Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk dövlətlərinin birlik nümayişi

Son illər ərzində türkdilli ölkələr arasında münasibətlər yeni inkişaf mərhələsinə daxil olub, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlıq daha da möhkəmləndirilib, mədəni dəyərlərin qorunması ilə bağlı layihələrin gerçəkləşməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilib.
Şübhəsiz ki, bütün bu məsələlərin reallaşmasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) önəmli rol oynayıb. Şuranın martın 31-də videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşündə də türkdilli dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər yüksək dəyərləndirilib.

 

Yeri gəlmişkən, Türk Şurasının qeyri-rəsmi Zirvə görüşü bir neçə cəhəti ilə diqqət çəkib. Belə ki, Azərbaycanın sədrliyi dövründə üçüncü dəfə reallaşan bu tədbir müzakirə olunan məsələlər baxımından xüsusi əhəmiyyət daşıyıb. Eyni zamanda, COVID-19 pandemiyasına baxmayaraq, Azərbaycanın Türk Şurasının fəaliyyətinin gücləndirilməsi istiqamətində göstərdiyi ardıcıl səyləri diqqətə çatdırılıb.
Hazırda Türk Şurasının fəaliyyətində regionda, habelə dünyada sülhün bərqərar edilməsi yönündə birgə səylərin gücləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elmi-texniki, hərbi, təhsil, enerji, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlıq prinsipləri xüsusi yer tutur.
Xatırladaq ki, Türk Şurasının Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən türk dövlətləri arasında əməkdaşlığın, həmçinin strateji tərəfdaşlığın yeni formatı müəyyənləşdirilib. Bu qurum ötən müddətdə zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq müstəqil türk respublikaları arasında təhsil, elm və mədəniyyət, iqtisadiyyat, nəqliyyat, turizm sahələrində tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi ilə bağlı müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platforma kimi çıxış edib.
Prezident İlham Əliyev Türk Şurasının qeyri-rəsmi Zirvə görüşündə bu quruma üzv ölkələrin Vətən müharibəsində Azərbaycana mənəvi-siyasi dəstək nümayiş etdirdiklərini vurğulayaraq deyib: “Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin... Türk Şurası sentyabrın 28-də – müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk...”.
Türk Şurasına üzv ölkələr arasında qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirib.
Ümumiyyətlə, Türkiyə hər zaman Azərbaycan xalqının yanında olub, ölkəmizin haqlı mövqeyinə qəti və birmənalı dəstək göstərib, daim sevincimizi və kədərimizi bölüşüb. Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli siyasi əlaqələr iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şərait yaradıb. İki ölkə arasında keçirilən işgüzar tədbirlər çoxşaxəli biznes əməkdaşlığını genişləndirməklə, yeni layihələrin həyata keçirilməsinə təkan verib. Bütün bunların nəticəsində regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrini uğurla həyata keçirən iki qardaş ölkə mühüm nəqliyyat-logistika mərkəzlərinə çevrilib.
Bu gün Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Cari ilin martından qüvvəyə minən Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsi məqsədi daşıyır. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsis edilməsi planlaşdırılan Ticarət Nümayəndəliyi də qarşılıqlı ticarətin artmasına töhfə verəcək.
Azərbaycandakı əlverişli biznes mühitindən yararlanan sənaye, tikinti, ticarət, xidmət, nəqliyyat, kənd təsərrüfatı və rabitə sahələrində fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı getdikcə artır. Bu gün Azərbaycanda qardaş ölkənin 4200-dən çox şirkəti fəaliyyət göstərir. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkədir. Azərbaycanın ən çox investisiya yatırdığı ölkə də məhz qardaş Türkiyədir. Bununla belə, Azərbaycanın investisiya imkanlarının daha geniş tanıdılması məqsədilə Türkiyənin müxtəlif şəhərlərində “Road Show” tədbirinin təşkil edilməsi planlaşdırılır.
Türk Şurasına üzv ölkələr arasında olan Qazaxıstanın da Azərbaycana münasibəti xüsusi diqqət çəkir. Belə ki, ölkələrimiz arasında mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın uzunmüddətli strategiyası Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və sonradan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qurulub. Bu gün Prezident Kasım-Jomart Tokayev dəyişməz çoxşaxəli xarici siyasət kursunu davam etdirərək, Azərbaycanla hərtərəfli əlaqələrin bundan sonra da möhkəmlənməsinə böyük əhəmiyyət verir.
Qeyd edək ki, bu iki dövlət arasında sərmayə, ticari-iqtisadi, yanacaq-energetika, tranzit-nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət-humanitar və digər sahələrdə qarşılıqlı faydalı ikitərəfli və çoxtərəfli əməkdaşlıq ildən-ilə genişlənir. Beynəlxalq gündəliyin aktual məsələlər üzrə mövqelərin yaxınlığı ahəngli dialoqa yol açır.
Xatırladaq ki, indiyədək Qazaxıstanda Azərbaycan iştirakı olan 570 hüquqi şəxs, eyni zamanda, 221 birgə müəssisə qeydiyyatdan keçib. Elbasının təşəbbüsü ilə “Nurlı Jol” proqramı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq fəal şəkildə həyata keçirilib. Bununla yanaşı, əlaqələrin möhkəmlənməsində Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu magistralının səmərəli fəaliyyəti mühüm önəm daşıyıb. İkitərəfli iqtisadi əməkdaşlığın qurulmasına, həmçinin Ticari-İqtisadi Əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın işi də öz töhfəsini verib.
Türk Şurasına üzv ölkələr arasında əlaqələrin getdikcə möhkəmlənməsində ötən dövrdə nəqliyyat sektoruna xüsusi diqqət yetirilib. Şuranın VII Zirvə Görüşündə Prezident İlham Əliyev deyib: “Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı–Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi də Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir”.
Yeri gəlmişkən, xatırladaq ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bir neçə gün bundan əvvəl Anadolu agentliyinə açıqlamasında cari ilin ilk rübündə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2 min 468 vaqonla 154 min 836 ton yük daşındığınə, bu göstəricinin isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çox olduğunu diqqətə bildirib. Türkiyənin nəqliyyat və infrastruktur sahəsində böyük layihələr həyata keçirdiyini diqqətə çatdıran A.Karaismailoğlu, eyni zamanda, Bakı-Tbilisi-Qars xətti üzərindən qurulan Türkiyə-Rusiya (Türkiyə-Gürcüstan-Azərbaycan-Rusiya) “Şimal-Cənub” nəqliyyat dəhlizinin daşınan müxtəlif təyinatlı yüklərin nəqlində böyük artım gözlənildiyini vurğulayıb.
Azərbaycan Qazaxıstan üçün də artıq tranzit ölkəyə çevrilib. Həm enerji daşıyıcıları, həm də digər yüklər Azərbaycan ərazisindən keçir. Azərbaycan və Qazaxıstan Xəzər dənizində uğurlu fəaliyyət göstərirlər. Eyni zamanda, bu ölkələrin əsas ixrac yolları Türkiyə ərazisindən keçir və beləliklə, bu amillər quruma üzv ölkələri bir-birinə daha da sıx bağlayır.
Hazırda işğaldan azad olunan Qarabağda bərpa-yenidənqurma işləri sürətlə aparılır. Bu quruculuq prosesində iştirak edən ölkələr sırasında dost türk dövlətləri daha çox diqqət çəkir. Bu barədə Prezident İlham Əliyev deyib: “Dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb… Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər”.
Türkiyə, Qazaxıstan və Özbəkistan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda, investisiya yatırmaqda maraqlıdır.
Ağdamda səfərdə olan Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub. İndi qarşıda quruculuqla bağlı böyük işlər durur. Türk Şurasına üzv ölkələr işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməlidir. Özbəkistan artıq quruculuq və infrastrukturun bərpası üçün öz köməyini təklif edib. Biz hazırda mütəxəssislərlə birgə bərpasında iştirak edəcəyimiz obyektləri müəyyənləşdiririk. Bizim inşaatçılar bu ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Məndə olan məlumata görə, Özbəkistan bir məktəbin tikintisini həyata keçirərək Azərbaycan xalqına hədiyyə edəcək. Ən başlıcası, bu torpaqlara sülhün qayıtmasıdır”.
 

V. BAYRAMOV, “Xalq qəzeti”

14 Aprel 2021 09:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə