Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın beyin mərkəzləri səylərini birləşdirməlidir

Aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı beyin mərkəzləri nümayəndələrinin qarşısında etdiyi parlaq çıxışı zamanı bildirib ki, 30 il çəkmiş Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatıb və regionda yeni reallıqlar yaranıb.

 

Ermənistanın taktikası danışıqlar prosesində iştirakla bağlı imitasiya yaratmaq və hər vəchlə bu prosesi uzatmaq, işğal etdiyi torpaqları öz əlində saxlamaq idi. Nəhayət, səbri tükənən Azərbaycan öz sözünü döyüş meydanında deməyə məcbur oldu və münaqişəni güc yolu ilə həll etdi.
Hazırkı postmünaqişə mərhələsində Qarabağda bərpa və quruculuq işləri getdiyini söyləyən dövlət başçısı ermənilərin işğalda olan bölgələrdə daşı-daş üstə qoymadıqlarını faktlar əsasında nəzərə çatdırıb.

Minalardan təmizləmə, infrastrukturun bərpası üzrə genişmiqyaslı işlər görüldüyünü bildirən Prezident İlham Əliyev deyib ki, Azərbaycan Qarabağda əsas infrastruktur layihələrini 3 il ərzində başa çatdır - mağı planlaşdırır. Ölkəmiz sülhpərvər siyasətə sadiqdir və qarşı tərəfin də mənasız revanşist yanaşmadan əl çəkərək, məhz dinc yanaşı yaşamaq iradəsi göstərməsini gözləyir.

Acı xatirələr unudulmur. Əzəli Azərbaycan torpaqları 30 il işğal altında qalıb. Amma həyat davam edir və sabaha baxmaq lazımdır. Çıxışında bu barədə fikirlərini çatdıran Prezidenti İlham Əliyev azərbaycanlılar və ermənilərin necə qarşılıqlı əlaqə qura biləcəklərinə aydınlıq gətirib. “Mən düşünürəm ki, bu, xeyli dərəcədə istəkdən, siyasətçilərin müdrikliyindən asılı olacaq. Hesab edirəm ki, biz burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Əlbəttə ki, Ermənistan tərəfi əgər bunu istəyirsə... Biz onların niyyətlərinin nə olduğunu bilmirik, bu, işlənib hazırlanmayıb. Mən bir neçə dəfə aydın şəkildə bildirdim: Biz hesab edirik ki, münaqişə səhifəsi artıq geridə qalıb. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən bununla bağlı hər hansı mesaj almamışıq. Ermənistan Baş naziri sakitdir, Ermənistan xarici işlər naziri aqressivdir... Onlar müharibədə nələrin baş verdiyini xatırlamalıdırlar. Ermənistan müxalifəti panikadadır. Azərbaycanafobiya, türkofobiya, əvvəllər də olduğu kimi, ən böyük məsələdir”.
Zəngəzur məsələsinə toxunan Prezident nankor qonşularımızın daim tarixi təhrif etdiklərini bildirib və deyib ki, əslində, o yerlər də qədim Azərbaycan ərazisidir. Azərbaycan tarixini silmək istəyən ermənilər belə öyrədilib ki, guya, onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri. Başqa misallar da var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar.
Dövlətimizin başçısı bu faktları söyləyərək bildirib ki, onun bu fikirləri ərazi iddialarımızın olması anlamına gəlməsin. Biz hazırda perspektivi düşünməli, birgə səylərlə regionda möhkəm sabitliyə nail olmalıyıq.
Eyni zamanda, ermənilərin indiyədək sərgilədiyi faşist xislətindən bütün dünyanın xəbərdar olması vacibdir. Onlar tərk etməyə məcbur olduqları ərazilərdə nələr törətməyiblər? Elə döyüşlərin getdiyi vaxt münaqişə zonasından uzaq rayonlarımıza qadağan olunmuş hansı raketlərdən zərbələr vurmayıb və dinc əhalini qətlə yetirməyiblər? Bunlar artıq gizlədilməsi heç cür mümkün olmayan faktlardır. Konfransdakı çıxışında Prezident İlham Əliyev bu barədə də danışıb: “Xocalı soyqırımını törədən, əli dinc azərbaycanlıların qanına batmış Sarkisyan qaz kəmərlərimizi vurmaq üçün “İskəndər”dən istifadə etmədiyinə görə Paşinyanı tənqid edib. Bu, hərbi cinayətdir. Dövlətimizin başçısı qeyd edib ki, Movsesyan “İskəndər”ləri bizə qarşı istifadə etdiklərini etiraf edib. Sonra isə “İskəndər”dən istifadə edilməsinin videogörüntüsünü əldə etdik. Mən bunu araşdırmaq üçün tapşırıq verdim və onları tapdıq”.
Əlbəttə, bunlar Ermənistan tərəfindən törədilən ilk müharibə cinayətləri deyil. Onlar Birinci Qarabağ müharibəsində də belə cinayətləri törədiblər. Lakin o vaxt informasiya mühiti fərqli idi və cinayətləri gizlətmək mümkün idi. İndi isə vəziyyət başqadır və hər şey asanlıqla aşkarlana bilir. Prezident qeyd edib ki, Birinci Qarabağ müharibəsində ermənilər çox sayda günahsız mülki insanları yandırıb, öldürüblər. Bir çox kəndlər erməni barbarlığının qurbanı olub: “İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atıblar. Onlar Bərdəni bombalayıblar. Onlar Naftalana bomba ataraq beş nəfərlik ailəni qətlə yetiriblər. Onlar elə güman edirdilər ki, bizim şəhərlərimizə və kəndlərimizə hücum etməklə bizi dayandıra biləcəklər”.
Döyüş zonasından uzaq olan qədim Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Özü də bir dəfə deyil, bir neçə dəfə baş verdi. Onlar bundan sonra həyasızcasına dedilər ki, həmin raketləri atanlar ermənilər deyil. Başqa kim ola bilərdi ki? Biz özümüz? Ermənilər Xocalı soyqırımının günahını da bizim üzərimizə atmaq istəyir, nağıllar uydurur, beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdılar ki, azərbaycanlılar özləri günahsız insanlarını qətlə yetiriblər.
Öz xalqından heç nəyi gizlətmədiyini söyləyən Prezident İlham Əliyev hesab edir ki, xalq hər şeyi bilməlidir. Elə Rusiya Prezidenti Vladimir Putinlə “İskəndər-M” raketi ilə bağlı məsələni müzakirə etdiyini söyləməsi, onun tapşırığı ilə Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktub göndərməsi, lakin hələlik bizə heç bir cavab alınmadığını söyləməsi bunun bariz nümunəsidir. Rəsmi Yerevanın raketlər barədə bəyanatını qəribə adlandıran Prezident İlham Əliyev deyib: “Onlar gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyirlər. Deməli, hər halda istifadə olunub. Biz Ermənistandan rəsmi cavab gözləyirik. Deyə bilərəm ki, bizdə yetərincə məlumat var, amma biz rəsmi açıqlama gözləyirik”.
Çıxışında diqqəti münaqişədən sonrakı inkişaf və əməkdaşlıq məsələlərinə cəlb edən Prezident xüsusi olaraq vurğulayıb ki, bunun üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ciddi ehtiyac var. Əsas narahatlıqlardan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atılacaq. Dövlətimizin başçısı deyib ki, Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə–İran, Gürcüstan–Türkiyə, Rusiya–İran üçtərəfli əməkdaşlığı daxildir. Beləliklə, bu stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş riskləri sıfır olmalıdır.
Yaxşı haldır ki, indi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Regionun gələcəyi, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyi birlikdə müzakirə edilir. Dövlətimizin başçısı Xəzəryanı qonşularla əlaqələrin uğurla inkişaf etdiyini söyləyib və bunun ən böyük hissəsinin nəqliyyata aid olduğunu bildirib. Çünki Azərbaycan bu gün nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən biridir. Buradan okeana birbaşa çıxış olmasa da, ölkəmiz Şərq–Qərb, Cənub–Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edir. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub. Lakin əməkdaşlıq yalnız bununla bitmir. Birgə ticarəti artırmaq, daha yaxşı imkanlar əldə etmək məqsədilə mühüm addımlar atılır.
Onu da əlavə edək ki, "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri tədbirdən sonra Hərbi Qənimətlər Parkı ilə tanış olublar. Qonaqlara parkda nümayiş etdirilən və Ermənistanın müharibə cinayətlərini sübuta yetirən eksponatlar barədə məlumatlar verilib. İştirakçıların orada gördükləri konfransda söylənilənlərin əyani sübutları, əşyayi-dəlilləri idi. Ziyarətçilərə təqdim olunan eksponatlar mayası təcavüzkarlıqla və saxtakarlıqla yoğrulmuş Ermənistanın işğalçı ordusunun vətənpərvər Silahlı Qüvvələrimizin qarşısında duruş gətirə bilməyərək hərbi texnikasını döyüş meydanında qoyaraq qaçdığını göstərməklə yanaşı, Azərbaycan Ordusunun qüdrətini əks etdirirdi.
 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

14 Aprel 2021 09:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə