Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyada turizm mövsümü iyunun 2-də açılacaq

İtaliyada yay turizm mövsümü iyunun 2-də – Respublika Günündə açıla bilər.

Bu bəyanatla İtaliyanın turizm naziri Massimo Qaravalya çıxış edib. Nazir məsələni şərh edərək deyib: “Bu, daha gec müddətə planlaşdırıla bilməz, əks halda turistlər uğrunda mübarizə digər rəqibdövlətlərə uduzulacaq”.

Onun sözlərinə görə, hökumət xarici qonaqların qəbul edilməsi üçün bir sıra şərtləri nəzərdən keçirir. Aparıcı turizm rayonlarında əhalinin əksər hissəsi vaksinasiya edilməlidir. Bu, prosedur ölkəyə daxil olan səyahətçilər üçün də keçərlidir. Həmçinin onlar müvafiq sertifikat təqdim etməlidir. Bunun alternativi isə koronavirus testinin mənfi nəticələri ola bilər. “Aprel ayının sonlarında Kapri, İski və Sorrento əhalisinin vaksinasiyasına başlanılacaq. Siciliya və Sardiniya kimi iri adalarda da immunizasiya prosesi keçiriləcək”, - deyə nazir bildirib.

Turizm Nazirliyinin planları ölkəninn Baş naziri Mario Draqi tərəfindən də dəstəklənib. Nazirlər Kabinetinin rəhbəri ölkədəki yay turizm məkanlarının əksəriyyətinin artıq italiyalılar tərəfindən tutulduğunu və xarici turistlərin yoxluğunun əsasən, “incəsənət şəhərlərinə” mənfi təsir göstərdiyini deyib.

Xatırladaq ki, İtaliyada məhdudiyyətlər rejimi aprelin 30-dək davam edəcək. Ölkəyə daxil olan əcnəbilər koronavirus testindən keçməlidir. Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün beş günlük, digər dövlətlərin vətəndaşları üçün isə iki həftəlik karantin qaydaları müəyyənləşdirilib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

13 Aprel 2021 02:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə