Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DYP-dən sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Bununla bağlı "Xalq qəzeti"nə BDYPİ-dən məlumat verilib:

“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə!

Tərəfdaş qurumlar tərəfindən verilmiş rəsmi məlumata istinad edərək bildiririk ki, Rusiya Federasiyasının (RF) “Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında” federal qanunvericiliyində dəyişiklik edilib.

Belə ki, hazırda qüvvədə olan dəyişikliyə əsasən, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsi Rusiya Federasiyasının (RF) dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduğu zaman həmin nəqliyyat vasitəsilə əvvəllər RF ərazisində törədilmiş inzibati xətaya görə nəzərdə tutulmuş inzibati cərimənin ödənilməməsi halı aşkarlanarsa, qeyd olunan nəqliyyat vasitəsinin RF ərazisində hərəkətini davam etdirməsinə yalnız sözügedən inzibati cərimənin ödənilməsindən sonra icazə verilir.

Xarici daşıyıcı və ya onu təmsil edən nümayəndə nəqliyyat vasitəsi Rusiya Federasiyasının dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduqdan sonra üç saat ərzində inzibati cərimə öhdəliyini yerinə yetirməlidir. Əks təqdirdə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasının ərazisindən xaric edilməsi üçün qanunla müəyyən olunmuş tədbirlər görüləcək.

Bununla yanaşı, sözügedən qanunun müvafiq müddəalarının qüvvəyə minəcəyi 2021-ci il 7 iyul tarixindən etibarən eyni qaydaların Rusiya Federasiyasını tərk etmək istəyən xarici daşıyıcıya məxsus nəqliyyat vasitələrinə də şamil olunacağı nəzərdə tutulub. Yəni, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsilə Rusiya Federasiyasının ərazisində törədilmiş inzibati xətaya görə nəzərdə tutulmuş inzibati cərimə ödənilmədiyi təqdirdə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasının ərazisini tərk etməsinə məhdudiyyət tətbiq ediləcək.

Eyni zamanda bildiririk ki, Rusiya Federasiyası DİN-in Dövlət Yol Müfəttişliyinin rəsmi internet səhifəsində (гибдд.рф) xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ödənilməmiş inzibati cərimələri haqqında məlumat əldə etmək imkanı yaradılıb”.

16 Aprel 2021 10:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə