Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həkim: Yaz fəslində daha çox kəskinləşən xəstəliklərlə əlaqədar bu profilaktik tədbirlər görülməlidir

İnsanlar qış fəslini geridə qoyub, yaz ab-havasına daxil olur. Əhali bəzən günəşli havaya aldanıb nazik geyimlərə üstünlük verir. Lakin unutmaq olmaz ki, qışdan yeni çıxan insanın immun sistemi zəif olur, nəticədə xəstəliklərlə mübarizə çətinləşir.Yazın gəlişi zamanı “qan qaynamaq” ifadəsi əbəs yerə deyilmir. Bu fəsildə qan təzyiqində müəyyən dəyişikliklər olur. Nəzərə alsaq ki, hazırda Covid-19 pandemiyasının yoluxma sayının günbəgün artığı bir zamandayıq, hər birimiz bu mövzuya daha həssaslıqla yanaşmalı, öz sağlamlığımızın qayğısına qalmalıyıq.

Bununla bağlı “Xalq qəzeti”nə danışan həkim-pediatr Günay Rəsulova bildirdi ki, yaz fəslinin gəlişi ilə əlaqədar bəzi xroniki xəstəliklərdə kəskinləşmə görürük:

“Yaz fəslində daha çox kəskinləşən xəstəliklər allergiya, mədə-bağırsaq xəstəlikləridir. Hansı ki, bu xəstələr il boyu stabil, remisiya vəziyyətindədirsə, yazqabağı onlarda artıq həmin xəstəliklərə qarşı günlük şikayətlər başlayır. Üstəlik, yazda ağacların, çiçəklərin tozlanma periodunda havada uçuşan toz hissəcikləri daha çox allergik xəstəliklərdən allergik rinit, astma, bronxial astmanın kəskinləşməsinə gətirib çıxarır. Ona görə də yaz fəslinin gəlişi ilə əlaqədar allergik insanlar profilaktik tədbirlər görməlidir. Həmin xəstəliklərin kəskinləşməsinin qarşısının almaq üçün mütləq həkimə müraciət etmək lazımdır. Bu fəsildə insanlarda bəzən yaz depressiyası deyilən halsızlıq, yorğunluq, tezyorulma kimi hallar olur. Bunların da qarşısını almaq üçün bol vitaminli qidalara üstünlük verməli, həm pandemiya, həm də digər mövsümi xəstəliklər baxımından insanlarla sıx təmasdan çəkinmək lazımdır. Açıq havada çox olmalıdır. Mümkünsə, səhər saatlarında təmiz havada idman hərəkətləri etməlidir ki, bədən müqaviməti, immuniteti artsın. Pandemiyanın yaz fəsli dəyişkənliyi ilə əlaqəsinə gəlincə, həm Covid-19 pandemiyasından, həm digər mövsümi yaz xəstəlikləri infeksiyalarından qorunmaq üçün insanlar sosial məsafə saxlamalı, məcbur qalmadıqca bir-biri ilə görüşməməli, bol vitaminli qidalanmalı, çoxlu maye qəbul etməli, vaxtında yatmalı, stressdən maksimum özlərini qorumalıdırlar.  Sinir sistemində yaranan stressin insanların immunitetinin aşağı düşməsinə səbəb olur”.

 

           Sücayət Mehtili,

          “Xalq qəzeti”

13 Aprel 2021 12:48 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə