Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Prezidenti Liviyanın Baş naziri ilə görüşüb

Türkiyə tərəfindən Liviyaya göstərilən dəstək Tripolinin çöküşünün, yeni kütləvi qətllərin qarşısını alıb və bu ölkədə atəşin dayandırılmasını təmin edib. Belə bir bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Liviyanın Baş naziri Əbdülhəmid Dibeydə ilə birgə mətbuat konfransında çıxış edib. Məlumatı “Anadolu” verib. 

 

Ərdoğan deyib: “Liviyada hüququ, ədaləti və legitimliyi müdafiə etmək əvəzinə dövlət çevrilişinin və qiyamçıların tərəfində duranlar ölkədə baş vermiş kütləvi qətllərin iştirakçısı olublar”.

Onun sözlərinə görə, Liviyanın suverenliyinin, ərazi bütövlüyünün və siyasi vahidliyinin qorunması, eləcə də Liviya xalqının rifahı Türkiyənin əsas məqsədidir: “Bundan sonra prioritetimiz Liviya Milli Birlik Hökumətinin bütün ölkədə hakimiyyətini və suverenliyini təmin etməkdir. Ankara bu məsələdə hərtərəfli dəstəyini göstərəcək. Liviyada sülh, sakitlik və çiçəklənmənin təmin olunması üçün birgə səyləri davam etdirəcəyik”.

Ərdoğan bildirib ki, Türkiyə və Liviya arasında dəniz sərhədləri ilə bağlı memorandum hər iki ölkənin milli maraqlarını və gələcəyini təmin edir.

Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti Liviyada seçkilərin razılaşdırılmış vaxtda keçirilməsinə dəstək verməyə çağırıb: “Ümid edirəm ki, liviyalıların maraqlarına zidd olaraq, legitim olmayan oyunçuları dəstəkləmək yolu ilə bu ölkədən faydalanmaq dövrü artıq başa çatıb”.

Prezident Ərdoğan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Liviyaya 150 min doza peyvənd göndəriləcəyini də qeyd edib.

Xatırladaq ki, Türkiyə– Liviya danışıqlarının yekununda birgə bəyanat qəbul edilib. Bəyanatda Liviyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü dəstəklənir, ölkədə atəşkəsin daimi və davamlı olmasına Türkiyənin mühüm töhfələr verdiyi qeyd edilir. Eyni zamanda, Şərqi Aralıq dənizində tərəflərin hüquqlarına təminat verilməsinin, dialoq və əməkdaşlığın dəstəklənməsi məqsədilə regional konfransın keçirilməsinin vacibliyi bəyan edilir.

Bundan əlavə, tərəflər arasında beş razılaşma imzalanıb. Bunlar Liviyada elektrik stansiyasının tikilməsi haqda protokol, daha üç elektrik stansiyasının inşası, Tripoli aeroportunda yeni beynəlxalq terminalın və ticarət mərkəzinin tikintisi və KİV sahəsində strateji əməkdaşlıq ilə bağlı niyyət memorandumlarıdır.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

14 Aprel 2021 09:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə