Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətənpərvərlik

Böyük tarixi şəxsiyyət Heydər Əliyev qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bu kəlam hər bir azərbaycanlının milli özünüdərkidir. Məhz buna görə də Vətənini sevənlərin hamısı ümummilli liderimizin ideoloji irsini öyrənə-öyrənə həmişə Azərbaycan dövlətçiliyinin əsgəri olub.

 

1993-cü ilin iyununda Azərbaycanda real dövlət çevrilişi təhlükəsi yarananda xalq Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Dahi şəxsiyyət Azərbaycanın dövlətçiliyi naminə bu təklifi qəbul etdi. Onun hakimiyyətə qayıdışı ilə dövlət çevrilişinin qarşısı alındı, milli qarşıdurma aradan qaldırıldı, uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. Dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr qurmağa maraqlı oldular. Dahi şəxsiyyətin fenomenal siyasətinin nəticəsi olaraq Azərbaycanda “Əsrin müqaviləsi” ilə başlanan neft strategiyası, Böyük İpək yolu kimi möhtəşəm layihələr dünyanın bir çox dövlətlərinin diqqətini cəlb etdi. Bunlar ümummilli liderin heyrətamiz vətənpərvərliyinin təsdiqi kimi yaşanıldı və əbədiyyən yaşanılacaq da. Yeniyetmələr də, gənclər də Vətəni necə sevməyi ən böyük azərbaycanlı olan dahi Heydər Əliyevin vətənsevərliyindən öyrənir və öyrənəcəklər.
Prezident İlham Əliyev müasir müstəqil Azərbaycanımızın dövlətçilik memarının siyasi yolunu uğurla davam etdirir. Azərbaycançılıq ideologiyası cəmiyyətin bütün sahələrini, eləcə də ordu quruculuğunu əhatələyir. Müstəqil dövlətçiliyimizin təməllərindən biri də azərbaycançılıq məfkurəsidir. Bu ideologiya qədim dövlətçilik tarixinə malik olan bir xalqın yaşama, var olma fəlsəfəsidir. Bu məfkurənin əsası vətənpərvərlikdir. Vətənpərvərlik Vətənə sevgidir. Abbas Səhhət deyirdi: “Vətəni sevməyən insan olmaz”. Vətənpərvərlik bu sevginin ən yüksək səviyyədə təzahürüdür. Xalqımızın adına ad, şöhrətinə şöhrət gətirən bütün dahilərin Vətən sevgisi belə sevgi olub. Əhməd Cavada “Azərbaycan marşı”nı, Üzeyir bəy Hacıbəyliyə bu marşa himni, Səməd Vurğuna “Azərbaycan” şeirini bu möhtəşəm sevgi yazdırıb. Böyük tarixi şəxsiyyətlərin Vətən sevgisi də böyük olur. Ulu öndər Heydər Əliyev azərbaycançılığı milli dövlətçiliyimizi möhkəmləndirmək vasitəsi kimi dəyərləndirərək deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq”.
Birinci Qarabağ müharibəsində onlarca gənc Vətən naminə, dövlət naminə qəhrəmanlıqlar göstərdi. Etibar Hüseynov özünü düşmən tankının altına atdı. Mayor Rasim İbrahimov əsir düşməmək üçün özünü də, onu dörd tərəfdən əhatəyə almış düşmənləri də partlatdı. Baloğlan Süleymanov düşmən tanklarının səfini pozmaq üçün qumbaraatanla onlara atəş açdı, döyüş belə davam etdi: Baloğlanla düşmənin tankları atışırdı. O, son nəfəsinə kimi döyüşdü.
Tərtərdə Vəzir Orucov döyüşlərdən əvvəl düşmənin arxasına keçər, əsgərlərimiz hücum edəndə geri çəkilən düşməni pulemyotla qırardı. Onlarca belə qəhrəmanlıqlar olub. Bunların hamısı vətənpərvərliyə söykənmişdi. Bu qəhrəmanlar Vətən borcu kimi döyüşürdülər. Mən seçicilərimlə görüşlərdə bu haqda danışıram da, eşidirəm də. Seçicilər Vətən sevgisinin ailədən başlandığını, məktəbdə davam etdirildiyini, ictimaiyyət arasında formalaşdırıldığını deyirlər.
Mübariz İbrahimovun qəhrəmanlığı hamını qürurlandırdı. O, 2010-cu il iyun ayının 18-də gecə yarı, kimsənin xəbəri olmadan bir kilometrədək məsafə qət edərək, düşmənin mövqeyinə, səngərlərinə atıldı. Şəhidliyini gözə alan qəhrəman erməni hərbçilərinə çox ağır tələfat verərək misilsiz hünər göstərdi.
Bu, həm ölümə, həm də ermənilərə meydan oxumaq idi. Düşmən Mübarizin fövqəlqəhrəmanlığından vahimələnib aylarla səngərdə səksəkələr içərisində yaşamışdı. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimovu düşmənin içinə, döyüşə mənəvi kamilliyi, hərbi anda sədaqəti, ən başlıcası isə vətənpərvərliyi aparmışdı.
Onun qəhrəmanlığından sonra təkcə ordumuzda deyil, cəmiyyətimizdə yeni bir qəhrəmanlıq mərhələsi, mübarizləşmə ənənəsi yarandı. Bunun təsiri idi ki, 2016-cı ilin sonunda Çingiz Qurbanov Tovuzda Mübarizin qəhrəmanlığını təkrarladı. Dekabrın 29-da Ermənistanla Azərbaycanın dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşdü, neçə düşməni məhv etdi və sonda şəhid oldu.
Ötən il ön xətdə xidmət edən bir əsgərin dedikləri heç vaxt yadımdan çıxmaz. O dedi:
– Azərbaycanda milli-azadlıq hərəkatı genişlənəndə müstəqillik mübarizlərinin sırasında atam da olub. Mən yaşda olanda. Yəni mən və mənim yaşıdlarım həm də atalarımızın düşüncələri ilə formalaşmışıq. Onların mübarizəsinin nəticəsi dövlət müstəqilliyimiz oldu. Atamgilin mübarizə apardığı illərdə səslənən “Ya qazi ol, ya şəhid” çağırışı bizə də aiddir. Onların əqidəsi bizim əqidəmizdir, o əqidə azərbaycançılıqdır, Azərbaycan dövlətçiliyidir, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır, torpaqlarımızın işğaldan azad edilməsidir.
Bu fikirləri dövlətə, dövlətçiliyə sədaqət kimi seçicilərimlə qürurla bölüşmüşdüm.
2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başlanan və Vətən müharibəsi kimi tarixləşmiş döyüşlərdə də əsl vətənpərvər qəhrəmanlarımız oldu. Onlar torpaqlarımızın işğaldan azad edilməsi üçün heç nədən çəkinmədən döyüşürdülər. Leytenant Elvin Şükürlünün taqımı Kəlbəcər istiqamətində gedən döyüşlərdə fədakarlıqla döyüşürdü. Döyüş ara verəndə komandir mehribancasına əsgərləri ilə görüşüb və “Siz qalib gələcəksiniz!”, – deyərək, heç kimə hiss etdirmədən, hətta, komandanlığa da bildirmədən düşmənin ciddi müqavimət göstərən, döyüşçülərimizin irəliləməsinə mane olan mövqeyinə doğru addımlayıb. Düşmən tərəfindən alınan məlumata görə, Elvinin atəş açmaq imkanı olmayıb. Qarşısına çıxan erməniylə əlbəyaxa olub, onu öldürüb. Sonra başqa ermənini, daha sonra üçüncünü, dördüncünü... Sonda isə düşmən səngərində şəhid olub. Bu hünər, belə döyüş vətənpərvərliyin təsdiqidir. Elvinin vətənpərvərliyi taqımın döyüş ruhunu, qisas hissini kükrədib. Döyüşçülərdən birinin “Komandirimizin qisasını almadan Əzrayıla can vermərəm!” kəlmələrini hamı döyüş andı bilib. Əsgərlərimiz döyüşü taqım komandirlərinin şəhidliyinin ruhu ilə davam etdirək onun qisasını alıblar.
Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, azərbaycançılıq Azərbaycanı qoruyub saxlamaq, dövlətçiliyi möhkəmlətmək vasitəsidir. Azərbaycan gəncliyi böyük tarixi şəxsiyyətin bu kəlamını öyüd-nəsihət kimi düşüncələrinə köçürüb uğurlar qazanır.
Vətən müharibəsinin ilk qələbələrini xalqımız torpaqlarımızın işğaldan qurtuluşunun başlanğıcı bildi. Hamı özünü ruhən döyüşənlərin sırasında sanırdı. Nənələr döyüşənlərə əlcək, corab, jaket toxuyurdu, o günlərdə analar döyüşənlərin ehtiyacı olmasa da onlara ev yeməkləri – dolma, qutab bişirib göndərirdilər. Ağsaçlı bir ananın dediklərini də heç zaman unutmaram: “Onların hər biri mənim şəhid oğlumun qardaşıdı. Oğlum sağ olsaydı, indi onların sırasında idi”.
İnanıram ki, xalqımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına böyük vətənpərvərliklə qoşulacaq, işğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərində əsl vətəndaş kimi iştirak edəcəklər.
 

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

16 Aprel 2021 08:21 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə