Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyanın iqtidar partiyası növbəti kanslerin namizədliyini təsdiqləyib

Almaniya Kansleri Angela Merkelin lideri olduğu Xristian Demokrat İttifaqı Partiyasının icraiyyə komitəsi aprelin 11-də növbəti lider kimi Armin Lasşetin namizədliyini dəstəkləyib. Bu barədə Berlindəki mənbələrə istinadən “Amerikanın səsi” radiosu məlumat yayıb.

 

Məlum olduğu kimi, 16 ildir Almaniyaya rəhbərlik edən Angela Merkel beşinci dönəmə namizədliyini irəli sürməkdən imtina edib.

60 yaşlı A.Lasşet isə bildirib ki, bu ilin sentyabr ayında keçiriləcək ümumxalq səsverməsində kansler kimi namizədliyini irəli sürməyə hazırdır. Yeri gəlmişkən, A.Merkelin rəhbər koalisiyasına daxil olan Bavariya Xristian Sosial Birliyinin lideri, 54 yaşlı siyasətçi Markus Soeder də hökumətə rəhbərlik etmək arzusunda olduğunu bildirib, ancaq məsələni A.Lasşet ilə dostcasına həll edəcəyini deyib. Almaniyanın ən çox əhali yaşayan Şimali ReynVestfaliyanın əyalətinin baş naziri olan A.Lasşet bu ilin yanvarında Bavariya Xristian Sosial Birliyinin lideri seçilib. O, mərkəzçi siyasətçi hesab olunur və A.Merkelin daxili və xarici siyasət kursunu davam etdirəcəyi düşünülür. Maraqlıdır ki, A.Lasşet A.Merkelin ölkədə koronavirus ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri tam dəstəkləmir, M.Soeder isə pandemiya zamanı A.Merkelə güclü dəstək verir. Lakin ikincinin təmsil olunduğu partiyanın heç bir lideri bu vaxta qədər Almaniya kansleri ola bilməyib. Burada bir vacib məqam da var. Belə ki, Xristian Demokrat İttifaqı Partiyası Almaniyanın 16 əyalətindən 15-də fəaliyyət göstərir, Xristian Sosial Birliyi isə cəmi bir əyalətdə təmsil olunur. Siyasi təhlilçilərin fikrincə, məhz bu amil A.Lasşetin federal seçkilərdə vahid namizəd kimi irəli çıxmasında mühüm rol oynayacaq.

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”  

14 Aprel 2021 09:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə