Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın qazandığı qələbə həm də bütün türk dünyasının möhtəşəm uğurudur

Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərəm ki, bu haqq savaşında uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

 

Burada bir məqamı xüsusi vurğulamaq istərdim. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə, həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu.
Onu da qeyd edim ki, xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev paytaxtda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında 3 dekabr 2020-ci il tarixli müvafiq sərəncam imzaladı. Ötən müddətdə sənədin icrası istiqamətində mühüm işlər görüldü və nəhayət, dövlətimizin başçısı aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi.
Erməni faşistləri tərəfindən işğaldan azad edilən ərazilərimizdə tarixdə heç zaman unudulmayacaq vandalizm əməlləri törədilib, şəhər və kəndlərimiz yerlə bir edilib, tarixi irsimiz tamamilə dağıdılb, təbii sərvətlərimiz talanıb. Prezident İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında vurğuladığı kimi, bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur. Bu parlaq nailiyyətlə yeni reallıq yaranıb. Bu reallıq qan tökülərək, cəsarət göstərilərək, düşməni qovaraq reallaşdırılıb. İndi isə düşməndən təmizlənən ərazilərimizdə həmin reallıqdan irəli gələn genişmiqyaslı bərpa-quruculuq layihələrinin gerçəkləşdirilməsinə başlanılıb. Əsas diqqət, istək isə bir məqsədə – insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımızın tez bir zamanda canlanmasına, yurd yerlərimizin gülüstana çevrilməsinə yönəldilib.
 

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

16 Aprel 2021 08:35 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə