Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİ “Pfizer-BioNTech” peyvəndinə üstünlük verir

Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bildirib ki, Avropa İttifaqı (Aİ) əczaçı tərəfdaşı olan “PfizerBioNTech” şirkətindən yaxın aylarda əlavə 50 milyon doza COVID–19 peyvəndi almaq barədə qərar qəbul edib. Bu barədə Brüsseldəki mənbələrə istinadən “Amerikanın səsi” radiosu məlumat yayıb. 

 

Xanım siyasətçi Brüsseldə keçirdiyi brifinqdə qeyd edib ki, yeni müqavilə Aİ-nin 250 milyon doza alacağı deməkdir. Onun sözlərinə görə, peyvəndin 2022 və 2023-cü illərdə çatdırılacaq əlavə yeni dəsti ilə bağlı tərəfdaşlarla üçüncü müqavilə barədə danışıqlar aparılır.

Aİ rəsmisi, həmçinin bildirib ki, sözügedən müqavilələr vaksinlərin təkcə istehsalını deyil, həm də digər bütün vacib komponentlərini də əhatə edəcək və bunların hamısı Aİ ölkələrində olacaq.

Xatırladaq ki, “Pfizer/ BioNtech” peyvəndinin ixtiraçısı, Almaniyada yaşayan türk əsilli professor Uğur Şahin və onun xanımıdır. Von der Lyayen 27 ölkədən ibarət Aİ-də artıq 100 milyon dozanın tətbiq olunduğunu və bunun qürur duyacağımız bir mərhələ təşkil etdiyini açıqlayıb.

Lakin “AstraZeneca” və “Johnson & Johnson” vaksinləri ilə əlaqədar müəyyən problemlərin olduğunu inkar etməyən Avropa Komissiyasının prezidenti bir çox amillərin peyvəndlərin planlaşdırılmış çatdırılması cədvəllərini poza biləcəyini əlavə edib. “Buna görə də mümkün qədər sürətli hərəkət etmək, öncədən düşünmək və tənzimləmək vacibdir və Avropanın vaksinasiyasını dəstəkləmək üçün əlimizdən gələni edirik”, – deyə o, bildirib.

Bir neçə Avropa ölkəsi nadir hallarda qan laxtalanması barədə xəbər verildikdən sonra “AstraZeneca” peyvəndinin tətbiqini dayandırıb. Çərşənbə axşamı isə ABŞ-ın səhiyyə tənzimləyiciləri oxşar xəbərlərə görə “Johnson & Johnson” peyvəndinin tətbiqini dayandırmağı tövsiyə ediblər.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

16 Aprel 2021 05:33 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə