Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngilan və Qubadlı ərazilərində erməni ekoloji terroru

Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında ekoloji terror törədib. Qədim tarixə, nadir maddi və mənəvi irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ düşmən tərəfindən vəhşicəsinə istismar edilib. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqlar, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli fərmanı ilə verilmiş tapşırıqlara əsasən, ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılmış əməliyyat qərargahlarında təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qubadlı və Zəngilan rayonlarında monitorinqlər aparmışlar.
Məlum olmuşdur ki, Arazboyu bütün binalar, tarixi abidələr, qəbiristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılıb.
Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib. Cənab Prezident Zəngilan və Qubadlıya səfəri zamanı yolboyu bu yerlərdə törədilən ekoloji terrorla bağlı demişdir: “Baxın, ağacları necə qırıblar. Baxın, vəhşi düşmən neyləyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar.”
Avropada yeganə təbii çinar meşəsi Zəngilan rayonundadır. Bəsitçay vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı Bəsitçay Dövlət Təbiət Qoruğuna məxsusdur. Qoruq 1974-cü ildə mərhum akademik Həsən Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Təəssüf ki, bu çinar meşəsi də ermənilər tərəfindən qırılıb və məhv edilib.
Zəngilan rayonunun Rəzdərə kəndində çinar meşəsinin yerləşdiyi ərazidə ermənilər ağac emalı sexi açmışdılar. Sex fasiləsiz olaraq işlədilirdi, mebel materialı istehsal olunurdu. Ətrafda olan çinar, qoz, palıd ağaclarını ucdantutma qırıb istifadə edirdilər. Ermənilər qırılan ağacların yerini itirmək üçün onun kökünə partlayıcı maddə qoyub dağıdır, sonra isə yandıraraq cinayətlərinin izini itirməyə çalışırdılar. Ərazidə saxlanılan mal-qaraya cavan pöhrələr yedizdirilir, toxumdan əmələ gələn cücərtiləri məhv edirdilər. Belə faktlar isə ekoloji terrordan başqa bir şey deyildi.
Daha bir fakt. Zəngilan rayonunun Muğanlı kəndində 100 milyon dollar dəyərində yeni ağac emalı zavodu tikilib. Onun istifadəçiləri İsfahan erməniləri idi. Guya bu zavodun əsas xammal bazası Araz çayından axıb keçən ağaclardır. Halbuki, zavodun istifadəyə verilməsinin başlıca məqsədi Zəngilanın və ətrafdakı digər işğal edilmiş rayonların meşələrinin kökünün kəsilməsi idi. Əlbəttə ki, başlıca zərbə yenə də ağacların şahı olan çinarlara dəydi. Bu barədə bir neçə dəfə beynəlxalq konfranslarda məsələ qaldırmışdı. Çünki Bəsitçay vadisindəki çinar meşəsi təkcə Azərbaycana deyil, bütün Avropa təbiətinə məxsus olan nadir inci idi.
Azərbaycanın ən iri çaylarından olan Arazın sol qolu Oxçuçay öz mənbəyini Ermənistandan götürür və Zəngilan rayonu ərazisində 43 kilometrədək axaraq Araza qovuşur. Ermənistan tərəfindən Oxçuçayın ən ağır formada çirkləndirilməsi də böyük ekoloji terrordur.
1951-ci ildən istismara verilmiş Ermənistanın Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tullantı sularının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələr də yol verilən qatılıq normadan 1000 dəfələrlə çoxdur.
İşğal dövründə əraziyə heç bir nəzarət olmadığına görə təmizləyici qurğuların və çökdürmə sahəsinin istismar müddətini artırmaq, onsuz da çatışmayan elektrik enerjisinə qənaət etmək üçün bütün çirkab birbaşa Oxçuçaya axıdılaraq, onu “ölü zona”ya çevirmişdi.
Hazırda işğaldan azad edilmiş yasaqlıq ərazisində monitorinqlər aparılmaqdadır.
Erməni vandallığını sübut edən faktlardan biri də, sovet dövründən xüsusi qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş minillik qədim ağacların qəsdən kəsilməsi və zəngin təbiət tarixinin bilərəkdən silinməsinə şərait yaradılmasıdır. Belə ki, bir neçə gün ərzində aparılan monitorinqlərin nəticələrinə görə, Zəngilan və Qubadlı ərazilərində yaşı 1600, 900 və 500 il olan Şərq çinarları məhv edilmışdir. Bu ağacların yerində bitən 2 metrə qədər pöhrələri bu qədim çinarların bir neçə il əvvəl kəsildiyini təsdiq edir.
Dövlət başçımız Qubadlıda olarkən buranın təbiətinə, gözəlliyinə heyran olduğunu bildirmişdir. Cənab Prezident demişdir ki, Qubadlı ölkəmizin ən gözəl rayonlarından biridir və qısa müddət ərzində burada lazım olan bütün bərpa işləri də nəzərdə tutulur. Xarici ekspertlər cəlb olunub, dəvət edilib, onlar bütün qiymətləndirmə işlərini aparacaqlar. Videosənədlər, fotosənədlər toplanır, bütün dəymiş ziyan hesablanacaq. Bizim torpaqlarımız, təbii ehtiyatlarımız istismar edilirdi. Zəngilan rayonunda qızıl yatağı istismar edilirdi. Azad edilmiş digər ərazilərdə də, həmçinin. Bütün bunların hesabını Ermənistan dövləti verəcək.
1969-cu ilin iyulunda Qubadlı Təbiət Yasaqlığı Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır.Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ- bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu) və quşları (qırqovul) qorumaq idi. Sahəsi 20 000 hektardır.
Qubadlı rayonunun videoçəkilişi zamanı Hal və Məmər kəndlərindən rayon mərkəzinə gedən asfalt yolun sağ və solunda, həmçinin görüntülərdə müşahidə olunan həyətyanı sahələrdə doğranmış çoxillik ağacların kötükləri görünür. Həmin ərazidə ötən illərdə törədilmiş yanğının qalıqları aydın seçilir. Kəndlərdə yaşayışdan və iridiametrli çoxillik ağaclardan əsər-əlamət yoxdur. Bütün ərazini kəsilmiş ağacların 2-3 illik pöhrələri, böyürtkən kolları basmışdır.
Əlbəttə, belə faktlar çoxdur. Amma, bu rayonların ərazisində məhv edilmiş təbiətin yenidən canlandırılması üçün tədbirlər görülməsinə start verilmişdir.
 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

13 Aprel 2021 02:37 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə