Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır

Hərbi Qənimətlər Parkına gələn hər bir insan ordumuzun, silahlı qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışındakı çıxışından
Bakı, 12 aprel 2021-ci il

 

 

Təbii ki, istənilən məsələ barədə hazırlayacağımız qəzet materialının bəzi məqamları elə faktla tanış olduğumuz ilk anlarda formalaşır. Bakıda Hərbi Qənimətlər Parkının açılışı mərasimi barədə televiziya ilə verilən materiallara baxanda da bunun şahidi oldum. Yadıma düşən ilk fikirlər belə idi: Ermənilər işğal etdikləri ərazilərimizdəki damı, daşı, divarları söküb qənimət kimi apardılar. Təbii sərvətlərimizi, qızıl yataqlarımızı talan etməyi qənimət bildilər. Soydaşlarımızın var-dövlətini, mal-qoyununu, xalça-palazını, mədəniyyət nümunələrimizi, minlərlə dəyərli eksponatımızı oğurlamağı qənimət hesab etdilər. Bütün bunların dəyəri bəlkə də yüz milyard manat olardı. Ancaq bizim Bakıda yaratdığımız Hərbi Qənimətlər Parkının dövlətimizin nüfuzuna, ordumuzun reytinqinə gətirdiyi xeyirin dəyərini dünyanın heç bir alimi və ya institutu hesablaya bilməz.

 

Deyilənə görə, Əmir Teymur düşmənin qürurunun əlindən alınmasını ən dəyərli hərbi qənimət hesab edib: “Mən onun qürurunu əlindən aldımsa, əsgəri də, məmləkətinin əhalisi də onun arxasınca getməyəcək”.
Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında nəinki müstəqil Ermənistana rəhbərlik edən və etmiş quldurların, hətta, dünya erməniliyinə rəhbərlik etmək iddiasında olan bütün terrorçu və təxribatçı hayların hamısının qürurunu döşəmə silən əsgiyə döndərdi. Aprelin 12-də ziyalı dostlarımızdan biri dedi ki, ermənilər 44 günlük müharibədən, kapitulyasiya aktının imzalanmasından sonra bəlkə də özlərinə gələ bilər, dövləti ayaq üstünə qaldırmağı bacarardılar. Çünki ar-namus bilməyən, sırtıq və abırsız məxluqlardır. Amma onlar Bakıda Hərbi Qənimətlər Parkının dünya ictimaiyyəti üçün açıq elan edilməsindən sonra çətin ki, özlərinə gələ bilələr. Bu parkın açılması onlara kapitulyasiya sənədinin imzalanmasından da ağır zərbə oldu.
Hələ, bu, az imiş kimi, ötən il dekabrın 10-da keçirilmiş Zəfər paradında da həmin texnikaların bir qismi nümayiş etdirilmişdi. Elə həmin günlərdə Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürmüşdü. Bu istiqamətdə görülən genişmiqyaslı işlər artıq yekunlaşıb və açıq səma altında nadir park salınıb.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev Hərbi Qənimətlər Parkı ilə tanış olduqdan sonra 44 günlük müharibədə igidlik və rəşadət göstərdiyinə görə təltif olunmuş hərbçilərin bir qrupu ilə görüşdü. Fikrimcə, dövlət başçımızın həmin görüşdəki çıxışı açıq səma altında bədxahlarımıza keçilən açıq dərs idi. Təhsil müəssisələrindəki açıq dərslərdən fərqli olaraq, dövlət başçımızın dərsində bədxahlarımıza tarixlə yanaşı, ordu quruculuğu, siyasi diplomatiya, gənclərlə iş və bir çox başqa “fənnlər” də öyrədildi. Ən başlıcası, İlham Əliyev rəqib düşərgəyə baş verənlərdən ibrət götürməyin vacibliyini də söylədi və ibrət götürməyəndə nələrin ola biləcəyini vurğuladı.
Maraqlıdır, Ali Baş Komandan yığcam bir çıxışda onlarca məsələyə toxundu. O, ötən əsrin əvvəllərində – Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin qədim Azərbaycan torpaqları olan İrəvan xanlığı ərazisində dövlət qurmasına icazə verməyimizin səhv addım olduğunu xatırlatdı. Onu da yada saldı ki, ermənilər sovet dönəmində də Azərbaycana ərazi iddiaları etsələr də, ulu öndər Heydər Əliyev bu istiqamətli bütün cəhdlərin qarşısını almağa nail olmuşdu. Əsrin sonuncu onilliyində qazandığımız dövlət müstəqilliyinin ilk illərində isə ermənilərin əlinə, sözün həqiqi mənasında, heç zaman olmayacaq bir fürsət düşmüşdü.
Həmin günləri xatırladan dövlət başçımızın fikrincə, müstəqilliyimizin elan edilməsindən dörd ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət törətdi, vəhşilik törətdi. Dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar vardı. Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır: “Məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC–Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi”.
Daha sonra isə ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi – Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu videomateriallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədirlər. Ordunu gücləndirmək, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər. Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub.
Elə o səbəbdən də xalq onu israrla ölkə rəhbərliyinə dəvət etdi və məqsədinə nail oldu. Heydər Əliyev isə Azərbaycan xalqının dəstəyinə arxalanaraq hakimiyyətə gələndən sonra bütün xoşagəlməz hallara son qoydu, bütün qanunsuz silahlı birləşmələri tərksilah etdi, ölkədə sabitlik, qayda-qanun yaradıldı və nizami ordu quruculuğuna başlandı.
Prezidentin çıxışının əsas məqamlarından biri də düşmən üzərindəki şanlı qələbəmizə aparan son 17 ilin xarakterizə edilməsi idi: “Mən 2003-cü ildə hakimiyyətə gələrək, Prezident vəzifəsinə başlayaraq söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim. Azərbaycanın ərazi bütövlüyü 17 il ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir güzəşt edilmədi. Halbuki təzyiqlər də olmuşdur, təhdidlər də olmuşdur. Mənə qarşı çevriliş cəhdləri olmuşdur”.
Nəticələr isə göz qabağındadır. İlham Əliyev Azərbaycanı regionun ən güclü dövlətinə, dünyanın ən islahatçı ölkəsinə, ordumuzu isə dünyanın ən güclü əlli ordusundan birinə çevirmişdir. İkinci Qarabağ müharibəsi isə ölkəmizin nələrə qadir olduğunu bir daha göstərdi: “ Biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq”.
Dövlət başçımızın fikrincə, biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik: “Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.
Hərbi Qənimətlər Parkı haqqında danışan dövlət başçımız xatırlatdı ki, burada nümayiş etdirilən texnika məhv edilmiş və qənimət götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir: “125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilmişdir və qənimət kimi götürülmüşdür”.
Dövlət başçımız regionun sabahı haqqında danışarkən də özünəməxsus bir qətiyyət nümayiş etdirdi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”.
Cənab Prezident daha böyük fəxr və iftixar yaradan qənaətini isə çıxışının sonunda səsləndirdi: “Bizim qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır”.
 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 

 

14 Aprel 2021 08:55 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə