Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya saxta tarixin girovluğundan çıxmalıdır

Bir neçə gün bundan əvvəl Bakının Xətai rayonu ərazisində Hərbi Qənimətlər Parkı açıldı. Xatırladım ki, respublikamızda indiyədək müxtəlif parklar və muzeylər fəaliyyət göstərir. Lakin vətəndaşlarımızın və ölkəmizə gələn turistlərin üzünə açılan müxtəlif park və muzeylərin heç biri Hərbi Qənimətlər Parkı qədər cəlbedici və əhəmiyyətli olmayıb.

 

Bir çox ölkələrdə bu qəbildən olan parklar kiçik muzey şəklində fəaliyyət göstərir. Bakıda yaradılmış Hərbi Qənimətlər Parkı daha geniş missiyanı həyata keçirir, həm indiki gənclərin, həm də gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində, döyüş əzminin daim yüksək olmasında mühüm rol oynayacaqdır. 30 illik işğaldan sonra əldə edilmiş tarixi qələbəmiz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin nəyi, nə vaxt, harada və necə etmək lazım olduğunu nə qədər səlis bildiyinin daha bir parlaq təcəssümüdür.
Hərbi Qənimətlər Parkı vətənsevərlər parkıdır, mərdlik parkıdır, şəhidlərimizin ruhuna əbədi ehtiram parkıdır. Dövlətimizə, müzəffər Silahlı Qüvvələrimizə, Ali Baş Komandanımıza minnətdarlıq edənlərin üz tutacağı məkandır. Vətənpərvərlər İctimai Birliyinin sədri, Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi olaraq deyə bilərəm ki, dövlətimizin ordusu qəhrəman və peşəkardır, düşmənlə müqayisədə üzərində ordumuzun mənəvi üstünlüyü danılmaz faktdır.
Vətən müharibəsi bizim şanlı tariximiz, xalqımızın əbədi qürur qaynağına çevrildi. Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün, mükəmməl taktikasının, dəqiq siyasi-iqtisadi və diplomatik kursunun təzahürüdür. Fəxrlə xatırladıram ki, Azərbaycan XXI yüzilin müharibəsini aparıb və örnək yaradıb. Hərbi Qənimətlər Parkı isə XXI yüzillik müharibəsinin miqyasını və Azərbaycanın Qələbəsinin möhtəşəmliyini göstərir.
Gənclərimizlə görüşlərdə dönə-dönə xatırladırıq ki, biz Qələbəmizi əbədiləşdirdiyimiz kimi, erməni vandalizminin insanlığa qarşı cinayət olduğunu da unuda bilmərik. Odur ki, “Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik”!
Prezident İlham Əliyev ADA Universitetində keçirilmiş və dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin bilavasitə qatıldığı konfransda çıxış edərək Cənubi Qafqaza yeni baxışın mahiyyətini – tarixə qovuşmuş münaqişədən sonrakı inkişaf və əməkdaşlığın mənasını məharətlə açdı.
Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını daim hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək, öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
 

Müqamət ƏLİYEV,
Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri

17 Aprel 2021 08:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə