lakin münaqişənin danışıqlar yolu ilə həlli üçün fəaliyyət göstərməli olan Minsk qrupunun həmsədrlərindən Fransa, separatçı dövlətin tərəfində idi. Prezident İlham Əliyev müharibə dövründəki çıxışları zamanı bu məqamı dəfələrlə dilə gətirmiş və Azərbaycan tərəfinin vəziyyətdən məmnun olmadığını bildirmişdi. Fransanın bu mövqeyi təkcə müharibə dövrünü deyil, daha əvvəlki illəri də əhatə edir. Həmçinin aprelin 13-də ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı ingilis professor Taras Kuzionun Fransanın mövqeyi ilə bağlı sualını cavablandırarkən Prezident İlham Əliyev bu məsələnin təəssüf hissi doğurduğunu qeyd edib: “Siz Fransanın Ukraynanın ərazi bütövlüyünü güclü dəstəklədiyini, lakin, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədiyini deməyiniz düzdür. Mən bunun necə adlandırıldığını bilirəm, lakin kobudluq etmək istəmirəm”.
Noyabr ayında isə Fransa parlamentinin hər iki palatası Dağlıq Qarabağın müstəqilliyinin lehinə səs vermişdi. Lakin bu bizim planlarımıza mane ola bilmədi. Müharibə zamanı Azərbaycana sanksiyalar tətbiq etməyə çalışan güc mərkəzlərinin müharibəni dayandırmaq, azad olunan torpaqları geri qaytarmaq kimi istəkləri isə, elə istək olaraq da qaldı.
Prezident İlham Əliyev istər müharibə zamanı, istərsə də müharibədən əvvəlki dövrlərdə dəfələrlə qeyd edib ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamamışdır. Azərbaycan ərazi bütövlüyünü özü təkbaşına qazanıb. Lakin Minsk qrupunun bu münaqişəni həll etmək üçün səlahiyyəti var idi. Müharibədən sonra əlaqə qurmaq üçün Bakıya səfər edən ATƏT-in Minsk qrupunun həmsədrlərini və Rusiyanın Azərbaycandakı səfirini qəbul edən ölkə başçısı 28 il ərzində Minsk qrupunun imkanlarının olduğunu, lakin heç bir addımın atılmadığını bildirmişdi. İlham Əliyev qeyd etmişdi ki, 17 ildir bu məsələnin içindədir və Minsk qrupu məsələnin həlli yolunda təklif irəli sürməkdən başqa heç bir iş görməyib. Bütün bunlar da kağız üstündə qalıb.
Əlbəttə, hər şey bitdikdən sonra danışmaq asandır. İndi əsas məsələ odur ki, ATƏT-in Minsk qrupunun həmsədirləri bundan sonrakı vəziyyətlə bağlı nə düşünür. Çünki Minsk qrupu bu zamana qədər münaqişənin həlli üçün təkliflər irəli sürürdüsə, indi münaqişə tarixə qarışıb. Bəs bundan sonra bu qrupun fəaliyyəti nədən ibarət olacaq? Əgər məsələ həll edilibsə, onu həll etmək üçün hansısa bir təşkilata ehtiyac varmı? Prezident İlham Əliyev də bu barədə fikir bildirərkən dedi ki, Minsk qrupuna çıxın gedin, daha bizə lazım deyilsiniz demək də olmur. Ölkə başçısının fikrincə, Minsk qrupu bu vaxta qədər kreativ olub. Və biz təklif edirik ki, bir qədər də kreativ olsunlar. Lakin birmənalı olaraq söyləmək mümkündür ki, Minsk qrupu bundan sonra öz işinə davam edəcəksə, bu fəaliyyət münaqişənin həlli üçün olmayacaq. Çünki münaqişə artıq həll edilib.
Bu günlərdə Minsk qrupunun bəzi nümayəndələri tərəfindən irəli sürülən bir fikir də var ki, heç bir məntiqə sığmır. Həmin fikir ondan ibarətdir ki, münaqişə həll olunmalıdır. Lakin münaqişə artıq həll edilib. İlham Əliyevin bu məsələ ilə bağlı dedikləri isə olduqca qəti oldu: “Əgər mən münaqişənin həll edildiyini deyirəmsə, bu, onun həll olunduğu deməkdir. Əgər, Ermənistan münaqişənin həll olunmadığını deyirsə, onda mən Ermənistan tərəfindən münaqişənin həllini necə gördüklərini, bizim nələr etməli olduğumuzu soruşa bilərəm. Beləliklə, onların özlərinin nəsə düşünmələrini, kreativ olmalarını, dəstək verməli olduqlarını hesab edirəm. Bu kövrək sülhə zərbə vura biləcək bir şey etməməlidirlər”.
Həmçinin aprelin 13-də ATƏT-in Minsk qrupu həmsədrləri birgə bəyanat yayıblar. Lakin bəyanatın mətni müharibədən sonrakı dövr üçün nəzərdə tutulan ən önəmli məsələləri deyil, bir sıra başqa fikirləri əhatə edib.
Bizim bundan sonra görəcəyimiz işlər bəllidir. Öhdəmizə düşən başlıca məsələ işğaldan azad edilən ərazilərdə həyatın, infrastrukturun yenidən bərpa edilməsidir. Quruculuq və bərpa işləri artıq başlanıb. İşğal zamanı doğma torpaqlarından didərgin düşmüş əhalinin öz ata-baba yurdlarına tez bir zamanda qayıda bilməsi üçün müvafiq işlər görülür. Ərazilərin mina xəritələri Ermənistan tərəfindən bizə təqdim olunmadığından daha gec irəliləyən minadantəmizlənmə işləri mümkün olduğu qədər sürətlə davam etdirilir. Qarşıya çıxan bütün problemlərə rəğmən demək mümkündür ki, Azərbaycan postmüharibə dövrünü lazım olduğu kimi idarə etməyi bacarır.
Prezident İlham Əliyevin də dediyi kimi, Minsk qrupunun bundan sonrakı fəaliyyəti, münaqişənin həlli üçün olmayacaq. Lakin düşünmək olar ki, bu günə kimi hər zaman fikirlər irəli sürən Minsk qrupu bundan sonra da müharibədən sonrakı dövrdə sülhün möhkəmləndirilməsi üçün, təkliflər hazırlaya bilər.
Bu barədə ölkə başçısı qeyd etdi ki, gərək Minsk qrupu Ermənistana qeyri-real vədlər verməsin. Çünki onlar neytral və qərəzsiz olmalıdırlar. O ki qaldı, Ermənistanla gələcək sülh razılaşmasına, onlar bilməlidirlər ki, bu, ümumilikdə, region üçün yeni imkanlar deməkdir.
Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun regionda rolu böyükdür. Ümid edirik ki, onlar tezliklə yeni təkliflərlə gələcəklər. Və biz də öz növbəmizdə bu təklifləri lazımi diqqətlə nəzərdən keçirəcəyik.
Ümid edək ki, Minsk qrupu Prezident İlham Əliyevin məsləhətinə uyğun olaraq, bu istiqamətdə işlər görəcək.
 

İmran ƏLİYEV,
“Xalq qəzeti”

17 Aprel 2021 08:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə