Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şuşanın bütün fatehləri ilə qürur duyuram…”

Müsahibimiz Milli Məclisin deputatı Anatoli Rafailovdur

 

Anatoli Rafailov ixtisasca həkimdir. Qırx ildən çoxdur ki, cərrah kimi yüzlərlə xəstənin həyatını xilas edib. 2020-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən Milli Məclisin deputatı seçilib.
MM-nin Səhiyyə komitəsinin üzvü, Azərbaycan–İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

 

– Anatoli müəllim, “Facebook”dakı bir statunuz diqqətimi cəlb etdi. Yazıbsınız ki, müharibənin sərt üzü, ağrı-acıları sizə yaxşı bəllidir. Nəyi nəzərdə tutubsunuz?
– Mən Birinci Qarabağ müharibəsi zamanı bir cərrah kimi yüzlərlə yaralının həyatını xilas etmişəm. Yadımdadır, 1990-cı illərin əvvəllərində gənc həkim idim, elə gün olurdu ki, gün ərzində 10-12 saat fasiləsiz cərrahiyyə əməliyyatları aparmalı olurdum.
Qarabağda ağır döyüşlər gedirdi, cəbhədən çox sayda yaralılar gətirirdilər. Mən hələ o zaman müharibənin insan talelərinə vurduğu ağır zərbələrin şahidi olmuşam. Bəzən bütün günü ayaq üstə qaldığım üçün iş gününün sonuna yaxın ayaqlarım şişirdi. Başa düşürdüm ki, dayanmaq olmaz. Çünki hər dəqiqə, hər saat çox qiymətliydi, hər bir an kiminsə həyatı demək idi.
O vaxtdan 30 ilə yaxın vaxt ötüb. Hazırda deputat seçilsəm də, sevimli və şərəfli peşəmdən ayrılmamışam. Bu gün Vətən müharibəsində yaralanan əsgərlərimizin, qazilərimizin öz sağlamlıqlarını bərpa etmələri üçün əlimdən gələni edirəm.
– Vətən müharibəsi artıq başa çatıb. Bəlkə həmin həyəcanlı günləri bir anlığa yenidən xatırlayaq...
– Çox çətin, gərgin, taleyüklü məqamlar idi. Allaha şükür ki, hər şey yaxşı qurtardı. Azərbaycan 44 günlük savaşda tarixi qələbə qazandı. Bu gün biz qalib xalqıq. Bu, çox qürurvericidir!
Bu tarixi zəfər, ilk növbədə, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün olub. Tarixdə çox az dövlət xadiminə, eləcə də ayrı-ayrı xalqlara belə möhtəşəm zəfərlər qazanmaq nəsib olur.
Etiraf edək ki, böyük qələbələr asan, rahat yolla əldə olunmur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarcasına vuruşublar, mərdlik, qəhrəmanlıq nümayiş etdiriblər. Fəxrlə deyə bilərəm ki, bu müqəddəs savaşda yəhudi gənclər də fəal iştirak ediblər.
– Vətən müharibəsi zamanı siz Ermənistanın raketlərlə hədəfə aldığı Gəncəyə getmişdiniz...
– Ermənilər cəbhənin təmas nöqtəsindən xeyli aralıda olan Gəncə kimi böyük bir şəhərin dinc sakinlərini gecə saatlarında raket atəşinə məruz qoymaqla ağır hərbi cinayətə əl atmışdılar. Bu cinayəti törədənlər tarix qarşısında cavab verəcəklər.
Mən Gəncədə dağılan evləri, qətlə yetirilən uşaq və qadınların, qocaların doğmalarının gözlərindəki ağır kədəri görəndə çox sarsıldım. Məni bu şəhərdə, eyni zamanda, heyrətləndirən həm də o oldu ki, sakinlər mənfur düşmənə qarşı çox qəzəbli, hiddətli olsalar da, heç kim panikaya düşməmiş, şəhəri tərk etmək fikrində deyildi.
Gəncədə böyükdən kiçiyə hamıda Azərbaycan dövlətinə, onun liderinə, xalqımızın qələbəsinə dərin inam hissi vardı. Mən dahi Nizaminin Vətənində Azərbaycan xalqının düşmən təhlükəsi qarşısında yenilməzliyini, sonsuz qürurunu, böyüklüyünü bir daha müşahidə etdim.
– Qarabağ rəşadətli Azərbaycan Ordusu tərəfindən azad ediləndən sonra məlum oldu ki, ermənilər ərazidəki hər şeyi dağıdıblar...
– Ermənilərin Qarabağ torpağında, həqiqətən, saysız-hesabsız vəhşiliklər törədiblər. Bütün dünya bu gün oradakı dəhşətli mənzərədən şoka düşüb. Cənab İlham Əliyevin dəqiq və obrazlı şəkildə ifadə etdiyi kimi, sanki buradan vəhşi qəbilələr keçiblər.
Erməni vandalları Qarabağda evləri viran qoyublar, ağacları kəsiblər, meşələri qırıblar. Hətta Kəlbəcəri tərk edərkən ermənilər arı pətəklərini belə yandırıblar. Bu ki, əsl vəhşilikdir!
Mən zərrə qədər şübhə etmirəm ki, dövlətimiz və xalqımız əl-ələ verib yaxın aylar, illər ərzində gözəl Şuşanı, külli Qarabağı yenidən dirçəldəcək, bu qədim və bərəkətli torpaq laləzara çevriləcək.
– Eşitmişəm ki, bir müddət əvvəl israilli göz həkimləri ölkəmizə gələrək çox sayda yaralı hərbçilərimizi müalicə ediblər. Bu barədə nə deyə bilərsiniz?
– Bəli, bu, həqiqətdir. Azərbaycana gələn israilli oftalmoloqlar yüzlərlə hərbçinin gözlərini müayinə ediblər, onlar ağır göz əməliyyatları həyata keçiriblər. Bu humanitar aksiya YAŞAT Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin dəstəyilə baş tutub.
Mən bu məqamda bir israilli qadının çox xeyirxah addımı barədə də söz açmağı özümə borc bilirəm. Belə ki, həmin qadın dünyasını dəyişmiş həyat yoldaşının gözünün buynuz təbəqəsini azərbaycanlı əlil əsgərə hədiyyə etmişdir. Bu, çox qiymətli hədiyyə İkinci Qarabağ müharibəsinin qazisi Arif Hacıyevə köçürülüb və indi onun gözlərinin nuru bərpa olunub!
Qeyd etmək lazımdır ki, müharibədə insanlar təkcə fiziki deyil, psixoloji travma da alırlar. Bunu nəzərə alaraq bu il martın 18-də “Briut” klinikasının yüksək kateqoriyalı psixoloq-həkimləri, mən də Qusar rayonunda olduq, şəhidlərimizin ailə üzvləri və qazilərimiz üçün tibbi konsultasiya keçdik.
– “Yaxşı dost çətin gündə tanınar” deyirlər. Qarabağda döyüşlər başlanan ilk gündən son günə qədər qardaş Türkiyə, Pakistan ilə bərabər, İsrail də Azərbaycan dövlətinin və xalqının yanında oldu...
– Başqa cür ola da bilməzdi. Azərbaycan və yəhudi xalqları, dövlətlərimiz bir-birinə tarixən çox yaxın, dost olublar. Bu gün də bu gözəl ənənələr davam edir.
Bu il fevralın 23-də Milli Məclisin Azərbaycan–İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi mən İsrailin Azərbaycandakı səfiri cənab Corc Dik ilə görüşdüm. Hörmətli səfir iki ölkə arasında mövcud olan sıx əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə dərin inamını ifadə etdi.
Bu günlərdə Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib. Mən tədbirdə çıxış edərək vurğuladım ki, Azərbaycan bu gün dünyada İsraildən sonra yəhudilərin kompakt yaşadığı yeganə ölkədir.
Quba rayonunda yerləşən Qırmızı Qəsəbədə neçə əsrlərdir yəhudi icması yaşayır. Təkcə Qubada deyil, ölkəmizin istisnasız olaraq hər bir şəhər və kəndində yəhudilərə qarşı xoş münasibət var. Bu məmləkətdə heç vaxt antisemitizm olmayıb.
– Siz seçicilərlə tez-tez görüşürsünüz. Seçicilər indi ən çox hansı qayğılarını dilə gətirirlər?
– Son vaxtlar ən çox şəhid ailələri, qazilərlə görüşlərim olur. Şəhid ailələri, əsasən, səhidlərimizin adlarının əbədiləşdirilməsi ilə əlaqədar müraciət edirlər. Bir çox müraciətlər isə əlillik poblemləri ilə bağlı olur. Kəndlərdə yol, içməli su çatışmazlığı və başqa problemləri də dilə gətirənlər olur.
Mən seçicilərin məni axtarıb-aralamalarını gözləmirəm. Özüm vaxtaşırı onların yanına getməyə, qayğı və problemləri ilə yaxından maraqlanmağa çalışıram. Bir müddət əvvəl Quba şəhərindən 75 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Xaltan kəndində olmuşam.
Əvvəllər Qubadan Xaltana gedib çıxmaq üçün hətta səhərdən axşama qədər yol getmək lazım gəlirdi. İndi isə vəziyyət tamamilə dəyişib. Belə ki, ötən ilin sonlarında uzunluğu 50 kilometrdən Quba–Qonaqkənd yolunun asfaltlanmasından sonra o ətrafdakı kəndlərə gediş-gəliş çox asanlaşıb.
Xaltan camaatı da indi bu rahat və gözəl yoldan istifadə edir. Ümid edirlər ki, Qonaqkənddən Xaltana kimi yolun asfaltlanması da tezliklə mümkün olacaq. İnsafən, son illər cənab Prezidentin diqqət və qayğısı sayəsində Qubanın, Qusarın kəndlərində yol tikintisi çox sürətlə gedir.
– Nəhayət, sonuncu sual. Anatoli müəllim, hansı arzunuzu tezliklə gerçəkləşdirmək istərdiniz?
– Mən uzun illərdir Şuşanın azad olunmasını və oranı ziyarət etməyi arzulayırdım. Qorxurdum ki, birdən mənə bu arzuma çatmaq nəsib olmaz. Allaha şükür, indi gözəl və bənzərsiz Şuşamız azaddır. Fürsət düşən kimi, mütləq ora gedəcəyəm.
Mən orada Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 1992-ci ilin may ayının əvvəllərində Şuşanın müdafiəsi zamanı yağı düşmənə qarşı qeyri-adi şücaətlər göstərərək, həlak olduğu yerləri öz gözlərimlə görmək istəyirəm.
Döyüş dostları Alberti Şuşanın əfsanəsi adlandırırlar. Nə gizlədim, bir yəhudi olaraq bununla fəxr edirəm. Bu gün isə Şuşanın bütün fatehləri ilə fəxr edir, sonsuz qürur duyuram.
 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

16 Aprel 2021 08:31 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə