Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğalçının mina xəritələrini təqdim etməməsi onun faşist xislətinin təzahürüdür

Ermənilər otuz il ərzində torpaqlarımızı işğal alında saxlayaraq, istismar ediblər, təbii resurslarımızı oğurlayıblar, kəndlərimizi, şəhərlərimizi dağıdıblar. Bu, düşmənin vəhşiliyindən, barbarlığından, vandal xislətindən xəbər verir. Yağıdan azad edilən ərazilərimizdə salamat bir bina, bir infrastruktur belə qalmayıb. Hər yer xarabalığa çevrilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, təhqir edilib.

 

Müharibədən sonra azad edilən torpaqlarda təəssüf ki, tez-tez bədbəxt hadisələr baş verir. Bu bədbəxt hadisələr mənfur düşmənin işğaldan sonra bütün yaşayış sahələrini, infrastrukturu, təmas xəttinə yaxın olan əraziləri, yolları, önəmli strateji yüksəklikləri minalaladığını göstərir. İşğalçı bununla kifayətlənməyərək, müharibədən sonra təhlükəli zonaların xəritəsini verməkdən belə imtina edir.
Otuz illik işğal dövründə və müharibə zamanı ərazini total şəkildə minalayan Ermənistanın həmin ərazilərin xəritələrini təqdim etməməsi, Azərbaycan tərəfinin daha çox insan itkiləri verməsinə çalışması, müharibəni bu üsulla davam etdirməsi – bütövlükdə bu fəaliyyət erməni faşizminin növbəti təzahürüdür. Təcavüzkar ölkə minaladığı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməklə yeni formada müharibəni, terror siyasətini davam etdirir. Ermənistan revanşizmdən, terrorizm üsullarından əl çəkməli, Azərbaycanla konstruktiv əməkdaşlığı öyrənməlidir.
Ermənistan minalama ilə bağlı Azərbaycan dövləti və dinc əhali üçün problem yaradır. Odur ki, bu ölkə minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir. Aparıcı Qərb dövlətləri, beynəlxalq humanitar və insan hüquqları təşkilatları, habelə onların Azərbaycandakı nümayəndələri bu məsələyə diqqəti daha çox yönəltməlidirlər.
Ermənistan ordusu son iyirmi beş ildə yüz kilometrlərlə uzanan cəbhə xəttində taktiki cəhətdən sıx və etibarlı müdafiə yaratmaq üçün çoxsaylı qoşun və resurslara malik olmaması səbəbindən əsas zirehli qüvvələrini Azərbaycanın hücumu ehtimal olunan istiqamətlərdə cəmləşdirməyə üstünlük vermişdi. Müdafiə zolağının “açıq” qalan əraziləri isə minalarla bağlanırdı. Ermənistan ordusu Qarabağda əsasən sovet istehsalı olan tankəleyhinə “TM-62”, piyada əleyhinə “PMN-2” və yerli istehsal “PMN-E” minalarından istifadə edib.
Ermənistanın bu günədək mina sahələrinin xəritələrini Azərbaycan tərəfinə təqdim etməməsi təmizləmə prosesini bir qədər də uzadır. Hava şəraitinin təsiri altında minaların zamanla sıradan çıxması və mina sahələrinin “yenilənməsi” də ərazilərdə mövcud olan mina sıxlığının artmasına səbəb olan amillərdəndir. 10-20 santimetr dərinliyində basdırılan minaların, iqlimin təsiri ilə bəzən 35 santimetr dərinlikdə aşkarlanmasına da rast gəlinir. Bəzi sursatların isə torpaqlarda daha dərinə nüfuz etməsi də təmizləmə prosesinin sürətinə mənfi təsir göstərir.
Hazırda bu çətin və şərəfli peşəni yerinə yetirən və minaların zərərsizləşdirilməsi işi ilə məşğul olan istehkam bölmələrimizin şəxsi heyəti çətin iqlim şəraitində fasiləsiz olaraq çalışmaqdadır. Onların əsas məqsədi minatəmizləmə proseslərinin ən qısa müddətdə tamamlanması və əhalimizin mümkün qədər tez ata-baba yurdlarına qayıtmasını təmin etməkdən ibarətdir. Dövlətimiz bunun üçün hər şeyi edir. Lakin ərazi və iqlim baxımından ərazilərin tam təmizlənməsi normativlərdən daha çox zaman tələb edir.
Onu da qeyd edim ki, minatəmizləmə prosesi həyata keçirilmədən hər hansı bir inkişafdan, qayıdışdan söhbət belə gedə bilməz. Yalnız bu iş başa çatdırılandan, yekunlaşandan, təhlükəsizliyə tam əmin olunduqdan sonra genişmiqyası bərpa-quruculuq tədbirlərinə başlamaq mümkündür. Bu gün o sahələrdə magistral və dəmir yollarının çəkilişi də məhz minalardan təmizlənmə prosesi ilə paralel aparılır.
 

Ədalət VERDİYEV,
hərbi ekspert

14 Aprel 2021 09:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə