Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ombudsman Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Ombudsman Aparatından "Xalq qəzeti"nə, S. Əliyeva görüşdə Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə mütəmadi inkişafda olan sıx əlaqələrin məmnunluq doğurduğunu qeyd edib. O, Vətən müharibəsi dövründə Türkiyənin dövlət və xalq səviyyəsində ölkəmizə dəstək nümayiş etdirməsinin önəmini vurğulayıb. Ombudsman həmin dövrdə Türkiyə səfirliyinin işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan haqlı mübarizənin, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrinə etdiyi hücumların dünya ictimaiyyətinin diqqətinə çatıdırılması istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirib.

S. Əliyeva Türkiyə Ombudsman İnstitutu ilə səmərəli əməkdaşlıq, Türkiyə Baş Ombudsmanı Şərəf Malkoçun 44 günlük müharibənin gedişində və müharibədən sonra Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, insan hüquqlarının pozulması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətə diqqət çəkib. Görüşdə Ombudsman eyni zamanda, Türkiyə Baş Ombusmanının dəvəti ilə bu yaxınlarda Türkiyəyə etdiyi səfər zamanı ölkənin yüksək rütbəli dövlət rəsmiləri ilə keçirdiyi məhsuldar görüşlər barəsində danışıb.

Öz növbəsində səfir Erkan Özoral fəaliyyət dövrü ərzində səmərəli əməkdaşlığa görə Ombudsmana təşəkkürünü bildirib. O, iki ölkə arasında müxtəlif sahələr, o cümlədən insan hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlığın inkişafının mühüm önəm kəsb etdiyini vurğulayıb. E.Özoral Azərbaycanda səfir olduğu müddətdə qardaş xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verməkdən, Vətən müharibəsinin Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnməsinə şahidlik etməkdən qürur duyduğunu qeyd edib. 

14 Aprel 2021 15:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə