Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda aparılan bərpa və quruculuq işləri zəfər yolunun davamıdır

Bu sözləri bizimlə söhbətində Əməkdar müəllim, ehtiyatda olan polkovnik-leytenant Bayram MƏMMƏDOV dedi.
B.Məmmədov qeyd etdi ki, ermənilərin bu torpaqlardakı infrastrukturu tamamilə dağıtması heç kəsə sirr deyil: Ermənilər həmin ərazilərdəki infrastruku məhv edib. Şəhərlərimiz, demək olar ki, dağıdılıb. İndi orada ucu-bucağı görünməyən, yandırılıb məhv edilmiş, minalanmış boş, quraq torpaq sahələri var. Çünki onlar işğal etdikləri torpaqlarda yaşamaqdan qorxurdular. Bilirdilər ki, Azərbaycan tezliklə öz qanuni torpaqlarına qayıdacaq. Ermənilərin nisbətən sıx məskunlaşdığı rayonlardan biri də Laçın idi ki, onu da müxtəlif yollarla geri verməkdən imtina edirdilər. Ölkə başçısı çıxışlarından birində bu məqamı xüsusi vurğulamışdır ki, ermənilər hansısa yolla Laçını öz əllərində saxlamaq istəyirlər. Onlar düşünürdülər ki, Laçın Ermənistanla dəhliz funksiyası yerinə yetirməlidir. Lakin Prezident İlham Əliyevin qətiyyətli addımları ermənilərin bu xülyasını ürəklərində qoydu.
B.Məmmədov sözünə davam edərək dedi: Azərbaycan bərpa işlərinin başlanmasında gecikmədi. Hətta müharibənin davam etdiyi ərəfədə, ərazilər azad edildikcə, həmin bölgələrə xüsusi mütəxəssizlər göndərildi. İllərdir kimsəsiz qalan torpaqlarımza işıq, su, eyni zamanda, rabitə xətləri çəkilməsinə başlanıldı. Müharibənin bitməsi ilə quruculuq planları geniş vüsət aldı. Prezidentimiz azad edilən torpaqlarımıza səfərlər edərək, vəziyyətlə tanış oldu. Müvafiq tapşırıqlar verdi. Bərpa işlərinin daha rahat şəraitdə, qəzasız həyata keçirilməsi naminə ərazilərdə minadan təmizlənmə prosesi başlandı. Həmçinin əraziyə yerli və xarici şirkətlər cəlb edildi. Böyük vəsait ayrıldı.
Yeri gəlmişkən, onu da xüsusi qeyd etmək istərdim ki, keçmişdə işğaldan azad edilmiş, lakin atəş xəttində olduğu üçün bərpa işləri başlanmamış ərazilərimizdə də quruculuq işlərinə start verilib. Bununla yanaşı, işğal altında olmayan, lakin cəbhə bölgəsinə yaxın yerləşdiyindən, ermənilərin qanunsuz hücumlarına məruz qalan rayon, kənd və qəsəbələrimizə dəymiş külli miqdarda maddi ziyan da var ki, bunu da xüsusi vurğulamaq lazımdır. Bu aktların qeydə alınması, dəymiş ziyanın hesablanması önəmli amillərdən biridir. Nəzərə alsaq ki, cəbhə xəttində olmayan və insanların sıx məskunlaşdığı ərazilərə qarşı törədilən bu aktlar müharibə cinayətidir, belə olan halda Ermənistan beynəlxalq arenada törətdiyi bu cinayət üçün hesabat verməlidir.
 

Söhbəti apardı:
İmran ƏLİYEV, “Xalq qəzeti”

16 Aprel 2021 08:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə