Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilər arxeoloji abidələrimizi də bərbad günə qoyublar

Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı(ATMAMT) İctimai Birliyinin dini, tarixi və mədəni abidələrimiz erməni vandalları tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair hesabatında mühüm məlumatlar yer alıb.
Arxeoloji abidələr Dağlıq Qarabağ və ona bitişik ərazilərdə çox qədim tarixə malikdir. Eləcə də daş və torpaq sədlər, ağac və ya daşdan tikilmiş qədim mühafizə divarlarının qalıqları, dini xarakterli ərazilər, ziyarətgahlar, məbəd və monastrların qalıqları, dini mərasimlərin keçirildiyi güman edilən ərazilər, qəbiristanlıqlar və kurqanların yaşı min illərlə ölçülür. Torpaqlarımızın işğalı müddətində həmin ərazilərdə daşı-daş üstə qoymayan ermənilər arxeoloji abidələrə də vəhşiliklə divan tutublar.
"Mədəni irs bir xalqın milli-mədəni, tarixi sərvəti olsa da, bu nümunələr, ümumilikdə, bəşəriyyətə məxsusdur və bəşər mədəniyyətinin tərkib hissəsidir. Odur ki, bir xalqın mədəni irsinin digər xalqlar və ya millətlər tərəfindən dağıdılması, formasının dəyişdirilməsi, məhv edilərək vandalizmə uğradılması beynəlxalq konvensiyalara görə yolverilməzdir” – deyə ictimai birliyin sədri Faiq İsmayılov bildirib. Onun sözlərinə görə, torpaqlarımız ermənilər tərəfindən işğal olunduğu dövrdə terrora məruz qalan maddi-mədəniyyət nümunələri içərisində çox sayda tarixi abidələr də yer alıb. Belə ki, Azərbaycanın işğal altındakı ərazilərində arxeoloji qazıntılar aparmaq məqsədilə Ermənistan hökuməti tarix elmləri doktoru Hamlet Petrosyanın rəhbərliyi ilə komissiya yaradıb. 2000-ci ildən etibarən daimi fəaliyyət göstərən bu komissiya Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlarda, o cümlədən Xocalı, Xocavənd, Xankəndi, Ağdam, Şuşa, Kəlbəcər və Laçın rayonlarının ərazilərində olan arxeoloji abidələrin dağıdılması ilə məşğul olub: "Bu dağıntıların həyata keçirilməsində, Ermənistanın ali və orta ümumtəhsil məktəblərinin şagird və tələbələrini və eləcə də Qarabağın erməni əhalisini səfərbər ediblər. Ermənistan hökuməti və “Daşnaksütyun” terror təşkilatının nümayəndələri bu komissiyanı beynəlmiləlləşdirərək tərkibinə Böyük Britaniya, İspaniya, Niderland və İslandiyadan mütəxəssislər cəlb ediblər. Onların bu qeyri-qanuni fəaliyyəti nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların ərazilərində kurqanlar, küp qəbirlər, qədim təsərrüfat yerləri, eləcə də Xocalı-Gədəbəy mədəniyyətinə aid bütün arxeoloji mədəniyyət nümunələri dağıdılaraq yerlə yeksan edilib”.
Ekspert bildirir ki, düşmən ölkənin arxeoloqları tərəfindən təşkil edilən bu qanunsuz arxeoloji qazıntılar zamanı ermənilər tərəfindən yer altında olan qiymətli maddi mədəniyyət nümunələri əldə edilərək Ermənistana daşınıb. Dağlıq Qarabağ ərazilərinə nəzarət olunmaması, belə qazıntıların kütləviləşməsinə və tarixi tapıntıların Ermənistana daşınmasına səbəb olub.
F.İsmayılovun araşdırmasına görə, Ağdam rayonunun Şahbulaq ərazisindəki qədim yaşayış məskənlərini və kurqanları istismar etmək üçün Ermənistan hökuməti 2000-ci ildə arxeoloji kəşfiyyat qrupu yaradıb. 2000-ci ildən Ermənistanın Qarabağa göndərdiyi arxeoloji qrup Ağdam rayonunun Şahbulaq ərazilərində qanunsuz arxeoloji fəaliyyətlə məşğul olub. Bu qanunsuz fəaliyyətə maliyyə dəstəyi Ermənistanın “Erkir” ictimai təşkilatlar birliyinə məxsusdur. Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində əsgərlər səngər qazarkən arxeoloji abidələr üzə çıxmışdı. Xankəndi şəhəri ətrafında da oxşar qeyri-qanuni arxeoloji qazıntılar aparılıb.
Dağlıq Qarabağda erməni vandalizminə uğrayan Xocavənd rayonunun Salakətin kəndi yaxınlığında olan Azıx paleolit düşərgəsi dünyada məşhurdur. Bu mağara da işğal müddətində erməni saxtakarlığından kənarda qalmayıb.
Mənbələrə görə, yaşı milyon ildən artıq olan Azıx mağara düşərgəsi insanlıq tarixinin ən qədim mərhələlərinin ardıcıllığını əks etdirən yeganə abidədir. Ocaqların (700 min il əvvəl), tikili qalığının (350-400 min il əvvəl) aşkar edildiyi Azıx mağarası bu göstəriciləri ilə dünyada cəmi bir neçə ən qədim abidələrdən biridir. Azıx mağarası dünya arxeologiya elmində müstəsna əhəmiyyətə malik abidələrdəndir.
AMEA Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında 1960–1986-cı illərin iyun-iyul aylarında Azıx paleolit düşərgəsində kompleks şəkildə arxeoloji qazıntı işləri aparıb. Kür–Araz çayları vadisində Quruçay dərəsinin sol sahilindəki Tuğ çökəkliyində yerləşən Azıx mağarası qədim dövrün mədəni abidəsi kimi UNESCO-nun mədəni irs siyahısına düşüb. Tədqiqatlar göstərir ki, Azıx mağarası öz qədimiliyinə, çox təbəqəliliyinə, arxeoloji cəhətdən zənginliyinə görə dünyada yeganə abidədir. Bu mağarada qədim və orta paleolit daş alətlərin texnikasından onların təkamül dərəcəsini müəyyən etmək mümkün olub. Azıx mağarasında aşkar olunmuş fauna və arxeoloji materiallar Azərbaycan ərazisində azıxantropların təsərrüfat fəaliyyəti haqqında geniş təsəvvür yaradıb. Belə bir möhtəşəm abidə Ermənistan hökuməti tərəfindən 1992-ci ildən 2001-ci ilədək silah anbarı kimi istifadə edilib, 2001-ci ildən etibarən mağarada qanunsuz arxeoloji qazıntılara start verilib.
Qırx dörd günlük Vətən müharibəsindəki qələbəmizdən sonra digər arxeoloji abidələrlə yanaşı, Azıx mağarası da əsarətdən azad oldu. Bu yaxınlarda işğaldan azad olunan ərazilərə səfər edən ölkə başçısı İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Azıx mağarasına baş çəkərək “Azıx mağarası dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir” – deyə bəyan etdi: “Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici ölkə alimləri burada qanuni yollarla tədqiqatlar aparacaqlar”.
F.İsmayılov sonda dedi ki, Azərbaycan tərəfi dəfələrlə beynəlxalq qurumlara, təşkilatlara müraciət edərək ermənilərin işğal olunan ərazilərimizdə abidələrimizə divan tutduğu, dağıdıb məhv etdiyi barədə narahatlığını bildirib. Lakin təəssüf ki, bu məsələyə hələ heç bir beynəlxalq qurum münasibət bildirməyib.
 

Hazırladı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

15 Aprel 2021 05:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə