Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb

Bu gün Azərbaycanda şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsində dövlətin institusional təşəbbüsləri müstəsna rol oynayır. Prtezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin məxsusi olaraq postmüharibə dövrü üçün işləyib hazırladığı əhatəli sosial dəstək paketi, ilk növbədə, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının, müharibə əlillərinin, erməni terrorundan zərər çəkmiş vətəndşların ən müxtəlif istiqamətlərdə sosial problemlərinin həllini nəzərdə tutur.

 

Belə zəruri institusional təşəbbüslər sayəsində dövlət siyasətinin sosialyönümlülüyü qorunur. Bu təşəbbüslər həm də müstəqil Azərbaycan dövlətinin həmişə olduğu kimi indiki qlobal pandemiya şəraitində və postmüharibə dövründə öz vətəndaşının yanında olmasının növbəti parlaq təzahürüdür. Bu gün Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir.
Təkcə belə bir faktı qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 döyüşçüyə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edib. Bundan əlavə, şəhidlərimizin ailə üzvlərinə aid 286, xəsarət almış hərbçilər üzrə 1323 kredit, 15 şəhidin və ciddi zərər çəkmiş 9 mülki şəxsin borc öhdəlikləri tamamilə silinib.
Ümumiyyətlə, Azərbaycanda hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. O cümlədən, şəhidlk, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı da nəzərə alınaraq, Azsığorta şirkətinin daxili idarəetmə potensialı artırılmışdır. Şirkətin fəaliyyəti müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır.
Yeri gəlmişkən qeyd edək ki, institusional təşəbbüslər milli birlik və həmrəylik mühitinin qorunub saxlanması və daha da genişləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu milli birliyimizin qorunması və bundan sonra daha da möhkəmləndirilməsi işinə verilən çox böyük bir institusional töhfədir. Bu fonda, məbləğindən asılı olmayaraq, böyük həvəslə vəsait köçürən hər bir azərbaycanlının işğaldan azad edilmiş ərazilərin bərpasında payı olacaq. Bu, əlbəttə ki, bizim milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq.
Fondun yaradılması ilə ərazilərin bərpa olunmasında dövlət–özəl sahə tərəfdaşlığının əhəmiyyəti özünü daha qabarıq şəkildə ifadə edir. Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət–özəl tərəfdaşlığının inkişafını təmin edir, eləcə də ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirir.
Bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, Qarabağ Dirçəliş Fondunun yaradılması dövlətin Qarabağ siyasətinin yeni bir təzahürüdür. Əminliklə demək olar ki, məhz bu siyasətin məntiqi nəticəsi olaraq, ən qısa zamanda işğaldan zad edilmiş ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər salınacaq, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək.
Vətəndaşların müraciətlərinə baxılmasında obyektivliyin təmin edilməsi üçün dövlətin irəli sürdüyü institusional təşəbbüslər artıq öz müsbət nəticələrini verməkdədir. Azərbaycan dövləti Vətən müharibəsində iştirak etmiş hər bir hərbçinin müraciətinə həssaslıqla yanaşır. Bu məqsədlə Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Bu komissiyanın bölgələrdə fəaliyyət göstərən səyyar qruplarının da işi təqdirəlayiqdir. Məsələn, təkcə Füzuli rayonu ərazisində fəaliyyət göstərən belə bir səyyar qrup tərəfindən qısa zamanda 100-dən artıq müraciətə baxılıb, onların böyük hissəsi yerində həll olunub, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Əlbəttə ki, sosial himayə təşəbbüslərini xarakterizə edən əsas göstəricilər əlçatanlıq və şəffaflıqdır. Buna görə də komissiyanın fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesinə media nümayəndələri də cəlb olunurlar. Bütün bu qeyd edilənlər bir daha göstərir ki, Azərbaycanda postmüharibə dövrü üçün hazırlanıb gerçəkləşdirilən əhatəli sosial dəstək proqramı yüksək humanizmi və işləkliyi ilə cəmiyyətdə böyük məmnunluq doğurur.
 

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı

14 Aprel 2021 09:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə